İnsanlara hürriyət, millətlərə istiqlal!

Məgər bura qadınların kütləvi şəkildə əzildiyi ölkədir?

1439 28.09.2019 10:15 Yazarlar A A

O qalmaqal başlayandan bəri Fuad Qəhrəmanlının qızı Selcanın statuslarını, açıqlamalarını, müsahibələrini diqqətlə izləyirəm.

Onun ilk statusunu oxuyanda güman etmək olardı ki, bunları onun əvəzindən kimsə yazır. Amma videomüsahibələri bu şübhəyə son qoydu. Onun əvəzindən bir başqası danışmır, özü danışır.

O, 18 yaşlı qız üçün heyrətamiz dərəcədə ağıllı və hazırlıqlıdır. Sanasan, adamın qarşısında 40-45 yaşlı hüquq müdafiəçisi, ömrünün 20 ilini jurnalistikaya həsr etmiş yetkin bir şəxs var.

Selcanın komplekssizdir, “xalq nə deyər”, “qohum-əqrəba nə fikirləşər”, “adıma söz çıxar” - belə qorxuları, utanıb-çəkinəcəyi yoxdur.

Savadlı qızdır, hiss olunur ki, dərs kitablarından başqa da kitablar, jurnallar oxuyub, medianı müntəzəm izləyib, yeniliklərdən, təmayüllərdən xəbərdardır.

Ondan gələcəkdə yaxşı lider ola bilər - düzgün istiqamətdə irəliləsə, haqq yolundan sapmasa, beynini yabançı və yanlış ideologiyalara qapdırmasa.

Selcanın atasına qarşı o sayaq kəskin çıxışlarına haqq qazandırmıram, nə də qınamıram. Əl-əlbət, özünə görə bir səbəbi var.

Zatən, şərti adı “atalar və oğullar”, əslində isə “valideynlər və övladlar ixtilafı” olan problem min illərdir sürüb gedir. Əndazələr aşılmayanda, bu, normaldır, bu çəkişmə bütün sahələrdə inkişafa səbəb olur.

Ancaq ixtilaf, çəkişmə əndazəsini aşanda dəyərləri dağıdır, çeynəyirsə, demək, zərərlidir.

Konkretləşdirək. Bir oğulun ataya qarşı çıxması, onun hər sözü ilə razılaşmaması, yeri gələndə etiraz bildirməsi normaldır, amma oğulun atanı şapalaqlaması, el-oba içində rüsvay etməsi rüsvayçılıqdır.

Başqa prizmalar da var. Avropada oğulun yaşlı ata-ananı aparıb qocalar evinə qoyması normal hərəkət sayılır, bizim ölkəmizdə isə el bunu o cür oğullara baş töhməti edir, ondan gözləntisini kəsir, “atasını qocalar evinə verəndən el-obaya xeyir gəlməz” deyir.

Selcanın və onun tərəfini tutan, ona himayədarlıq edən, onların iziylə gedənlərin Azərbaycana gətirmək istədikləri feminizm zərərlidir. Bizə lazım olan şey feminizmin bu təzahürü deyil. Biz Avropadakı tendensiyaları birə-bir təqlid edə bilmərik.

Söz yox, heç kəs dana bilməz, Azərbaycanda qadın hüquqları sahəsində problemlər var - qızların erkən nikaha cəlb edilməsindən tutmuş, ta bir çox rayonlarda qızlara təhsil verilməməsinə, ailədaxili zorakılığa məruz qoyulmasına, boşanmaq istədikdə ölümcül döyülməsinə, bəzən öldürülməsinə qədər.

Bunlar bütün Şərq ölkələri üçün səciyyəvi olan problemlərdir. Amma bura Əfqanıstan, Pakistan, İran deyil. Bu ölkədə qadınların təhsil alması, karyera qurması sahəsində elə bir siyasi-hüquqi maneə yoxdur, sadəcə, bəzi yerlərdə mental maneələr var.

Hər il minlərlə gənc qız təhsilini davam etdirmək üçün universitetlərə daxil olur, minlərlə gənc məzun qız ixtisaslarına uyğun işlərdə çalışmağa başlayırlar, karyera qururlar.

Eyni zamanda minlərlə qız təhsillərini yarımçıq dayandırır, karyeralarına son verir, ailə qururlar. Normaldır.

Bu baxımdan qadınların seçimi var və onlar öz seçimlərini edirlər.

Ailədaxili zorakılıq məsələsinə gəlincə, boşanma statistikası göstərir ki, yuvarlaq götürsək, hər üç ailədən biri dağılır. Yəni ildə 30 mindən artıq ailə qurulur, təxminən 10 min ailə dağılır. Dağılan ailələrdə zorakılıq halları danılmazdır. Ailədaxili zorakılıq ifrat həddə çatanda artıq ailəni qoruyub saxlamaq olmur.

Ancaq bu o deməkdir ki, hər üç ailənin ikisi ilk və yüngül zərbələrdən dağılmayacaq qədər möhkəmdir. Hər halda, bəzən ailədaxili söz-söhbət olsa da, ailələrin çoxunda mehribanlıq hökm sürür.

Başqa sözlə, ölkəmizdə bu problem indilikdə böyük qadın hərəkatına başlanmasına səbəb olacaq aktuallıqda deyil. Nahaq yerə öz ölkəmizi hüquqsuz qadınların əzildiyi ölkə kimi qələmə verməyək. Belə durum yoxdur.

Təəssüf ki, Selcanın dostlar və himayədarlar dəstəsinin sırasında Azərbaycan himni çalınanda ayağa qalxıb arxasını çevirən, 10 ildən bəri Ramil Səfərovu erməni hərbçi Qurgeni öldürdüyünə görə bağışlamayan, dönüb-dönüb Mübariz İbrahimovu cani adlandıran antimilli adamlar var.

Belə çıxır ki, feminist olan hər kəs mütləq öz xalqına və onun illərin sınağından keçib-gəlmiş adət-ənənələrinə qarşı olmalıdır. Elə deyil. Dədə Qorqud dövründən bəri xalqımız qadınına, qızına böyük dəyər verib, verməkdədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR