Müdafiə Komitəsi bəyan edib ki, “Səid Dadaşbəyli və onun dəstəsi” adlanan 10 siyasi məhbus 10 dekabr 2007-ci il tarixində Bakı Ağır Cinayətlər üzrə Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 218.1, 278, 274 və s. maddələri ilə ittiham edərək 7 ildən 14 ilə qədər azadlıqdan məhrum ediliblər: “Ancaq hökmdə konkret ittiham maddələri üzrə CM və CPM-nın qanununa müvafiq olaraq nəzərdə tutulmuş cinayətin konkret halları və əməlləri əks olunmur. Beləliklə, məhkəmənin bu cür yanaşması qanuna müvafiq olaraq hüquqi xüsusiyyət daşımır. Məhkəmənin hökmü BMT-nin 16.12.1996-cı il tarixli vətəndaş və ya siyasi hüquqları haqqında maddəsinə də ziddir. Təəssüf ki, Azərbaycanın insan hüquqlarını müdafiə edən bir sıra təşkilatları gənclərin istintaq və məhkəmələrdə üzləşdiyi özbaşınalıqlara gec reaksiya verdilər”.
Komitə qeyd edir ki, AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Kristofer Ştrasser 5 ildir həbsdə olan 10-dan çox gənci siyasi məhbus kimi tanıdıqlarını bildirib və onların adını tərtib etdiyi siyahıya daxil etsə də, azərbaycanlı hüquq müdafiəçilərinin mövqeyi anlaşılmazdır. Komitə Monitorinq Qrupunun üzvlərinə bu şəxslərin taleyinə diqqətli yanaşmağı xahiş edir.
Bəyanatda həmçinin S.Qocamanlı bu məsələdə anlaşılmaz mövqe tutmaqda, əsası olmadan yeni məhkəmə keçirməyi istəməkdə ittiham edilir.
Qeyd edək ki, adları çəkilən hüquq müdafiəçiləri özləri görüşdə bu cür mövqe sərgiləmədiklərini, bu barədə ictimaiyyətə yalan məlumat verildiyini söyləyiblər. Novella Cəfəroğlu “Yeni Müsavat”a görüş haqda ətraflı məlumat verdi. Görüşdə siyasi məhbuslar, söz və sərbəst toplaşmaq azadlıqları, 20 oktyabr aksiyası, Müsavat Partiyasına hücum olunması və 2 noyabr piketi müzakirə olunub.
N.Cəfəroğlu bildirdi ki, məhkəmələrin sifarişli qərarlar çıxarması Dragioninin diqqətinə çatdırılıb: “Biz hakimiyyətlə məhkəmələrin vəziyyətini müzakirə etməyin vacibliyini bildirdik. Məhkəmələr sifarişli qərarlar çıxarır. Eyni zamanda Müsavat Partiyasına 20 oktyabrda mülkilərin hücum etməsini, vicdan məhbuslarının işini, Nigar Yaqublunun məsələsini müzakirə etdik. İslamçıların həbsinə gəlincə, onların məhkəmələri qapalı keçirilir. Biz onların məhkəmələrinin açıq keçirilməsini tələb edirik. Ondan sonra kimi, siyasi məhbus olduğunu aydınlaşdıra biləcəyik. Onların arasında ləyaqətli adamlar var və azadlığa çıxmalıdırlar. Lakin İrana işləyən islamçıların olması barədə bizdə dəqiq məlumatlar var. O adamları biz siyasi məhbus kimi tanıya bilmərik”.
N.Cəfəroğlu “Tolışi Sədo” qəzetinin həbsdə olan baş redaktoru Hilal Məmmədov məsələsinə də toxundu: “Hilal müəllim professordur. Biz onun həbsdən çıxmasını istəyirik. Ancaq Leyla Yunus deyir ki, o, talışlarını hüquqlarını müdafiə etdiyi üçün həbs edilib. Gəlin araşdıraq, məhbəsdə nə qədər ləzgi, talış və ya türk var. Milli məsələni qarışdırmaq lazım deyil. O, azad olunmalıdır”.
Hüquq müdafiəçisi Ştrasserin Azərbaycana gəlməsinin tərəfdarı olduğunu bildirdi.
S.Dadaşbəylinin Müdafiə Komitəsinin bəyanatına münasibət bildirən N.Cəfəroğlu onların məsələni düzgün təqdim etmədiklərini dedi: “Onlar düzgün demirlər. Biz həmin şəxsləri vicdan məhbusu kimi tanımışıq və bildirmişik ki, bu şəxslər yenidən mühakimə olunub məhkəmə zalından azadlığa buraxılmalıdırlar. Bu istiqamətdə əlimizdən gələni etmişik. Bu cür bəyanat vermələrindən təəssüflənirik, ədalətli deyil”.
S.Qocamanlı isə dedi ki, məlum bəyanatda ittiham olunması əsassızdır: “Əvvəla, bizim həmin görüşdə bəyanatda qeyd edilən formada çıxışımız olmayıb. Bunu Leyla Yunus hansısa məqsədlə bu şəkildə deyib və anlaşılmazlıq yaradıb. Görüşdə tamam başqa söhbət olub. Monitorinq Qrupunun üzvləri olaraq hər birimiz dedik ki, islamçılarla, həmçinin Səid Dadaşbəyli ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün yeni şəffaf məhkəmə prosesinin keçirilməsini istəyirik. O işlə bağlı tutulanların hamısını günahkar hesab etmək doğru deyil. Onların arasında savadlı, bilikli olanlar, suçsuzlar var. Onların mühakiməsi qapalı keçirilib. Biz bu şəxsləri vicdan məhbusu elan etmişik və dünya da elə tanıyır. İndi biz istəyirik ki, bu şəxslər bizim də iştirakımızla yenidən şəffaf, ədalətli məhkəmədə mühakimə olunsunlar və günahsızlar azadlığa buraxılsın. Daha bundan artıq neyləməliyik? Bizim üçün insan taleyi prioritetdir”.






