İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmədə əlbəyaxa dava düşdü- Bakıda keçirilən ən geniş miqyaslı əməliyyatda hökm - "Baba" 18 il cəza aldı

5591 14.08.2021 13:38 Ölkə A A

Bakıda narkotik satan şəxslərə qarşı keçirilən ən geniş miqyaslı əməliyyatda həbs edilən şəxslərə hökm oxunub. Məhkəmədə dava düşüb.

Həbsdə olanlar arasında 4 nəfər qadın da var. Əməliyyat zamanı 27 nəfər saxlanılıb. Böyük əməliyyat zamanı dəstənin başçıları Türkiyədə həbs edilərək Azərbaycana gətirilib.

Həmin şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında gökm elan edilib.

Bildirək ki, saxlanılan şəxslərdən 25 nəfəri həbsdədir. Onlardan iki nəfər qadın ev dustaqlığındadır. Həbs edilənlərdən biri Türkiyə vətəndaşıdır.

Əməliyyat Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilib.

Dəstənin başçısı kimi İstanbul şəhərində yaşayan Ağayar Ağazadə və qohumu Orxan Ağayev həbs edilib.

Onlar narkotik vasitələrinin onlayn satışını həyata keçirməkdə ittiham ediliblər. Ağayar Ağazadənin ləqəbi “Baba”, Orxan Ağayevin ləqəbi isə “Orxan XX” olub.

Həbs edilən digər şəxslər isə “Baba” və “Orxan XX”-in tapşırıqları əsasında narkotik vasitə və psixotrop maddələri Bakı şəhərində satışını həyata keçiriblər.

Həbs edilən şəxslər Natiq Şəbiyev, Rüfət Babayev, Elçin Kərimov, Elçin Babayev, Zəka Şahbazov, Ziya Şahbazov, Elməddin Vəliyev, Şamil Şamilov, Rəşad Ağayev, Arif Vəliyev, Rəşad Məmmədov, Nahid Nəsirli, Aqşin Paşayev, Pərvin Şabıyev, Kamran Abdulov, Zaur Şəbiyev, Emin Tağıyev, Ramil Məmmədov, Rasim Hacıyev, Türkel Seyidov, Elvira Ağayeva, Şəlalə Ağayev və Türkiyə vətəndaşı Bayar Aslandır.

İki nəfər - Şəhanə Ağayeva və Aytən Tağıyeva barəsində həbs qərarı seçilməyib, ev dustaqlığındadırlar.

Bildirək ki, şəbəkənin narkotik satışı əməliyyatı fərqli üsulla olub. Orxan və Ağayar Türkiyədən narkotik sifarişi alaraq pulu kart hesablarına köçürtdürüblər. Sonra isə narkotiki müştərilərə çatdırıblar.

İttihama görə, dəstə başçıları narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsində Türkiyə Respublikasında yaşayan Azərbaycan vətəndaşlarından istifadə ediblər.

Məsuliyyətə cəlb edilən qadınlardan biri dəstə başçısı Ağayar Ağazadənin anası Elvira Ağayevadır.

Dəstə üzvlərinin yaşadıqları mənzillərə və Bakı şəhərində narkotik vasitələrin saxlanıldığı gizli yerlərə baxış keçirilən zamanı külli miqdarda narkotik vasitə və psixotrop maddələr, müxtəlif ölkərə məxsus mobil nömrələr, xeyli sayda bank kartları və sair sübutlar aşkar olunaraq götürülüb.

Onu da xatırladaq ki, bu günə qədər bir çox narkotik işlərində "Baba"nın adı keçirdi. Belə ki, narkotik satışı və istifadəsi zamanı həbs edilən xeyli sayda şəxs narkotik vasitələri Türkiyədə yaşayan "Baba"dan aldıqlarını etiraf edirdilər. Bildirirdilər ki, Bakıda narkotiki tanıyan hər kəs "Baba"nı da tanıyır.

Əlavə edək ki, "Baba"nın dəstəsinə daxil olan daha bir neçə şəxs də həbs edilib. Əməliyyatın daha da genişlənəcəyi bildirilir.

Hökmə əsasən "Baba"ya 18 il azadlqıdan məhrum edilib. Digər şəxslər isə 10 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər.

Ev dustaqlığında ola Şəhanə Ağayeva və Aytən Tağıyeva barəsində həbs qərarı çıxarılıb. Hər birinə 10 il cəza verilib.

Hökm elan edilən zaman təqsirləndirilən şəxslər hakim' etiraz ediblər. Onlar hökmün ədalətsiz olduğunu deyərək qışqırmağa, hakimi təhqir etməyə başlayıblar. Bu zaman təqsirləndirilən şəxslərdən bir neçəsi onlara müdaxilə edən konvoy əməkdaşları ilə əlbəyaxa olublar. Məhkəmə icraçıları və konvoy əməkdaşları 27 nəfəri çətinliklə də olsa sakitləşdirə bilib.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR