Məhəmməd peyğəmbər haqqında çəkiləcək serialın büdcəsi 1 milyard dollara çatdırılıb. Musavat.com-un məlumatına görə, xəbəri “Frans Press” agentliyi Qətərin layihə ilə məşğul olan Alnoor Holding şirkətinə istinadən yayıb.
Serial əvvəlcədən elan edildiyi kimi üç yox, yeddi tammetrajlı filmdən ibarət olacaq. Filmdər ingilis dilində çəkiləcək və bir neçə dilə tərcümə ediləcək. Alnoor Holding-in məlumatında deyilir ki, serialın çəkilməsində məqsəd Qərbdə İslamla bağlı yaranmış yanlış təəssüratı aradan qaldırmaqdan ibarətdir.
Tərkibində nüfuzlu imamlardan Yusuf əl-Karadavinin də olduğu ekspertlər qrupu serialın ssenarisi üzərində işi başa çatdırıb. Alnoor Holding-in nümayəndələri çəkilişlərə nə vxat başlanacağını açıqlamayıblar.
Alnoor Holding serialın anonsunu hələ 2009-cu ildə vermişdi. O vaxt bildirilmişdi ki, layihənin prodüsseri Barri Osborn (Barrie Osborne) olacaq. Seriala tanmış aktyorların, o cümlədən, Hollivud təmsilçilərinin cəlb edilməsi nəzərdə tutulur. Əvvəllər serialın çəkilişinə cəmi 150 milyon dollar xərclənməsi planlaşdırılırdı.
Serialın ssenarisi ilə bağlı hələlik heç nə məlum deyil. Yalnız o məlumdur ki, İslam dininin qaydalarına uyğun olaraq, Məhəmməd peyğəmbər obrazı serialda görünməyəcək.






