“Leyla Əliyevanın anası ilə bağlı paylaşımlarının informativ gücü ilə yanaşı, həm də Azərbaycan qadınlarına bir ismarış, mesaj yükü də var”.
Prezident İlham Əliyevin qızı Leyla Əliyeva şəxsi "İnstagram” səhifəsində maraqlı foto paylaşıb. O, ölkənin birinci xanımı Mehriban Əliyevanın mətbəxdə milli yemək hazırlayarkən çəkilən görüntülərini izləyicilərlə bölüşüb.
Birinci xanım bu dəfə qızardılmış Naxçıvan lavaşı ilə qiymə bişirib. Daha öncə də Leyla Əliyeva anasının balıq buğlaması, qutab bişirərkən çəkilən görüntülərini yaymışdı.
Bəs, Azərbaycanın tanınmış xanımlarının kulinariya qabiliyyəti necədir? Onlar mətbəxdə hansı yeməkləri bişirə bilirlər?

Musavat.com tanınmış xanımlar arasında sorğu keçirib. Sabiq deputat, “Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camal deyib ki, prezident İlham Əliyevin qızı Leyla Əliyevanın şəxsi “İnstaqram” səhifəsində ailə üzvləriylə bağlı etdiyi paylaşımlar həmişə böyük maraqla qarşılanır: “Leyla xanım bu dəfə də anasının - ölkəmizin Birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyevanın mətbəxdə yemək hazırlayarkən çəkilmiş fotosunu yayıb. Kifayət qədər ilginc fotodur. Prezidentin ailə üzvlərinin protokol və protokoldan, rəsmiyyətdən kənar etdikləri hər şey, atdıqları hər addım cəmiyyət üçün də, media üçün də həddən ziyadə maraq doğurur. Bu, bütün dünyada belədir. Birinci xanımlar nə geyinir, nə yeyir, nə içir, necə yeriyir, saç düzümləri necədir... Bunların hamısı ictimaiyyət üçün maraq kəsb edir. Amma mən düşünürəm ki, hörmətli Leyla Əliyevanın anası ilə bağlı paylaşımlarının informativ gücü ilə yanaşı, həm də Azərbaycan qadınlarına bir ismarış, mesaj yükü də var. Mehriban Əliyeva baxmayaraq ki, yüksək post tutan tanınmış ictimai-siyasi xadimdir, bu, onun evdə, ailədə öz analıq missiyasını həyata keçirməsinə mane olmur. Mehriban xanım övladlarına da, həyat yoldaşına da lazımi qədər vaxt ayıra, onlar üçün önlüyünü bağlayaraq, mətbəxə keçə və xörək hazırlaya bilir. Leyla Əliyeva da bunu xüsusi qeyd edir: "Ananın hazırladığı xörək daha ləzzətlidr". Əslində hamımız üçün anamızın bişirdiyi yemək, anamızın əli dəyən təam daha dadlıdır. Məncə, burada olduqca incə bir məqam var: Azərbaycan qadını harada olmasından, hansı vəzifəni icra etməsindən asılı olmayaraq, öncə qadındır, anadır. Öncə bu müqəddəs missiyanı ləyaqətlə yerinə yetirməlidir. Prezident ailəsinin xanım üzvləri, şübhəsiz, bilirlər ki, Mehriban Əliyeva azərbaycanlı qadınlar üçün bir nümunədir, sevimli obrazdır. Mən bunu Mehriban Əliyeva haqqında bir yazımda qeyd etmişdim ki, Azərbaycanda qadınlar özünü məhz Mehriban xanıma bənzətmək istəyir. Onun zahiri görünüşündən, stilindən makiyajınadək, yerişindən, danışığından, gülümsəməsinədək hər şey bizim üçün nümunədir, örnəkdir. Obrazlı desək, biz ona baxıb, düzlənirik. Elə onun sosial şəbəkələrdə yayılan video və fotoşəkillərinə olan baxış və izlənmə sayı, həmin video və fotoların xəbərə çevrilərək, media orqanlarında yayılmasına olan on minlərlə oxucu-izləyici sayları da bu dediklərimin təsdiqidir”.

İş qadını Ruhi Əliyeva bildirib ki, evində daim ev yeməklərinə, Azərbaycan mətbəxinə üstünlük verir: “Birinci vitse-prezident Mehriban Əliyevanın mətbəxdə yemək hazırlayarkən çəkilən görüntülərinin yayılması gözəl haldır. Qadınlara stimuldur. Azərbaycan qadınının həm evdə, həm də cəmiyyətdə faydalı ola biləcəyinin bir nümunəsidir. Azərbaycan qadınının nə qədər güclü, bacarıqlı olduğunun sübutudur.
Mənə gəldikdə isə, Azərbaycan mətbəxini gözəl bilirəm. Xüsusilə, Tovuz mətbəxinin peşəkarıyam, bölgəmizin mətbəxinin bütün sirlərinə bələdəm. Evimdə də daim ev yeməklərinə, Azərbaycan mətbəxinə üstünlük verirəm. Ailəmin sağlam qidalanmasına xüsusi diqqət edirəm. Çalışıram ki, övladlarıma öz əllərimlə yemək hazırlayım. Hər bir qadının borcudur ki, ailəsinin sağlam və düzgün qidalanmasına diqqət etsin. Şükürlər olsun ki, mən də o sıradayam”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova vurğulayıb ki, Azərbaycan mətbəxinin sirlərinə bələddir: “Mehriban xanımın ötürdüyü mesaj çox yaxşı mesajdır. Bəziləri düşünür ki, lider qadınlar bişir-düşürdən uzaq olmalıdır və olurlar. Uşaqlarına, ailəsinə qulluq etməyə borclu deyillər. Mehriban xanım gözəl nümunədir, gənclərə bir dərsdir. Bəzən gənclər deyir ki, mən işləyirəm, yemək bişirə bilmərəm. Bu, yanlış fikirdir. Hər bir ailəli qadın yemək bişirməyi bacarmalıdır. Çoxları xəngəli çətin yemək hesab edir, mən onu asan bişirirəm. Yeməyi sevgi ilə bişirənlərdənəm. Mətbəxlə aram yaxşıdır. Düzdür, indi gəlin bişirir, mən hər gün mətbəxə girmirəm. Amma öz bacarıqlarımı gəlinə ötürmüşəm. Yaxşı xəngəl, aş bişirirəm”.

Müğənni Elnarə Xəlilova deyib ki, mətbəxdə bacarıqlı olanlardandır: “Qarabağ və Lənkəran mətbəxinin bütün yeməklərini bişirə bilirəm. Qarabağ mətbəxini qayınanamdan öyrənmişəm. Ən çox da Qarabağ plovunu qaynanam kimi bişirməyə çalışıram. Hər zaman da deyirəm ki, ən gözəl plovu qaynanam bişirir. Özümüz cənub zonasından olduğumuz üçün oranın mətbəxinə yaxşı bələdəm. Ümumiyyətlə, yemək bişirməyi sevirəm”.
Könül İbrahim,
Musavat.com







