İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehdiyevin TŞ-nın üzvlüyündən istefasını niyə istəmirsiz?

2504 04.02.2022 15:18 Gündəm A A

Bir keçmiş işçisi AMEA prezidentini korrupsiyada ittiham edir, başqa biri “bacarıqsız”, lap o birisi “qoca” deyir, həmin Ramiz Mehdiyev isə həm də Təhlükəsizlik Şurasının üzvüdür...

Ramiz Mehdiyev və onun rəhbərlik etdiyi AMEA ətrafında baş verənlər müəmmalıdır. Biriləri ciddi-cəhdlə yaşının ahıl çağını yaşayan Mehdiyevin “xəstələnməsi” xəbərlərini tez-tez tirajlasalar da, son olaraq AMEA-dan “işinin başındadır” deyə, təkzib gəlib. Ümumiyyətlə, yalandan kiminsə xəstələndiyini xəbərini yaymaq etik deyil. 

Biriləri isə iddia edir ki, bəs, “düyməyə basılıb” və akademikin AMEA-dan istefasını istəyənlərin sırasının hər keçən gün genişlənməsi səbəbsiz deyil. Amma Mehdiyevə “get” deyənlərin sıyahısına göz atanda anlamırsan ki, nəyə görə “düyməyə basılıb” deyirlər. Yəni iddianın açması budur ki, bu adamlar Ramiz Mehdiyevə qarşı özləri danışmırlar, onları cəsarətləndirən kimlərsə var. Qəliz söhbətdir, o mənada ki, Mehdiyevin istefasını tələb edən təkcə parlamentdə düymə ilə işləyən, yəni deputat olan Musa Quliyev deyil. AMEA-nın Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rəfael Hüseynov da, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasov da bu siyahıda var. İkincisini tanımıram. Rəfael Hüseynovun isə neçə illərdir deputat olması bir ayrı təftiş mövzusudur- ona səs verən varsa, o seçici pisini də, yaxşısını da danışa bilər. Amma vaxtilə evimizin kitabxanasında baş yerdə dayanmış “Vaxtdan uca” kimi publisistik əsərin müəllifi haqda iddialara qoşula da bilmərəm. Çünki “Mədəniyyət” kanalında Rəfael Hüseynovun verilişlərinə yenə heyranlıqla baxıram: adam bir dil ustası, istənilən mövzuda danışdıqlarının cazibəsindən çıxmaq olmur. 

raf-rafa.jpg (108 KB)

İndi bəziləri həm də onu da deyirlər ki, guya Rəfael Hüseynov AMEA-nın 13-cü prezidenti ola bilər, o səbəbdən Mehdiyevə qarşı çıxıb. Hərçənd bu cür “qarşı çıxmaq” məsələlərində Azərbaycan xalqı adətən, “Yıxılanı baltayanlar çox olar” zərb-məsəlini yada salırlar. 

Ramiz Mehdiyevin yıxıldığını isə demək olmaz. Ümumiyyətlə, ötən yazılarımın birində də qeyd etmişdim ki,  AMEA illərlə beynəlxalq səviyyədə bir elmi nailiyyətə imza ata bilməyibsə, bu, Mehdiyevin idarəetməsinə bağlı deyil. Elm kökdən gəncləşməli, dünyaya açılmalıdır, gənc kadrlar dünyanın ən yaxşı elmi mərkəzlərində, laboratoriyalarında işləməlidir, o laboratoriyalar hətta burada qurulmalıdır. Dövlət elmə sahiblənməlidir... 

Qayıdaq “Mehdiyevə istefa” mövzusuna, çünki burada çox incə bir məsələni bəziləri, deyəsən, gözdən qaçırır. Söhbət ondan gedir ki, Ramiz Mehdiyev AMEA-da prezident olmaqla bərabər, həm də Azərbaycanın Təhlükəsizlik Şurasının üzvüdür. Təsəvvür edirsiz, bir keçmiş işçisi (məsələn, Elton Məmmədov) Ramiz Mehdiyevi korrupsiyada ittiham edir, başqa biri “bacarıqsız”, lap o birisi “qoca” deyir... Həmin Ramiz Mehdiyev isə həm də Təhlükəsizlik Şurasının üzvüdür. 

1fa8f813-3cba-4f42-8eb6-fedffc090995-450x250.jpeg (22 KB)

Prezident Administrasiyasına rəhbərlik etdiyi dönəmdə Mehdiyev uzun illər Təhlükəsizlik Şurasının katibi olub. Yalnız vəzifəsini tərk etdikdən sonra bu postu sabiq daxili işlər naziri Ramil Usubov tutur. Mehdiyevin, əlbəttə ki, təcrübəsi də nəzərə alınaraq üzv kimi saxlanılıb. Amma bizim qarşımızda iki Ramiz Mehdiyev yoxdur. Bir Mehdiyev var. AMEA-ya rəhbərlik edən də, Təhlükəsizlik Şurasınında üzv olan da həmin Ramiz Mehdiyevdir. İndi ona AMEA-dan “get” deyənlər, Təhlükəsizlik Şurasında qalmasına necə razı olurlar? Bir adam AMEA-da pis, Təhlükəsizlik Şurasında yaxşı olacaq? Mehdiyevin həm də çox qocaldığını deyənlər, onun Təhlükəsizlik Şurasında olmasına, əcəba, “gözmü yumurlar”?     

1560946165_1560929093.d93d99e9-b4f0-4f20-9413-328c14ac05ad.jpg (71 KB)

Təhlükəsizlik Şurasının əsası 1991-ci ildə qoyulub, ancaq qurum 1992-ci ilin martından fəaliyyət göstərməyib. 1997-ci ildə Təhlükəsizlik Şurası yenidən yaradılıb. Təhlükəsizlik Şurası milli təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər verir, milli təhlükəsizliyin təmin edilməsi, habelə dövlətin konstitusiya quruluşunun, suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə daxili təhlükəsizliyin və ictimai-siyasi sabitliyin vəziyyəti ilə bağlı məsələlərə baxır. Dövlətin bundan üstün qurumumu var?

5012191.jpg (96 KB)

Bəli, Təhlükəsizlik Şurası məşvərətçi orqandır, Mehdiyev də sıravi üzvdür. Mehdiyev orada AMEA-dakı kimi qərar verən şəxs deyil. Amma Təhlükəsizlik Şurası AMEA-dan mühüm yerdir, həm də çox mühüm...

Ramiz Mehdiyev AMEA-dan bu cür “səs-küylə” ayrılarsa, Təhlükəsizlik Şurasından da getməlidirmi?  Mehdiyevlə bağlı daha bir müəmma da budur... 

Nazim SABIROĞLU, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR