Gecəyarısı qəfil xəbər
Qəzetçilərin sensasiya arxasınca qaçmaları normaldır. Bunu peşələrinin spesifikliyi tələb edir. Bir qəzetçinin gecə saat 1-də əlinə düşən sensasion məlumatı yayması da normaldır – bunu da sektordakı rəqabət tələb edir.
Ancaq sensasiya marafonuna çıxan bir qəzetçinin fəhmi, duyumu, altıncı hissi də olmalıdır ki, onun əliylə “ilan tutmaq” istəyənlərin gecə yarısı ötürdükləri “sensasion məlumat”dakı yalançı kompromatı gerçək xəbərdən ayıra bilsin və özünü saxlayaraq əlinə düşən xəbəri yaymasın.
Dünən gecə başımıza belə bir xoşagəlməz, amma bir az da adamın özünə güvənini artıran hadisə gəlib.
İzninizlə başdan başlayaq. Həftənin əvvəlində Türkiyədə populyar olan “Haberturk” qəzetinin saytında Azərbaycanla bağlı olduqca maraqlı bir yazı dərc olunmuşdu. Məlumatda avqustun 17-də İstanbulda qumar borcu üstündə öldürülmüş “Qoca” ləqəbli kriminal avtoritetin qətlindən söhbət gedirdi. Bu xəbəri dilimizə uyğunlaşdırıb yaydıq.
Sayt polisdən aldığı məlumatlara əsasən iddia edirdi ki, “Qoca”nı, yəni iş adamı Əli Həmidovu keçmiş ortağı, azərbaycanlı mafiya babası Rövşən Canıyev öldürtdürüb. Yazıda bir sıra maraqlı detallar da vardı. Onlardan biri beləydi: “Caniyev Qafar adlı azərbaycanlı kəşfiyyatçının köməyi ilə Həmidovun izini İstanbulda tapıb. Edamı Qafar planlaşdırıb. İstanbula gələn və 5 ulduzlu bir oteldə qalan azərbaycanlı kəşfiyyatçı məlumatları Hacı G. ( 32) adlı tətikçiyə ötürüb”.
Ancaq görün, Azərbaycanda mənsəb və sərvət davası aparanlar xəbərdə adı çəkilən “kəşfiyyatçı Qafar” ifadəsindən necə yararlanmaq istəyiblər.
Hələlik bizə naməlum olan internet istifadəçisi dünən gecə saat 1-də “Habertürk” saytının redaktoru Murat Bardakçının adından qəzetimizin baş redaktoru Rauf Arifoğlunun ünvanına bir fotoşəkil və belə bir ismarış göndərib: “Sayın Rauf bey! Son günler Azerbaycan medyasında sürekli tartışılan bu konuyla ilgili yayınlanmış olan haberin ilginizi çekecegini sandım. Ekdeki fotoya dikkat edin”.
“Ekdeki foto” isə nədən ibarət olsa yaxşıdır? Bu, sayta yerləşdirilmiş bir şəkilli xəbərin fotosu olub, ancaq bir az böyütdükdə orada belə bir xəbərin yerləşdirildiyini görürük. Xəbərdə bildirilir ki, Əli Həmodovun öldürüldüyü gün qətlin törədildiyi oteldə Rövşən Canıyev (guya ki, o, Türkiyəyə Rövşən Əliyevin adına olan pasportla daxil olub) DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəsi, general Mirqafar Seyidovla görüşüb və sui-qəsd təlimatını ondan alıb.
R.Arifoğlu xəbərin bu şəkildə ötürülməsindən şübhələnərək, növbətçi əməkdaşımızla birlikdə araşdırma aparıb, məlum olub ki, “Haberturk” qəzetinin saytında ümumiyyətlə belə bir informasiya yerləşdirilməyib, onun ünvanına göndərilən “xəbər daşıyan” fotoşəkil isə olduqca ustalıqla hazırlanmış fotomontaj əsəridir.
Təbii ki, bu “material”ı göndərənlər hesablayıblar ki, bir qayda olaraq, əlinə düşən materialı, xüsusilə də başqa ölkələrin ciddi saytlarında işıq üzü görən məqalələri dilimizə çevirib yayan qəzet və sayt bunu da edəcək və Mirqafar Seyidovun adının hallandırıldığı material ən azı saytda dərc olunacaq.
Belə bir məlumatın yarım saatlıq da olsa (əslində onlar bu ittihamın təkzibinin ən tezi gündüz saat 10-11-də gələcəyini də hesablayıblar) saytda görünməsi həmin naməlum dairəyə kifayət edərdi ki, onu “skrinşot” edib götürsünlər, sonra musavat.com-a istinadən başqa saytlara ötürsünlər və yalan bir xəbər zəncirvari şəkildə mediada dolaşsın.
Onlar bilirlər ki, çətini bir adamın üzərinə bu cür ağır cinayətdə ittihamın iftirası atılana qədərdir, sonra o, həmin çamuru nə qədər yusa da izi qalacaq.
Söz yox, bu hadisədə iki məqsəd ola bilər: 1. General Seyidovu bu yolla sıradan çıxarmaq; 2. “Yeni Müsavat”ı durduğu yerdə məhkəmə prosesinə cəlb etdirmək.
Ancaq qəzeti asanlıqla tələyə salacaqlarını güman edənlər onu da bilməliydilər ki, müasir telekommunikasiya imkanları əlavə araşdırmalar aparmağa da imkan verir. Üstəlik, 20-24 ilin qəzetçiləri bir generalın gedib İstanbulda sui-qəsd planlayacağına, tətikçilik edəcəyinə inanacaq qədər sadəlövh deyil – yaxşı xəbəri əldən buraxmaq istəməsələr də.
Bir daha belə şey eləməyin, cənab “ilantutanlar”!






