İnsanlara hürriyət, millətlərə istiqlal!

ELMAR HÜSEYNOV MÖVZUSU QAPANDI?

1478 12.07.2011 09:13 Media A A
“Mənim üçün Elmar Hüseynov məsələsi qapandı” deyən E.Fətullayev aşağıdakıları da vurğulayıb: “Şahbaz Xuduoğlu ilə birlikdə Elmarın qətli ilə bağlı bir ictimai komissiya da yaratmışdıq. Paralel ictimai təhqiqat da həyata keçirdik. Bir dost və həmkar olaraq əlimdən nə gəlirdisə, etdim. Hesab edirəm ki, bacardığım qədər etdim və həm ictimaiyyət, həm də həmkarlarım bu məsələdə mənim şahidimdir”.
E.Fətullayev bu istiqamətdə gördükləri işlərin sırasında Tiflisdə qətlin icraçıları ilə görüşlərini, bu barədə apardıqları işi də nəzərə çatdırıb.
Maraqlıdır, digər həmkarları da E.Fətullayevin bu fikrini bölüşürmü? Doğrudan da bu mövzuda ediləcək heç nə qalmayıb?
Elmar Hüseynov Fondunun həmtəsisçisi, “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu bildirdi ki, jurnalist həmkarları bu mövzu ilə bağlı əllərindən gələni ediblər. İctimai Təhqiqat Qrupu, bu mövzuda aparılan araşdırmalar, cəmiyyətin maarifləndirilməsi və s. görülən işlərə misaldır. Ş.Xuduoğlu hesab edir ki, qalan işlər hüquq-mühafizə orqanlarının funksiyasına daxildir: “Çox təəssüf ki, bu mövzu ildə iki gün gündəmə gəlir: Elmarın ölüm və doğum günündə. Amma söz uğrunda, azad mətbuat adına mübarizədə qəddarlıqla qətlə yetirilən bir insanın ildə cəmi iki gün xatırlanması heç də doğru deyil. Media qurumları da onun adı ilə bağlı müəyyən tədbirlər həyata keçirməlidir. Söz adına, azad sözə hörmət olaraq bu mübarizə dayandırılmamalıdır”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə hesab edir ki, bu mövzu heç kim üçün qapanmayıb: “Qətlin icraçıları, sifarişçiləri tapılana qədər mövzu açıq olaraq qalır. Artıq media bu mövzuda heç nə edə bilməz. Çünki media əvvəlki media deyil, 2005-ci ildən bu yana çox şey dəyişib. Hər halda, lazımi dairələrdə, yerli və beynəlxalq təşkilatlarda da Elmar Hüseynovun qatilləri ilə bağlı lazımi məlumat var”.
M.Əliyev hesab edir ki, müəyyən siyasi məqamlar üzə çıxanda, ölkədə ciddi siyasi dəyişikliklər olanda bu məsələ də çözüləcək.
Yeri gəlmişkən, deyək ki, iyulun 17-də “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun ad günü qeyd ediləcək. Ölümündən bəri hər il həmkarları və yaxınları tərəfindən məzarı başında yad edilən mərhum redaktorla bağlı bu il də ənənə dəyişməyəcək. Bu barədə Şahbaz Xuduoğlu məlumat verdi. Daha öncə “Qanun” nəşriyyatı E.Hüseynovun məqalələrindən ibarət iki kitab nəşr etdirmişdi. Ş.Xuduoğlu bu seriyanın davam etdiriləcəyini istisna etmədi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR