İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmməd Zeynalovun istefasına fraksiya yoldaşları münasibət bildirdi

1439 05.02.2015 18:30 Ölkə A A

Müsavat Partiyasının tanınmış simalarından Məmməd Zeynalovun partiyadan istefa verməsi onun fraksiya yoldaşları tərəfindən birmənalı qarşılanmır. Bəziləri buna üzülür, digərləri isə münasibət bildirməməyi üstün tuturlar. 

Qeyd edək ki, M.Zeynalov Müsavata 2003-cü ildə bir fraksiyanın tərkibində gəlib. O, AXCP parçalananda KXCP-yə, ordan isə Müsavata  transfer edib. M.Zeynalov o zaman KXCP-dən Müsavata  transfer edən “Rəsulzadə-Elçibəy fraksiyası”nın üzvlərindən biri olub. Həmin fraksiyada onunla birdə Novella Cəfəroğlu, Almaz Əliqızı, Nüşabə Sadıxlı, Arzu Səmədbəyli və başqaları olub.

Onunla vaxtı ilə bir fraksiyanın tərkibində Müsavata gələn Novella Cəfəroğlu məsələ ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, M.Zeynalovun gedişi onu narahat edir: “Ancaq biz elə bir fraksiya kimi də qalırıq. O getsə də, biz qalırıq. Məmməd bəy baş verən hansısa hadisələri özünə qarşı haqsızlıq hesab edib çıxıb oradan. Bu, üzücüdür. Ancaq digərləri, Almaz Əliqızı, Nüşabə Sadıxlı və digərləri oradadır, hamımız oradayıq. Müsavatda axıra qədər də qalacağıq”. 


Arzu Səmədbəyli isə qeyd edib ki, M.Zeynalovun partiyadan gedişinə münasibət bildirmək istəmir. Almaz Əliqızı da baş verənlərə münasibət bildirmək istəmədiyini vurğulayıb. Nüşabə Sadıxlı isə qeyd edib ki, M.Zeynalovun partiyanı tərk etməsi ilə bağlı onun özü ilə danışmasa da, gedişin özü narahatedici faktdır: “Son vaxtlar Məmməd bəylə görüşməmişəm, gedişin nə ilə bağlı olduğunu dəqiq bilmədiyim üçün heç bir şey deyə bilmirəm. Amma onun gedişinə üzülürəm”.


Qeyd edək ki, Əbülfəz Elçibəy hakimiyyəti dönəmində ədliyyə nazirinin müavini olmuş Məmməd Zeynalov iki gün əvvəl özünün “Facebook” səhifəsində Müsavatdan istefa verdiyi barədə açıqlama yayıb. O, Müsavat Partiyasının apardığı siyasətə etiraz əlaməti olaraq Musavat sıralarından istefa verdiyini bildirib: “Bu gündən etibarən siyasətlə məşğul olmayacağımı bəyan edirəm. Arqumentimi əsaslandırmaq üçün İsa Qəmbər və Mustafa Hacıbəylidən başqa istənilən partiya funksioneri ilə debata hazıram”.

Həmçinin M.Zeynalov mətbuata açıqlamasında bildirib ki, partiyadakı siyasət onu qane etmir: “İndi Müsavatın yarıtmaz siyasətinə etiraz olaraq istefa verdim. Bir partiya daxili çarpışma ilə siyasət qura bilərmi? Partiyada eqoizm, özündən razılıq hissləri güclənib. Heç kimi bəyənmirlər, yaxına qoymurlar. Mən belə siyasəti qəbul etmirəm. Artıq 65 yaşım var. Səhhətimdə də problemlər özünü göstərir. Lakin buna baxmayaraq, istefa verməyə bilərdim. Problem odur ki, mən ömür boyu həyatda və işdə aktiv insan olmuşam. Passiv həyat sürməmişəm. Ona görə də fikirləşdim ki, passiv işləməkdənsə, getməyim daha məsləhətdir. Kənardan durub tamaşaçı kimi baxmağın mənası yoxdur”.

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR