
Məhərrəmlik ayının yasaqları - nələr olar, nələr yox?
Bu gün bütün ölkələr siqaretə qarşı mübarizə aparır, bundan ötrü müxtəlif üsullara əl atırlar. Bir il öncə ÜST insanların bu zərərli vərdişi tərgitməsi üçün siqaret qutularının üzərində müxtəlif şəkillərin yer almasını təklif etmişdi. Avropa İttifaqı tütün və tütün məmulatları ilə mübarizə tədbirləri çərçivəsində siqaret qutularının üzərində əks olunacaq yeni şəkilləri qan qusan qadın, müxtəlif bədən üzvlərini itirən insan, siqaret tüstüsündən əziyyət çəkən körpə və uşaq şəkillərindən istifadə etsə də, ÜST-in bu təklifini yalnız 12 ölkə qəbul etdi.
Oktyabrın 3-dən etibarən Məhərrəmlik ayı başlayıb. Məhərrəmlik ayı digər aylardan fərqlənir. Bu ayda müəyyən əməllər var ki, onlardan qaçılır. Bu ayda müsəlmanların Şəhidlər Şəhidi İmam Hüseynə (ə) yas tutması ayın matəm ruhunu müəyyənləşdirir.
Məhz bu səbəbdən Məhərrəmlikdə toy, nişan və sairə məclislərin düzənlənməsi, bayram tədbirləri və konsertlərin keçirilməsi məsləhət görülmür. Lakin axşam namazından sonra toy məclisi keçirmək olar - bir şərtlə ki, orada musiqi səslənməyə, növraq-büsat olmaya: bu da ən məcburi hallar üçün nəzərdə tutulub.
Ölkə əhalinin “Məhərrəmlik” dediyi ayda toy, nişan mərasimlərinin məsləhət bilinməməsini, müsəlmanların digər aylarla müqayisədə daha sadə davranmasını gərəkdirən səbəb var. O səbəb - Aşuradır. Bu Aşura mərasimi oktyabrın 12-ə təsadüf edəcək. Həmin gün, hicri təqvimi ilə Məhərrəm ayının 10-u, Miladi tarixlə 680-ci ilin oktyabrın 10-da bəşər tarixində ən böyük faciələrdən biri baş verib. Cəmi müsəlmanlar üçün faciəli və qəmli həmin gündə Kərbəla yaxınlığındakı döyüşdə Hz. Məhəmmədin sevimli nəvəsi, onun qızı Fatimeyi-Zəhra (s.ə.) və Hz.Əlinin (ə) ikinci oğlu İmam Hüseyn (ə), habelə İmamın 72 nəfərlik dəstəsi şəhid olub.
Aşura günü məscidlərdə zəncirlə özünü vurub qan çıxartmaq heç də düzgün sayılmır. Bunun əvəzinə həmin gün qan vermək olar. Məhərrəm ayının 10-cu günü hər mömin müsəlman oruc tutması məsləhətdir ki, bunun da adı “Məhərrəm orucu”dur. Məhərrəmlikdə saç kəsdirmək, boyamaq kimi məsələlər də həmişə insanları narahat edib. Əksəriyyət insanlar bu ayda saçlarını kəsdirmir, boya qoymur, ev eşik töküb təmizləmir ki, günahdır. Hətta sabundan istifadəni, çimməyi belə günah sayanlar var. Təəssüflər olsun ki, el arasında belə xurafat fikirlər dolaşır. Əslində isə bu günlərdə sabun istifadə etmək, evdə təmizlik işləri aparmaq, paltar yumaq olar.
Dinimizdə Məhərrəm ayı ilə bağlı belə bir məhdudiyyət yoxdur. Məhərrəm ayı uzun əsrlərdir ki, Kərbəla şəhidlərinin xatirəsinə matəm ayı kimi qeyd edilir.

Dini ekspert Kənan Rövşənoğlu da bu cür qadağaların dini əsasının olmadığını dedi: “Bu cür qadağalar dini əsaslı deyil, xalq arasında yayılmış ənənələrdir. Türkiyədə ələvilər arasında məhərrəm ayında bir sıra qadağalar var - o cümlədən də qeyd etdikləriniz. Amma Azərbaycanda belə qadağa və ya qayda yoxdur. Yalnız xalq arasında ənənə var ki, Aşura günü günortaya qədər insanlar heç bir iş görməzlər. Hər kəs məscidlərə, ziyarətgahlar və məclislər olan yerlərə gedib iştirak edər, gündəlik işləri etməzlər. Bu, bir növ matəmlə əlaqəlidir. Amma dini mətnlərdə bu barədə nəsə qadağa yoxdur. İnsanlar hesab edir ki, Aşura günü İmam Hüseynə (ə) atası Əli, anası Fatiməyə və babası Məhəmməd peyğəmbərə (s.a.s) hörmət əlaməti olaraq, onun qətl günündə işləməyib yas tutsunlar, dünyəvi işlər, gündəlik paltar yumaq və ya çimmək qadağası ortaya çıxıb. Amma bu, daha çox ələvilər arasında yayılıb və dini baxımdan hansısa əsası yoxdur”.
Günel MANAFLI






