İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pərviz Həşimli girovluqda saxlanılır”

1303 18.12.2013 13:07 Media A A
Dekabrın 18-də RATİ-nin ofisində həbsdə olan jurnalist Pərviz Həşimlinin atası mətbuat konfransı keçirdi. Tədbirdə P.Həşimlinin ailə üzvləri, media nümayəndələri ilə yanaşı, AXCP sədri Əli Kərimli, partiya sədrinin müavinləri də iştirak edirdi.

P.Həşimlinin atası Kamran Həşimov dedi ki, seçki öncəsi oğlunun hədəfə çevrilməsi təsadüf olmayıb. P.Həşimlinin ATƏT nümayəndələri ilə seçkinin monitorinqini aparacağını deyən atasının sözlərinə görə, oğlu siyasi sifarişlə həbs edilib. Çıxışçının sözlərinə görə, hələ prezident seçkisi ərəfəsində P.Həşimli barəsində sifarişli yazılar dərc edilib: “Pərviz Həşimli bu yazıları dərc edənlərə etirazını bildirib. Bundan sonra MTN Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev Pərvizə zəng edərək onu həbslə hədələyib. Həmin vaxt Pərviz Ramiz Mehdiyevə elektron poçtla məktub ünvanlanmışdı. Eyni zamanda ABŞ səfirinə də məlumat verilmişdi”.

K.Həşimov dedi ki, əsas məsələ oğlunun qanunsuz olaraq MTN-də  saxlanılmasıdır. Birbaşa ölkə prezidentinə bununla bağlı müraciət etdiyini xatırladan atanın sözlərinə görə, pansionatda böyütdüyü övladına qarşı bu cür haqsızlıq yolverilməzdir: “Balamı nələrinsə xatirinə oyuna saldılar, həbs etdilər”.

Atasının bildirdiyinə görə, MTN-də Antiterror Mərkəzinin rəisi,  general mayor olan Elçin Qulyev qanunsuz olaraq istintaqa müdaxilə edərək oğluna təzyiq edir. K.Həşimov vurğuladı ki, hər gün oğlunun başına qara torba keçirib E.Quliyevin hüzuruna aparırlar: “Orda deyirlər ki, dediyimizi eləməlisən. Pərvizi döyürlər, psixoloji təzyiq edirlər. Oğlum heç kimə böhtan atası deyil. Elçin Quliyev qanunları pozur. Pərviz girov saxlanılır”. 
Jurnalistin atası dedi ki, oğlunun üzünə duran Təvəkkül Qurbanov adlı şəxs müflisləşmiş adamdır və əvvəldən də MTN-ə işləyib. 

K.Həşimov dedi ki, İ.Əliyevə müraciətində “əgər bu məsələ sübut olunsa, mən də oğlumla birgə həbsə getməyə hazıram” yazıb: “Əgər siyasi fəaliyyət qadağan olunubsa, bunu konstitusiya ilə qadağan etsinlər ki, birpartiyalı sistemdir. Mən özüm YAP-çıyam”.
Jurnalistin atası dedi ki, hazırda P.Həşimlinin Əli Kərimliyə pul köçürməsi iddiası üzərində işləyirlər. Onun sözlərinə görə, oğlunu qapazla vurublar, döyüblər və bunların da yeri qalmayıb: “Mentalitetə ziyan vuran sözlərlə təhqir ediblər. Bəlkə Pərvizin də başına qara torba keçirəndə ürəyi partlayardı? 

Bu, girovluqdur. Bu adamı MTN-də girov saxlayırlar. Pərvizə isə ayaqyolu yanında çörək yedirdirlər. Bu çörəyin günahı sizin üzərinizdədir. Onu köçürsünlər Ədliyyə Nazirliyinin təcridxanasına".

AXCP sədri Əli Kərimli isə dedi ki, P.Həşimli siyasi fəaliyyətinə görə girov götürülüb və onunla girovlarla davrandıqları kimi davranırlar. Partiya sədrinin sözlərinə görə, burda da P.Həşimlini böhtançı kimi formalaşdırmaq və ona mənən zərbələr vurmağa çalışırlar: “Bu məşəqqətlərə baxmayaraq, Pərviz öz ləyaqətini qoruyur. Nə özünə, nə də başqalarına böhtan deyir. Bununla dostlarının başını uca edir. Bu imtahan onun bir şəxsiyyət kimi özünü təsdiq eləməsinə fürsət yaradır. Allah qoysa, çox qalmayacaq”.
Ə.Kərimlinin sözlərinə görə, hakimiyyətin ona nifrəti o qədər böyükdür ki, nəinki cəbhəçiləri, nazirləri də ona görə tutmaq istəyir: “Pərviz məcbur edilir ki, hansısa məmurlardan pul alıb mənə ötürdüyünü desin”.

Hüquq müdafiəçiləri Pərviz Həşimli ilə görüşdülər

Dünən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və köməkçisi Elçin Şirinov MTN-in İstintaq Təcridxanasında və müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, istintaq təcridxanasında saxlanılan Pərviz Həşimli ilə görüşüblər: “Pərviz Həşimli təcridxanada şəraitin normal olduğunu bildirdi. Gündə üç dəfə yeməklə təmin olunur, havaya çıxarılır. Dekabrın 17-də ailəsi ilə telefon əlaqəsi yaradıb. Bir dəfə isə həyat yoldaşı ilə görüşə icazə verilib. O, telefon danışıqlarının mütəmadi olmasını istəyir. Mən bu məsələni qaldırdım. Dedilər ki, şərait yaradılacaq. Narazılığı istintaqın ləng aparılmasındandır. Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyir. Mən bu məsələni də istintaq təcridxanasının rəhbərliyinə çatdırdım. Bildirdilər ki, onun MTN-də saxlanılmasına məhkəmə qərar verib. Bu barədə məhkəmə qərarını mənə göstərdilər. Saxlanma yerinin dəyişdirilməsi məhkəmənin səlahiyyətindədir. Pərviz Həşimli müstəqil qəzetlərin ona verilməsini də xahiş etdi. O, ötən məhkəmə prosesi zamanı ona işgəncə verilməsini, intihar etmək istəməsini demişdi. Mən bununla bağlı dəfələrlə soruşdum. Dedim ki, ictimaiyyət məndən xəbər gözləyir. Kim işgəncə verirsə, nə problem varsa, söylə, araşdıraq. O da mənə dedi ki, bununla bağlı fikirlərini məhkəməyə yazıb verib. Söylədi ki, əlavə bir şey demək istəmir. Mən bunu da istintaq təcridxanasının rəhbərliyinə bildirdim. Bildirdilər ki, belə bir şey olmayıb. Pərviz Həşimli məhkəməyə aparılarkən qeydlərinin əlindən alınması məsələsini də soruşdum. Dedilər ki, oxuyub özünə qaytarıblar”.

Sevinc TELMANQIZI
Fotolar, Video: Məhəmməd TÜRKMƏN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR