Rusiyanın NTV kanalının reportajında deyilirdi ki, D.Medvedyevə oradan yeni açılan Bayraq Meydanı və dünyada ən hündür olan bayraq qülləsi göstərilib. Daha sonra “Gülüstan” sarayında Rusiya prezidentinin şərəfinə rəsmi ziyafət verilib. Orada prezidentlər qısa nitqlə çıxış ediblər. Ardınca səfərin qeyri-rəsmi hissəsi başlayıb və ora nə rusiyalı, nə yerli jurnalistlər buraxılmayıb. Bildirilir ki, prezidentlər xanımları ilə birlikdə “Gülüstan” sarayındakı ziyafətdən sonra Bakının mərkəzini gəziblər, daha sonra onlar Milli Parka gələrək yaxtaya əyləşiblər və Xəzərdə gəzintiyə çıxıblar. Prezidentlərin gəzintisi ilə bağlı şəhərin mərkəzi küçələrində nəqliyyatın hərəkəti gecə saatlarına qədər dayandırılıb.
Yeni sarayın ilk qonağı
Dünən isə prezidentlər arasında rəsmi danışıqlar keçirilib. Prezident İlham Əliyev qonağı özünün Bakıda yeni açılmış “Gənclik” iqamətgahında qəbul edib. NTV telekanalı qeyd edir ki, Medvedyev bu sarayda birinci qonaqdır. Rusiyalı jurnalist sarayın ilyarım ərzində inşa edildiyini bildirir. Proqramda nəzərdə tutulduğu kimi prezidentlər rəsmi qarşılama mərasimindən sonra əvvəlcə təkbətək danışıqlar aparıblar, daha sonra nümayəndə heyətləri danışıqlara qoşulub. Danışıqların gündəmi isə xeyli sıx olub. Kreml administrasiyasındakı yüksək rütbəli mənbə Əliyevlə Medvedyevin əsasən Dağlıq Qarabağ münaqişəsini və iki ölkə arasında hərbi-texniki əməkdaşlığı müzakirə edəcəklərini görüşdən əvvəl jurnalistlərə bildirib. Mənbə deyib ki, Rusiya tərəfi Qarabağ məsələsində Ermənistanla Azərbaycan arasında “pozitiv meyllərin” müşahidə edildiyini hesab edir. “Biz hesab edirik ki, həmişə nəzərə çarpmasa da irəliyə doğru hərəkət var: situasiyanı siyasi nizamlama məcrasında saxlamaq mümkün olur və razılaşma əldə edilməsi istiqamətində tədricən irəliləyiş baş verir” deyə, mənbə bildirib. Kreml rəsmisi hərbi-texniki əməkdaşlıq məsələlərinə dair müzakirələr çərçivəsində Azərbaycana S-300 raketlərinin satışının da müzakirəsini istisna etmirdi.
Dostluq jesti: Əliyev gömrükdə tutulan 5 qədim ikonanı həmkarına verdi
İkitərəfli görüşü açıq elan edən prezident İlham Əliyev də gündəliyin kifayət qədər zəngin olduğunu söyləyib: “Sizin Azərbaycana səfəriniz əlaqələrimizin daha da inkişafı baxımdan çox mühümdür, xüsusilə o halda ki, bizim müzakirə edəcək mövzularımız var”. İ.Əliyev iki ölkə arasında münasibətlərin səmimi, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə edib. Medvedyev Azərbaycan prezidentinin bu dəyərləndirməsi ilə razılaşıb: “Ümidvaram ki, biz ikitərəfli münasibətlərimizin mövcud durumunu, regional gündəmi, beynəlxalq məsələləri müzakirə edə biləcək və mühüm sənədlər imzalayacağıq. Bizim təkcə Bakı və Moskvada deyil, digər sammitlər zamanı da mütəmadi görüşlər keçirməyimiz uzun illər davam edəcək sıx, şəffaf və dostluq münasibətlərinin əsasıdır. Biz Rusiya-Azərbaycan münasibətlərini belə görürük .” İlham Əliyev Medvedyevlə görüşün yekununda ona Azərbaycan sərhədindən qeyri-qanuni keçirilərkən müsadirə edilən rus kilsəsinə məxsus 5 ikonanı Rusiya tərəfinə təqdim edib. “Biz bunları sizə veririk, ona görə ki, bunlar sizin ölkənizdə saxlanmalıdır” deyə, prezident İlham Əliyev bildirib. O deyib ki, ikonaları Azərbaycana keçirmək istəyən şəxslər tutulub və məsuliyyətə cəlb edilib. Rusiya prezidenti ikonalara görə Azərbaycan tərəfinə təşəkkür edib və bunu dostluq jesti adlandırıb.
