Məhbusları əfv siyahısına saldıracağını vəd edərək onların ailə üzvlərinə qarşı dələduzluq edən şəxsin cəzası azaldılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirləndirilərək 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilən 1961-ci il təvəllüdlü Ağa Sayilov qanunda edilən dəyişiklikdən istifadə etmək üçün məhkəməyə müraciət edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrlik etdiyi hakimlər kollegiyası önünə çıxarılan Ağa Sayilov qanunda edilən dəyişiklikdən sonra cəzasının azaldılmasını, əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsindən 178.2.2-ci (dələduzluq xeyli miqdarda törədildikdə) maddəsinə tövsif edilməsini istəyib.
O, zərərçəkmişlərin 13 min manatını ələ keçirməkdə ittiham edilirdi və qanunda dəyişiklik edilmədən öncə bu məbləğ külli miqdar sayılırdı. Qanunda edilən dəyişiklikdən sonra külli miqdar 50 min manat və daha yüksək məbləğdir.
Məhkəmə A.Sayilovun müraciətinə baxıb və onun əməli 178.2.2-ci maddəyə tövsif edilib. Ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Qeyd edək ki, A. Sayilov məhbusların yaxınlarına qarşı dələduzluqda ittiham olunur. O, məhbusların adını Əfv Komissiyasının siyahısına daxil edəcəyini deyərək, bir neçə vətəndaşın pulunu dələduzluq yolu ilə ələ keçirib.
İ.Muradov,
Musavat.com






