İki vətəndaş torpaqları əllərindən alındığı üçün illərdir məhkəmə yollarında qalıb. Əllərində rəsmi sənəd olsa da Səbayel rayon İcra Hakimiyyəti zəbt edilən torpağa görə kompensasiya ödəmir. Kompensasiyanın ödənilməsi ilə bağlı ilkin məhkəmə qərarı da var.
Musavat.com xəbər verir ki, Səbayel rayonu, Badamdar qəsəbəsindəki 3-cü yaşayış massivində yaşayan Elmiraz Cəfərov və Pənah Cəfərov özbaşınalıqla üzləşib.
Belə ki, 2011-ci il iyunun 24-də Hacıbala Abutalıbov Bakı şəhər İcra Hakimiyyətinin başçısı olan zaman sərəncam verib ki, qeyd edilən ünvanda məktəb və uşaq bağçası tikilsin.
Buna görə də Səbayel Rayon İcra Hakimiyyətinə torpaq sahəsi ayrılıb. Bu zaman Cəfərovların torpaq sahəsi icazəsiz olaraq zəbt edilib.
Zərərçəkmişlərin hər ikisində 2007-ci ilin oktyabrında verilmiş çıxarışları var. Amma icra hakimiyyətləri bu sənədlərə məhəl qoymayıb.
Cəfərovlar məhkəmə vasitəsilə bu sənədləri Dövlət Reyestr Xidmətindən alıb hər iki icra hakimiyyətinə təqdim ediblər. Lakin yenə onların problemi həll edilməyib.
Cəfərovlar onlara 463 min manat kompensasiya ödənilməsini tələb edirlər.
İllərdir davam edən məhkəmə çəkişmələrində son olaraq Bakı Apellyasiya Məhkəməsi Cəfərovların hər birinə 120 min manat kompensasiya ödənilməsi haqda qərar çıxarıb. Amma bu məbləğ̆ də Cəfərovları qane etməyib, onlar Ali Məhkəməyə şikayət veriblər.
Məhkəmə ərəfəsində isə Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Səbayel Rayon İcra Hakimiyyətindən şikayətçi olub.
BŞİH deyir ki, Səbayel Rayon İcra hakimiyyəti məktubunda həmin torpaq sahəsinin boş olduğunu göstərib. Belə çıxır ki, Səbayel İcra Hakimiyyəti BŞİH-ə təqdim etdiyi sənədləri saxtalaşdırıb?
Amma bütün bunlara baxmayaraq Səbayel rayon İcra Hakimiyyəti razılaşmır. Deyir ki, Cəfərovların mülkiyyətindəki torpaq sahələri bağça və məktəb tikilən əraziyə aid deyil, onların təqdim etdiyi sənədlər, məhkəmə qərarları da qanunsuzdur.
Məhkəmə çəkişməsi davam edir.
İlkin Muradov,
Musavat.com