“Qazprom”a satılan qaz arta-arta gedir
Rəsmi danışıqların başa çatmasından sonra tərəflər arasında üç sənədin imzalanması mərasimi və prezidentlərin brifinqi olub. İmzalanan sənədlər dövlət sərhədi haqda müqavilə və ona əlavə, 2011-2012-ci illərdə qaz alqı-satqısına dair və Samur çayından rasional istifadə və su resurslarının mühafizəsi ilə bağlı sazişlərdir. Qaz alqı-satqısına dair müqaviləni “Qazprom” prezidenti Aleksey Miller və ARDNŞ prezidenti Rövnəq Abdullayev imzalayıblar. Anlaşma gələn il Rusiyaya satılacaq qazın həcminin ikiqat artırılaraq 2 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur. Miller gələcəkdə Azərbaycanın Rusiyaya qaz satışını yenə artıracağını deyib. Prezidentlərin brifinqi zamanı Medvedyev iki ölkə arasında enerji əməkdaşlığına toxunaraq deyib ki, Moskva region ölkələrinin öz enerji strategiyalarının olmasını hörmətlə qarşılayır. Eyni zamanda Azərbaycanla bu sahədə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır. Medvedyev Azərbaycanla Rusiyanın enerji məsələlərinə həsr edilmiş sammit təşkil etmək niyyətlərini də açıqlayıb. Azərbaycan prezidenti isə bu barədə danışarkən ölkəsinin Rusiyaya daha çox enerji daşıyıcısı nəql etmək marağında olduğunu bildirib.
Əsas məsələ: Gümrü bazasına dair protokolun məqsədi regionda yeni müharibəni əngəlləməkdir
Ermənistandakı Rusiya hərbi bazasının dislokasiya müddətinin uzadılmasına dair ötən ay imzalanmış protokolla bağlı məsələnin prezidentlərin danışıqlarında hansı formada müzakirə olunduğu barədə məlumat yoxdur. Ancaq Rusiya dövlət başçısı bu məsələyə mətbuat konfransında münasibət bildirib: “Rusiya ilə Ermənistan arasında imzalanan hərbi-texniki müqavilə hər hansı bir prinsipial əhəmiyyət daşımır. Rusiyanın Gümrüdəki hərbi bazası və bu bazanın dislokasiya müddətinin uzadılması Azərbaycan üçün heç bir təhlükə kəsb etmir. Biz özümüz də qafqazlı hesab olunuruq. Buna görə də, sözügedən müqavilə regionda bir növ təhlükəsizliyin qarantı kimi çıxış edir. Yəni biz bölgədə sülhün olmasında maraqlıyıq .”Mənim Ermənistana səfərinin nəticələrini də belə dəyərləndirmək lazımdır. Burada heç bir gizli və ya digər niyyət mövcud deyil" deyə, o qeyd edib. Rusiya prezidenti Qarabağdan danışaraq deyib ki, Azərbaycan və Ermənistan münaqişəsinin nizamlanmasına dair təmasların intensivliyini azaltmamalıdır. O son dövrlər Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşlərin mütəmadi xarakter aldığını vurğulayıb: “Bu təmasların intensivliyi aşağı düşməməlidir. Rusiya Minsk Qrupu çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə hazırdır. Biz həmçinin qonşu dövlət kimi mənəvi öhdəliklərimizi də yerinə yetirməyə hazırıq. Mən bu cür əlaqələri davam etdirməyə və gündəlikdə qalan ən mürəkkəb məsələləri müzakirə etməyə hazıram”. İlham Əliyev vasitəçilik missiyasına görə rusiyalı həmkarına təşəkkür edib: “Əminəm ki, Rusiya prezidentinin iştirakı pozitiv rol oynayır və onun iştirakı ilə keçirilən daha effektli olur”.
Mətbuat konfransında rusiyalı jurnalistlər Bakıda keçirilməsi nəzərdə tutulan Xəzər sammitinə hazırlıq işlərinin ləngiməsi ilə maraqlanıb. İ.Əliyev deyib ki, Azərbaycan Xəzəryanı ölkələrin Bakı sammitinə hazırlıq işlərini davam etdirir. Onun sözlərinə görə, hazırlıq işləri istiqamətində heç bir problem və maneə yoxdur. Prezident bildirib ki, yaxın vaxtlarda artıq sammitin keçiriləcəyi tarixlə bağlı ortaq fikir müəyyən olunacaq.
Ermənilər nə deyir?
Ermənistan mətbuatı Medvedyevin Bakıya səfəri ərəfəsində Moskvanın İrəvana ünvanlanmış 3 mesajına diqqəti cəlb edir. Səfər qondarma Dağlıq Qarabağ “respublikasının” elan olunduğu günə təsadüf edib. Sentyabrın 1-də Rusiyanın birinci xanımı Svetlana Medvedyeva Moskvada erməni marşalı, əslən qarabağlı olan Baqramyanın adı verilən orta məktəbə baş çəkib. Həmin gün Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Ermənistanın Moskvadakı səfiri Oleq Yesayanı qəbul edib. Erməni diplomatik mənbələri bildiriblər ki, Yesayana Medvedyevin Bakıya səfərinin təfərrüatlarını çatdırıblar və Ermənistanın narahatlığı üçün əsas olmadığını deyiblər. Nəhayət, Kreml administrasiyasının keçmiş rəhbəri, Rusiya prezidentinin administrasiyasında hələ də güclü təsirə malik olan Aleksandr Voloşin İrəvana səfər edib.






