Medvedyev ruslara xəbərdarlıq etdi: “Bizi daha ağır günlər gözləyir”
Xarici təzyiqlərin artacağı, neftin qiymətinin çox aşağı səviyyədə qalacağı təqdirdə Rusiya yeni iqtisadi reallığa hazır olmalıdır.
Musavat.com-un Rusiya qaynaqlarına istinadən verdiyi xəbərə görə, bu barədə baş nazir Dmitri Medvedyev parlamentin bugünkü iclasında hesabatla çıxışı zamanı bildirib.
“Heç bir illüziya ola bilməz. Bu gün biz təkcə qısamüddətli böhranlı hallarla rastlaşmırıq”, - deyə o, xəbərdarlıq edib.
Baş nazir etiraf edib ki, əgər xarici təzyiqlər artsa, neftin qiyməti ekstremal aşağı səviyyədə qərar tutsa, ölkə başqa bir reallıqda inkişaf eləmək zorunda qalacaq.
“Bu reallıq, necə deyərlər bütün dolağı ilə bizim hamımızın möhkəmliyini sınağa çəkəcək” – qeyd edib Medvedyev. O, xarici iqtisadi təzyiqləri “Krıma görə haqq-hesab” adlandırıb.
”Ölkəmiz bu ssenaridən qaça bilərdimi? Qaça bilməzdi” - deyə hökumət başçısı əlavə edib.
Musavat.com






