“Məni pis başa düşmə, dilənçi deyiləm, pul kisəmi itirmişəm...”
Buna görə də dilənçilərin bir çoxu artistlik və yalan danışmaq qabiliyyətindən istifadə edərək fərqli üsullarla dilənməyə başlayıblar. Belələri adətən normal geyim-kecimdə olur və özlərini dilənçi kimi yox, sadəcə, “pul kisəsi oğurlandığı” və ya “yadından çıxıb evdə qoyduğu üçün” əlacsız qalan, “evə getməyə yol pulu tapmayan” və məcburiyyətdən insanlara əl açan zavallı şəxs kimi təqdim edirlər.
Haqqında danışdığımız şəxslər əsasən metro çıxışlarında, gediş-gəlişin gur olduğu küçələrdə dayanırlar. Bu qeyri-rəsmi dilənçilər insanlara yaxınlaşaraq müxtəlif bəhanələrlə pul istəyir. Bu bəhanələr əsasən belə olur: “Pul kisəmi oğurlayıblar, yolda qalmışam. 20 qəpik verə bilərsənmi?”; “Səhv avtobusa minmişdim, cibimdəki son qəpiyi verdim, evə qayıtmaq üçün mənə 20-40 qəpik verə bilərsən?”, “Qardaş, məni pis başa düşmə, amma siqaret almaq üçün mənə pul verə bilərsən?” və sairə.
Polislər bu cür dilənçilərdən baş çıxara bilmir. Çünki onların geyim və səliqələrinə baxanda dilənçi olduğunu təxmin etmək çox çətindir. Elə bəlkə də buna görədir ki, onların sayı durmadan artır. Biz də dilənçilərin daha çox yığışdığı “Neftçilər” metrosu yaxınlığında müşahidə apardıq. Metronun girəcəyində dayanıb bir neçə şəxsə yaxınlaşan səliqəli geyimli orta yaşlı kişi diqqətimizi çəkdi. 20-25 dəqiqəlik müşahidəmizdən məlum oldu ki, bu yuxarıda söhbət açdığımız “qeyri-rəsmi dilənçi”lərdəndir.
Bu şəxs əsasən gənc oğlanlara yaxınlaşaraq pul kisəsinin oğurlandığını və naəlac qaldığını bildirərək, “çox yox, mənə yol getmək üçün 20 qəpik verə bilərsiniz?” deyirdi. Pulu alan bu orta yaşlı adam daha sonra avtobus dayanacağına doğru üz tutub, özünü elə göstərirdi ki, sanki indi avtobusa minəcək. Pul aldığı gəncin gözdən itdiyini görüncə yenə eyni metodla digər “seçdiyi şəxsə” yaxınlaşırdı. Qeyd edək ki, o, bu yolla 20-25 dəqiqə içərisində xeyli pul yığa bilmişdi.
Metro keçidlərində diqqətimizi daha bir gənc çəkdi. Bu gənc də səliqəli geyimdə əlində dini yazılar olan kağızlar və xalq arasında “Ətağa” adı ilə bilinən Ağa Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadənin şəkillərini paylayaraq qazanc əldə edirdi. O, əvvəlcə şəkli yoldan keçənlərə uzadır, daha sonra “Allah rizası üçün nə verərsəniz verin” deyirlər. Onu da “qeyri-rəsmi dilənçilər” kateqoriyasına daxil etmək olar. Ona bunu satmağın günah olduğunu deyəndə isə əslində bu işi könüllü etdiyini, sadəcə, “evdə xəstəsi olduğu üçün” qarşılığında pul istədiyini söylədi. Bu qədər şəkli haradan əldə etdiyini soruşduqda gənc oğlan ona inanmadığımızı və pul verməyəcəyimizi anlayaraq sualımızı cavabsız qoyub digər şəxslərə doğru getdi. Buradan da aydın görünür ki, bu da dilənməyin artıq başqa bir üsuludur.
Daha sonra “Neftçilər” metrosu yaxınlığında 4-5 yaşlarında kiçik körpə uşağı yerdə oturdub qarşısına dəmir balaca qab qoyan qadına yaxınlaşdıq. Bizi görüb uşağı qoyub uzaqlaşan qadından niyə körpəyə belə zülm etdiyini soruşduq. Qadın qəddarcasına “uşaq mənimdi, mən bilərəm, kefimdən diləndirmirəm, ehtiyacım var, uşağı dünyaya elə dilənsin deyə gətirmişəm”- deyib uzaqlaşır.
Bir az irəlidə daha bir neçə uşağa rast gəlirik. Adının Emin olduğunu deyən 8 yaşlı bu balacanı söhbətə tuta bilmək üçün pul verib, niyə diləndiyini və yığdığı pulları nə etdiyini soruşuruq. Balaca oğlan yığdığı pulları böyüyünə verdiyini deyir: “Mən yığdığım pulları heç nə etmirəm, böyüyümüzə veririk. Biz hamımız bir evdə qalırıq. Bir dəfə yığdığım puldan 2 manat özüm üçün gizlətdim. Onu da bilib əlimi yandırdılar”.
Uşağın bizimlə söhbət etdiyini görən bir qadın uzaqdan uşağı çağırdı...
Qeyd edək ki, dilənçilərin bu cür fırıldaqlarla insanların səmimiyyətindən və saflığından istifadə edərək pul qazanması cəmiyyətdə insanların bir-birinə olan inamını, güvənini gündən-günə azaldır. Bu tip qeyri-rəsmi dilənçilərin ucbatından doğrudan da bir gün pul kisəsini itirib yolda qalan insanlara da artıq şübhə ilə yanaşırıq.
Günel MANAFLI
Fotolar müəllifindir






