İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmmədyarov Zəlimxan Məmmədlinin məsələsini qaldıracaqmı?

780 20.02.2015 08:25 Siyasət A A

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Gürcüstana rəsmi səfər edib. XİN mətbuat xidmətindən  verilən məlumata görə, səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun Gürcüstanın yüksək rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Maraqlıdır, nazir Gürcüstan səfərində “Borçalı” Cəmiyyətinin sədri  Zəlimxan Məmmədli və onun müavini Salman Murğuzovun məlum olmayan səbəblərə görə 19 oktyabr 2014-cü ildən Gürcüstana girişinə qadağa qoyulması məsələsini qaldıracaqmı? Qeyd edək ki, Azərbaycan XİN bununla bağlı Tiflisə nota verib və Milli Məclisdə də məsələ müzakirəyə çıxarılıb, rəsmi Bakının məsələyə ciddi reaksiya verməsi tələb olunub. 

XİN-in mətbuat katibi Hikmət Hacıyev “Yeni Müsavat”a bu barədə dedi ki,  bundan əvvəl nazirin Gürcüstan tərəfinə müraciəti olmuşdu: “XİN-in Gürcüstandakı səfirliyinə belə bir müraciət olmuşdu, konsulluq münasibətləri kontekstində bu məsələyə baxılması xahiş edilmişdi. Amma bu kimi məsələlərdə Azərbaycan digər ölkələrin qanunvericiliyinə hörmət prinsipi ilə çıxış edir, heç bir ölkənin daxili işlərinə qarışmır və hər bir ölkənin sərhəd-keçid məsələlərini tənzimləməsinə dair öz qanunvericiliyi var. Nazirin səfəri rəsmi xarakter daşıyır. Azərbaycan və Gürcüstan arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin bütün spektrləri üzrə müzakirələr aparılacaq, gələcək inkişaf istiqamətləri də müzakirə ediləcək. Bu çərçivədə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”. 

H.Hacıyev dedi ki, “Borçalı” Cəmiyyətinin rəhbərliyinin Gürcüstana girişinin qadağan olunmasının səbəbi məlum deyil: “Bununla əlaqədar Gürcüstan tərəfi ilə müxtəlif səviyyələrdə təmas davam etdirilir. Azərbaycan Respublikasında da ”arzuolunmaz şəxslər"in sihayısı var". Biz bu məsələyə “haqlı və ya haqsız” kontekstindən yanaşmırıq. Sadəcə olaraq, konsulluq münasibətləri çərçivəsində Gürcüstan tərəfinə müraciət edilib və baxılır. Müzakirələr hələ davam etdirilir. Hər ölkənin qanunvericiliyi var, ümid edirik ki, bu kontekstdə məsələyə baxılacaq“. 

Gürcüstanda fəaliyyət göstərən bir sıra nüfuzlu QHT rəhbərləri, millət vəkilləri, media kapitanları və ziyalılar bu problemlə bağlı  Gürcüstan prezidenti, baş naziri və parlament sədrinə müraciət ünvanlayıblar. 

Cavid TURAN


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR