İnsanlara hürriyət, millətlərə istiqlal!

ANAR MƏMMƏDXANOV “VURULDU”

4479300 25.02.2009 08:57 Media A A

Ölkənin nüfuzlu “Turan” agentliyi də problemin siyasi olduğunu, hətta saytın Rusiyanın baş naziri Putinin Azərbaycan iqtidarına müraciətindən sonra bağlanması versiyasının mümkünlüyünü qeyd etmişdi. Proseslərin gedişi göstərir ki, bu cür versiyalar özünü doğrultmaqdadır.
Dünən günün sonlarına yaxın məlum oldu ki, day.az və today.az layihələri satılıb. Bu barədə APA-ya layihələrin baş redaktoru Elnur Baimov məlumat verib. Onun sözlərinə görə, layihələrin satılması ilə bağlı məsələləri təsisçi həll etdiyi üçün onun detallar barədə məlumatı yoxdur. Hansı ki, cənab Baimov son günə qədər iddia edirdi ki, onun rəhbərliyi altında olan saytlar yaxın günlərdə işə düşəcək və heç bir ciddi problemi yoxdur. İndi isə E.Baimov APA-ya bildirir ki, o, layihənin yeni təsisçisi ilə birlikdə çalışmayacaq. Kollektiv üzvlərinin də layihədə qalıb-qalmayacaqları hələlik məlum deyil.
day.az-ın təsisçisi Anar Məmmədxanov isə “Yeni Müsavat”a açıqlamasında faktı təsdiqləyib. Müsahibimiz bildirdi ki, E.Baimov doğrudan da yeni təsisçi ilə işləməyəcəyini söyləyib: “Deməyib ki, mənimlə işləməyəcək. Mən artıq təsisçi deyiləm. Mən sabah saytın yeni təsisçisinin kimliyi, bu olayın niyə belə cərəyan etməsi barədə geniş açıqlama verəcəyəm. Bu gün bunları danışmaq istəmirəm”.

***

Xatırladaq ki, bu il fevralın 18-də day.az və today.az layihələri fəaliyyətini dayandırıb. Əvvəlcə saytlarda layihənin başa çatması barədə məlumat yerləşdirilsə də, daha sonra onların fevralın 25-də fəaliyyətə başlayacağı barədə məlumat verildi. Lakin fevralın 24-də layihənin satıldığı məlum olub. Saytın təsisçisi Anar Məmmədxanov portalın fəaliyyətinin dayandırılmasını saytın texniki problemlərlə üzləşməsi ilə izah etdi. Bu gündən saytın öz fəaliyyətini davam etdirəcəyi nəzərdə tutulub. Bu barədə həm saytın keçmiş rəhbərliyi məlumat verib, həm də saytda bu məlumat öz əksini tapıb.
Amma son günlər saytın fəaliyyətini dayandırması ilə bağlı daha yeni versiyalar üzə çıxıb. Bunlardan biri day.az-ın Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun “Komsomolskaya pravda” qəzetinə verdiyi müsahibəni ilk olaraq yayımlaması və bununla da ajiotaja səbəb olmasıdır. Xatırladaq ki, sözügedən müsahibə hakimiyyətin nüfuzuna ciddi zərbə vurmuşdu. Bir müddət gündəmi məşğul edən bu müsahibənin hansı səbəbdən day.az-da yayımlanması indiyə qədər ciddi suallardan biri sayılır. Bu iqtidarın heç kimə heç nəyi bağışlamaması qaydasını nəzərə alanda isə day.az-ın aqibəti gözlənilən idi.
Xatırladaq ki, day.az 2003-cü ildə yaradılıb. Saytın təsisçisi dünənə qədər millət vəkili Anar Məmmədxanov idi.  Hansı ki, hörmətli deputat bir vaxtlar İlham Əliyevə ən yaxın adamlardan biri sayılırdı. Sonradan nədənsə o, prezidentin ətrafından uzaqlaşdırıldı, komandaya daxil edilmədi. Onu hətta Eynulla Fətullayevlə yaxınlığına və telefon danışıqlarına görə dəfələrlə MTN-də dindiriblər. Hətta 2007-ci ilin ortalarında millət vəkilini həbs etmək istəyiblər. Yalnız prezidentin buna razı olmaması Anar bəyi xilas edib.
Lakin indi görünür ki, bir vaxtlar İlham Əliyevin qeyri-rəsmi siyasi texnoloqu olan Anar Məmmədxanov yenidən hədəfdədir. Onun əlindən kütləvi informasiya vasitələrini aldılar; artıq Məmmədxanova qeyri-rəsmi olaraq siyasətlə məşğul olmaq qadağası da qoyulub. Onun həbsinin növbəti dəfə gündəmə gəlməsi də mümkündür; amma bu dəfə prezidentin məsələyə hansı münasibət bəsləyəcəyi açıq qalır.
Görünən budur ki, deputat Məmmədxanov bütün siyasi immunitetini itirib. Qalıb bircə deputat toxunulmazlığı. Amma bu ölkənin deputatın başına torba keçirib, özünü də möhkəm döymək qədər acı örnəyi var...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR