Virtualaz.org saytına nə oldu?
Dünən gecədən başlayaraq virtualaz.org saytı yenilənmir. Bundan əvvəl Eynulla Fətullayevin sahibi olduğu rusdilli haqqin.az saytı da haker hücumuna məruz qalmışdı. Gecə saatlarında isə eyni aqibət virtualaz.org saytının başına gəlib.
Hazırda sayt açılsa da, yeni xəbər yoxdur.
E.Fətullayevin sosial şəbəkədə yaydığı məlumata görə, bu, son günlər saytda yer alan materiallarla bağlıdır və haker hücumudur.
Virtualaz.org saytın baş redaktoru Famil Cəfərlinin musavat.com-a verdiyi məlumata görə, haker hücumunun nəticələri artıq aradan qaldırılmaq üzrədir, yaxın dəqiqələrdə sayt yenilənəcək.
Qeyd edək ki, Fətullayev hazırda nəqliyyat naziri Ziya Məmmədovla, onun qardaşı, deputat Elton Məmmədovla mətbuat müharibəsi vəziyyətindədir. Buna səbəb jurnalistin rəhbərlik etdiyi saytlarda Elton Məmmədovun oğlu Aynar Məmmədovun bahalı maşınlarda avtoxuliqanlıq etməsinə dair gedən yazılardır.
musavat.com






