Mənəvi lütlər ölkəsi
Azərbaycan... Bu söz bizə çox söz deyir, həm də heç nə demir.
Azərbaycan - bizə torpağının altından tutmuş, kanalizasiya iyi verən dənizinə qədər neftinin olduğunu deyir. Həmin neftdən gələn pulların haraya, daha doğrusu kimin cibinə getdiyini demir. Azərbaycan - bizə ölkədə demokratiya olduğunu deyir. Amma harada olduğunu göstərmir. Azərbaycan - bizə güclü ordumuzun olduğunu deyir, lazım gəlsə Qarabağı alacağımızı deyir. Amma lazımın nə vaxt gələcəyini demir. Bir sözlə, Azərbaycan bizi aldadır. Biz də dözümlü xalq olaraq bu yalanlara dözürük.
Biz dözümlü xalq olduğumuzu hər zaman sübut etmişik, edirik və edəcəyik də. Bu yol dözümlü yoldur. Döyülsək də, söyülsək də, ölsək də bu yol bizim yolumuzdur.
Xülasə, dözüm mövzusuna qayıdaq. Yollardan çox danışmayaq. Bu işə biz baxmırıq. Məmmədovlar yollara gözləri kimi baxırlar. Gözlərini yola dikiblər. Elə də olmalıdır. Çörəkləri oradan çıxır. Yenə mətləbdən kənara çıxdım. Qayıdaq dözümlü olmağımıza.
Dözümlüyük. Hansı ölkənin vətəndaşı illər boyunca “lüt” gəzə bilər? Bizdən başqa heç kim... Lüt olmaq təkcə geyimlə ölçülmür. Bizim, şükür olsun Tanrıya, ayıb yerlərimizi örtmək üçün xaricdən gələn “əncir yarpaqlarımız” import paltarlarımız var. Oramızı-buramızı örtürük. Böyük hissəmiz metro keçidlərindəki dükanlardan geyinirdi. Tağı Əhmədov getdi, o dükanlar da bağlandı. Yenə söhbətdən çox kənara çıxmamış qaldığımız yerə dönək.
Bizim lüt olmağımız dediyim kimi paltarla deyil. Bizim hər şeyimiz var, amma yenə də lütük. Çünki adı bizimdir, dadı hakimiyyətdəkilərin. Əslində belə də demək olar; düşünün ki, siz geyim dükanında işləyirsiniz. 20 ildir həmin dükanın işçisiniz. Nə olsun? Dükandakı geyimlərin hamısı mağaza sahibinindir. Sizin deyil ki. Biz də eyni vəziyyətdəyik xanımlar və cənablar. Azərbaycanın hər şeyi var, amma bizim deyil. Ola da bilməz. Azərbaycan halal zəhməti ilə qazandığı var-dövləti bizimlə paylaşası deyil ki. Amma bizim nəyimiz varsa onların hamısı Azərbaycanındır. Deməyin ki, elə deyil. Azərbaycan istəsə hər şeyinizi əlinizdən ala bilər. Çaşdım, istəsə yox, lazım gəlsə.
Bundan əlavə biz mənəvi də lütük. Haqqını tələb etməyən biri savad, cəsarət, iradə, hünər, vətəndaşlıq cəhətdən lütdür. Bədənin üzərinə olan geyimlərin sayının heç bir fərqi yoxdur. Bu insan mənəviyyat cəhətdən lütdür.
Yarpaqdan çox danışdım. Ağlıma 3 ton heroin düşdü. O işin axırı necə oldu? Kimin üstündə qaldı? Əslində bu vaxta qədər səs çıxmamasını anlayıram. Bir-iki kibrit qutusu deyil ki kiminsə cibinə atasan. 3 tona yaxın heroini cibə yerləşdirmək çətin olar. Çətin olar dedim, mümkün deyil demədim. Çünki maşallah, tfu-tfu göz dəyməsin, biz bu işləri yaxşı bacarırıq.
Əslində lüt olmaq yaxşıdır. Lütün cibləri olmur. Bu daha təhlükəsizdir. Amma yenə də bilmək olmaz...






