İnsanlara hürriyət, millətlərə istiqlal!

VƏHHABİLƏR AZƏRBAYCANDA SÜNNİ-ŞİƏ QARŞIDURMASI YARATMAQ İSTƏYİR

2301 04.08.2009 08:42 Mənəviyyat A A
«Cümə axşamı məscidə gedib namaz qıldıq. Arxadan ünvanımıza nalayıq sözlər işlədildiyini eşitdik. Buna əhəmiyyət verməyib ibadətimizi davam etdirdik. Namazdan sonra da evlərimizə qayıtdıq. Cümə günü yenidən məscidə gedəndə Ənvər adlı ağsaqqal qapıları bağlayıb dedi ki, bura şiə məscididir, gedin, öz məscidinizdə namaz qılın. Burada əhli sünnə camaatının namaz qılmasına icazə verilməyəcək. Təxminən 35 nəfər idik, ona iradımızı bildirəndə kobud formada bizi məscidə buraxmaqdan imtina etdi», - deyə Yavər Mirzəzadə bildirib. 
Şikayətçinin sözlərinə görə, daim məscidin həyətində olan Ənvər və Rüstəm adlı şəxslər məscidin işıqlarını söndürüb qapılarını bağlamaqla namaz qılmağa gələn əhli sünnə camaatını (onlar həm də «vəhhabilər» kimi tanınır - E.H.) içəri buraxmırlar. Y.Mirzəzadənin dediyinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı zona şöbəsinin Sumqayıt şəhəri üzrə nümayəndəsi Neyman Əhədov da əhli sünnə camaatının namaz qılması üçün sözügedən məscidə buraxılmayacaqlarını söyləyib: «Qarşıdan müqəddəs Ramazan ayı gəlir. Bu ayda Teravih namazları qılınır. Bu insanlar qarşıdurma yaratmaqla bizim Azərbaycan Konstitusiyasının müvafiq maddələrində təsbit olunmuş hüquqlarımızı pozurlar. Kədərlisi odur ki, bu haqsızlıq vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsi üçün münasib şəraitin yaradılması işini həyata keçirməli olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin gözü qarşısında baş verir». O, bu gün komitəyə müraciət edəcəklərini vurğulayıb.
Sumqayıt Cümə məscidinin axundu Hacı Rauf isə «Turan» İnformasiya Agentliyinə açıqlamasında məsciddə ayrı-seçkiliyə yol verilmədiyini deyib: «Hər gün şiələr və sünnilər məsciddə namaz qılır». Axundun sözlərinə görə, həmin şəxslər yalnız ötən həftənin cümə axşamı məscidə gəlib və namaz qılıblar: «Cümə günü isə gecə saat 12 radələrində gəliblər. Bu vaxt isə məscid bağlı olur». Hacı Rauf həmçinin əhli sünnə camaatının təhqir olunması ilə bağlı yazılanları qəti təkzib edib: «Cümə məscidində ibadət zamanı heç kimin təhqirinə yol verilmir».
Qeyd edək ki, bəzi təhlilçilər məsələyə fərqli prizmadan baxırlar. Onların fikrincə, konkret halda söhbət əslində vəhhabilərin «sünni» adı ilə gündəmə gəlib təbliğatlarını genişləndirmək, eyni zamanda sünni-şiə qarşıdurması yaratmaq cəhdlərindən getməlidir: «Çünki Hacı Raufun da təsdiqlədiyi kimi, Azərbaycan sünni-şiə məsələsində ənənəvi olaraq tolerant ölkə kimi tanınır və indiyədək iki məzhəb arasında hansısa gərginlik yaşanmayıb».

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR