İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmurun yeni dövrdə yeri... -"Zəfər hökuməti"nin sirri

2340 16.02.2024 18:33 Siyasət A A

Fevralın 16-da ölkənin yeni Baş naziri təyin olundu və Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi.
Zəfər seçkisindən sonra istefaya göndərilmiş Nazirlər Kabinetinin tərkibində olmuş nazir, komitə və agentlik sədrləri, ikisi - ədliyyə naziri olmuş Fikrət Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Komitənin sədri olmuş Mübariz Qurbanlı istisna olmaqla, yeni tərkibdə yer alıblar.
Prezidentin kimlərlə işləyəcəyi, kimdən razı qalması, kimi yeniləməsi müstəsna hüququ və səlahiyyətidir. Bu baxımdan yeni hökumətdə əsasən əvvəlki komanda üzvlərinin təsdiqlənməsi müzakirə obyekti ola bilməz.

65cf45bf50d5765cf45bf50d58170808262365cf45bf50d5565cf45bf50d56.jpg (227 KB)

Ancaq istəsək də, istəməsək də xüsusən sosial şəbəkələrdə və pıçıltılarda “axı Prezident yeni dövr başladığını bəyan etmişdi, nazirlərin çoxu qaldı” kimi fikirlərə rast gəlirik.
Təbii, ağzı olan danışacaq və buna adekvat təhlillər də aparmaq ziyanlı deyil, faydalı olar.

Bu kontekstdə ilkin olaraq onu qeyd edə bilərik ki, əslində, Prezidentin komandasında indiki halda radikal dəyişiklik edəcəyini gözləmək naşılıq olardı. Əvvəla ona görə ki, nazir, komitə və agentlik sədrlərinin çoxu yaxın illərdə təyin olunmuş şəxslərdir: Baş nazirinin müavini Şahin Abdulla oğlu Mustafayev, daxili işlər naziri Vilayət Süleyman oğlu Eyvazov, elm və təhsil naziri Emin Eldar oğlu Əmrullayev, gənclər və idman naziri Fərid Fazil oğlu Qayıbov, xarici işlər naziri Ceyhun Əziz oğlu Bayramov, kənd təsərrüfatı naziri Məcnun Qadir oğlu Məmmədov, mədəniyyət naziri Adil Qabil oğlu Kərimli, müdafiə sənayesi naziri Vüqar Valeh oğlu Mustafayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbi oğlu Nəbiyev, səhiyyə naziri Teymur Yusif oğlu Musayev, dövlət Gömrük Komitəsinin sədri Şahin Soltan oğlu Bağırov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl Qorxmaz oğlu İbrahimov, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Rauf oğlu Mikayılov...

Azsaylı "köhnələrdən"  isə ikisi kabinetdə yoxdur, bu postlara yeniləri təyin olunacaq.

İkincisi, Baş Nazir Əli Əsədov kifayət qədər səriştəli, bacarıqlı və özünü doğrultmuş şəxsdir.

Üçüncüsü, Zəfərimiz, ərazi bütövlüyümüzün təmini bu komanda ilə birlikdə əldə olunub. Bu ağır sınaqda Prezident komandasını daha yaxşı tanıya bilib, təbii olaraq.
İndi bu komanda yeni tendensiyanı, vəziyyətə uyğun davranışları daha dərinliklərdən bilir. Çünki hələ davam edən gərgin proseslərin birbaşa içərisindədirlər...
Görünən budur ki, Prezident İlham Əliyevin inauqurasiya zamanı söylədiyi kimi, başlayan yeni dövrdə bu komanda ilə işləməklə hədəflərə daha sürətli çatmağın mümkünlüyünü Dövlət Baba daha dəqiq bilir.


Dördüncüsü və ən vacibi: Məmur yeniləmək “yeni dövr”, yaxud yeni məmur “yeni dövr atributu, ölçüsü, meyarı” demək deyil. Yeni dövr siyasi, təhlükəsizlik, iqtisadi, sosial sahələrdə atılacaq inkişafa yönəlik addımlardır. Faktiki dövlət başçısı ölkəmizin yeni dövründə, yeni mərhələsində özünü doğrultmuş və püxtələşdirdiyi Zəfər komandası ilə davam etməyi daha məqsədəuyğun sayıbsa, bu, müzakirə mövzusu olmamalıdır. Çünki Prezident komandasını müəyyən edərkən bütün hədəflərinə uyğun, tam hesablanmış bir qərar verib – sınanılmış hökumətlə, dəngələri, dərinlikləri dəqiq bilən kadr bazası ilə məqsədlərə daha tez nail olmaq mümkündür. Məmur sadəcə bütün situasiyalarda və dövrlərdə ona tapşırılan işi icra edir, bacarmayan uzaqlaşdırılır, sabotaj edən sərt cəzalandırılır. Təcrübə bunu deyir.

Yeni dövrdə bölgədə, dünyada və Azərbaycana münasibətdə yaranmış tendensiyalara uyğun siyasət aparılacaq, paralel olaraq ölkədə sistemli islahatlar həyata keçiriləcək, bunlar daha çox hüquqi, sosial, təhlükəsizlik sahələrini və iqtisadi inkişafı əhatə edəcək. İslahat isə kadr dəyişikləri demək deyil və biz atılan köklü, sistemli addımların nələrdən ibarət olacağını qısa müddətdə müşahidə edəcəyik.


Elşad MƏMMƏDLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR