İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmurlarımızla rus nazirlərin oyununda baş verənlərin ilginc təfərrüatları

2833 08.07.2015 08:40 Ölkə A A
 

Azərbaycan komandasında  baş nazirin müavini Yaqub Eyyubov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, AFFA-nın baş katibi Elxan Məmmədov, milli komandanın keçmiş baş məşqçisi Şahin Diniyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, təhsil naziri Mikayıl Cabbarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Prezident Administrasiyasının şöbə müdiri Azər Əmiraslanov, millət vəkilləri Fazil Mustafa, Adil Əliyev və digər rəsmi şəxslər çıxış ediblər.

“Rusiyalı deputat və nazirlərdən ibarət yığma komandanın qalib gəlməsinin əsas səbəbi onların bu sahədə təcrübəli olmaları ilə bağlıdır”. Bu sözləri modern.az-a açıqlamasında millət vəkili Fazil Mustafa azərbaycanlı deputat və nazirlərin rusiyalı həmkarlarına futbol matçında məğlub olmalarını şərh edərkən deyib.  O qeyd edib ki, rusiyalı deputat və nazirlər bu tərkibdə 5 il hər həftə məşq edirlər:

“Onlar eyni zamanda bir sıra matçlara bu tərkibdə çıxırlar, yoldaşlıq oyunlarında bir yerdə oynayırlar. Və onlar kimin harada oynayacağını, kimdən top alacağını yaxşı bilirdi. Bizdə isə kimin harada oynayacağı praktikası yox idi”.


F.Mustafa məhz bu səbəbdən daha sistemsiz oynadıqlarını və rusiyalı həmkarları ilə mübarizədə daha zəif olduqlarını vurğulayıb:

“Diqqət etsək, görərsiniz ki, orada 4 qolu Rusiya yığma komandasından Piryakov vurub. Oyun onun üzərində qurulmuşdu və onun formada olması bizim üçün problem yaradırdı. Mərkəz hücumçu olmasam da, orada oynamalı oldum. Mərkəz xətdə top qəbul edib, vurma imkanlarım fərqli idi və düşünürəm ki, məhz bu pozisiyada daha çox fayda verə bilərdim. Həm də bu heyətlə oynamağımız birinci dəfə idi. Ona görə də hər birimiz kimdən nə zaman top alacağımızı bilmirdik. Bunun üçün vərdiş olmalıdır”.

Deputat hesab edir ki, əgər bu heyət davamlı olaraq hər həftə futbol oynasa, yaxşı komanda formalaşdırmaq olar:

“Toplardan birini Şahin Dinyev, digərini isə Milli Məclisdən İlkin Müşfiqov vurub. Hər halda, revanş söhbəti var ki, Rusiyada oyun təkrar olunsun”.


“Rusiya rəsmiləri ilə keçirilən oyunun nəticələrindən razı deyiləm. Rusiya komandası həftədə bir neçə dəfə bir yerə toplaşıb məşq edir, futbol oynayırlar. Yəni onlar hazırlıqlı futbolçulardır. Bizim komandamız isə iki günün içində formalaşıb. Ona görə də nəticə gözlənilən idi”. Bu fikirləri isə azvision.az-a açıqlamasında Rusiya rəsmiləri ilə keçirilən futbol oyununda Azərbaycan komandasında çıxış edən Milli Məclisin deputatı Adil Əliyev deyib.

Deputatın sözlərinə görə, komandada ən yaxşı oyunu təhsil naziri Mikayıl Cabbarov nümayiş etdirib.

“Dalğa” İdman Arenasında baş tutan oyunu seyr edənlər arasında olan deputat Qüdrət Həsənquliyev isə onu narahat edən məsələlərdən bəhs etdi: “Yoldaşlıq görüşünün keçirilməsi çox normal bir şeydir. Əlbəttə, burada müəyyən siyasi məqamlar da var, xüsusilə Qərbin təzyiqlərinin artdığı bir dövrdə. Amma mənim ürəyimi ağrıdan bir məqam oldu. 


Bizim uduzmağımıza görə yox. Düzdür, uduzmaq hər zaman pisdir, amma bu, idmandır və orada peşəkar idmançılar oynamırdı. Ürəyimi ağrıdan bu idi ki, stadionda bütün elanlar ancaq rus dilində verilirdi. Biz müstəqil dövlətik. Bu, biabırçılıqdır, bunun başqa bir adı yoxdur. Bu işi təşkil edənlər bizim nazirlər, deputatlar idi. Belə məsələlərə xüsusilə həssas yanaşmalı və diqqətli olmalıdırlar. Bu təşkilatçılardan cavab istənilməlidir ki, niyə belə addım atırsınız? Axı biz müstəqil, suveren dövlətik”. Q.Həsənquliyev Rusiyanın dövlət himnindən sonra səslənən himnimizə münasibəti də qəbul etmədi: “Elə bu yarışdan qabaq ABŞ-ın Dövlət Müstəqilliyi Günü ilə bağlı bayram tədbirində ilk olaraq bizim himnimiz oxundu, ardınca Amerikanın himni. Rusiya ilə futbol matçında isə himnimizə münasibət mənim ürəyimi ağrıtdı. Yaxud niyə müstəqil Azərbaycanda, stadionda oturan 2-3 minlik tamaşaçının əyləşdiyi stadionda elanlar ancaq rusca verilir, yaxud idmançıların adları rus dilində səslənir? Özü də yalnız rus dilində. Heç olmasa rus dilindən sonra sovet dövründə olduğu kimi, ikinci dil kimi Azərbaycanca tərcümə olunsaydı, dərd yarıydı. Mən auditoriyaya da fikir verdim, xeyli qıcıq doğurmuşdu ki, nə oldu, yenidən artıq sovetlər dönəminə qayıdırıq?” 

Bununla belə, Q.Həsənquliyev hakimlərin tərəfkeşliyini də qəbul etmədi: “Qolun birini ofsayddan vurduq. Uduzanda da düzgün uduzmaq lazımdır. Məsələn, açıq-açığna top Adil Əliyevin əlinə dəydi, istiqamətini dəyişdi, hakim əhəmiyyət vermədi. Ofsayd oldu, yan xətt hakimi bayrağını qaldırmadı. Sanki Azərbaycana kömək etmək istəyirdilər. Bunlar o qədər eybəcər görsənirdi ki... Stadiondakı 30-40 nəfər rus azarkeşin səsi 3 min azərbaycanlının səsindən möhkəm çıxırdı. 3 min azərbaycanlıya da öz dilində heç nə elan etmədilər. Hər halda, biz dediyim bu məsələlərə görə çox pis görsəndik”. 

Qeyd edək ki, sənaye və energetika naziri Natiq Əliyev, SOCAR prezidenti Rövnəq Abdullayev sadəcə oyuna tamaşa edirmiş. Güman edək ki, “Dalğa” nın rəhbərliyi dilimizə sayğısızlığın səbəbini izah edəcək.  

E.PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR