Məhkəmə UEFA-nın qərarını ləğv etdi, albanların qələbəsi rəsmiləşdi
Lozannada İdman Arbitraj Məhkəməsi (İAM) 2016-cı ilin Avropa Çempionatı üzrə oktyabrın 14-də Belqraddakı "Partizan" stadionunda baş vermiş iğtişaşlar üzündən yarımçıq qalmış Albaniya və Serbiya yığmaları arasında seçmə oyun barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA-nın) qərarını ləğv edərək albanlara üç xal verib.
Bu barədə məhkəmənin mətbuat xidməti məlumat verir.
UEFA münaqişə məsələsinə baxaraq albanlara 0:3 hesabı ilə texniki məğlubiyyət hökmü çıxarmışdı, bu zaman ittifaq Serbiya yığmasının üç xalını almış, habelə komandanı öz meydanında iki oyunu tamaşaçısız keçirməyə məcbur etmişdi. Hər iki federasiya bu qərarlarla bağlı apellyasiya məhkəməsinə müraciət etmişdi.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu dəfə İAM 0:3 hesabı ilə serblərə texniki məğlubiyyət hökmü çıxararaq, üç xalı albanlara qaytarıb və Serbiya yığmasının əlavə olaraq üç xaldan məhrum edilməsi qərarını qüvvədə saxlayıb.
Məhkəmə qərarında göstərilir ki, oyunun dayandırılmasına və onu davam etdirməkdən imtina edilməsinə görüş təşkilatçılarının (serblərin) təhlükəsizliyi təmin edə bilməməsi və yerli azarkeşlərin alban oyunçulara qarşı zorakılıq aktları törətməsi səbəb olmuşdu.
Hələlik bu hökm barəsində UEFA-nın rəsmi reaksiyası olmayıb. Ehtiyatda bir oyunu olan albanlar I qrupun turnir cədvəlində əvvəlki kimi yenə də serblərdən altı xal irəlidədirlər. Əlavə üç xal Albaniyanın ikinci yerdə olan danimarkalıları ötüb keçməsinə imkan verəcək.
Xatırladırıq ki, həmin görüşdə birinci hissənin sonunda meydança üzərində Böyük Albaniyanın xəritəsi təsvir edilmiş və alban
siyasi xadimlərinin fotoşəkilləri olan banner bağlanmış pilotsuz uçuş aparatı görünmüşdü. Serbiya yığmasının müdafiəçisi Stefan Mitroviçin banneri qoparması Albaniya komandasının futbolçularını qəzəbləndirmişdi.
Nəticədə meydanda dava düşmüş və vuruşmada həm yığma komandaların nümayəndələri, həm də mühafizəni yarıb meydana atılmış bir neçə azarkeş iştirak etmişlər. Oyun əvvəlcə dayandırılıb, sonra isə ingilis hakim Martin Atkinson oyunu bərpa etməməyi qərara alıb.






