İnsanlara hürriyət, millətlərə istiqlal!

İQTİDAR QƏZETLƏRİ MÜXALİFƏTƏ NİYƏ SÖZ DEMƏK İMKANI YARATMIR?

1681 17.04.2011 09:04 Media A A
Müxalifəti xaricə işləməkdə, xaricdən maliyyələşməkdə ittiham edən, müxalifət partiyalardan gündə onlarla insanın istefa verdiyini iddia edən iqtidar mətbuatı bu məsələlərə müxalifətin rəyini öyrənmir. Bu isə “KİV haqqında” qanuna və jurnalistlərin peşə kodeksinə zidd olmaqla bərabər, həm də ölkədə söz və mətbuat azadlığının olmamasının göstəricisidir. Müxalifət mətbuatı olan “Yeni Müsavat” isə daim məsələlərə, hadisələrə iqtidar nümayəndələrinin də rəyini öyrənir, onların müsahibələrini dərc edir, eyni zamanda ölkədə baş verən mühüm hadisələrə iqtidar düşərgəsinin təmsilçilərinin də münasibət bildirməsinə şərait yaradır. Müxalifəti səhifələrində geninə-boluna təhqir edən, bu düşərgəyə gözdənsalma kampaniyası aparan iqtidar mətbuatı da bu addımı atacaqmı?
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirdi ki, Milli Məclisin orqanı olan “Azərbaycan” parlamentdə təmsil olunan bütün müxalifət partiyalarının nümayəndələrinin fikirlərinə səhifələrində müntəzəm olaraq yer verir: “Onlar vaxtaşırı qəzetimizdə çıxış edirlər. Amma müxalifət nümayəndələrinin özlərinin qəzetləri ola-ola bizim qəzetdə çıxış etmələrini, belə praktika görməmişəm. Bu barədə düşünərəm”. B.Sadıqov suala sualla cavab verdi: “Müxalifətlə bağlı məsələ necə olsun? Onlardan müsahibə götürüm, yoxsa qəzetdə yer ayıraq ki, onlar istədiklərini desinlər? Hələ ki baş redaktor olaraq belə bir zərurət görmürəm. Onların internet saytları, qəzetləri var, öz qəzetlərində, digər mətbu orqanlarında öz fikirlərini ifadə edirlər. Onların fikrinə bizim qəzetdə ehtiyac yaranmayıb. Amma belə bir maraqlı təklif kimi mən gələcəkdə müxalifət nümayəndələrinin də qəzetimizdə fikrilərinə yer ayırmaq barədə düşünə bilərəm”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktorunun müavini Nadir Azəri və məsul redartor Ramil Vəlibəyov isə suallarımıza cavab vermək istəmədilər. Həmçinin onlar qəzetin baş redaktoru Hikmət Babaoğlunun koordinatlarını verməkdən də imtina etdilər.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə yas mərasimində olduğunu bildirərək suallarımıza cavab vermədi.
AzərTAc-dan da məsələyə münasibət bildirmək istəmədilər. Ekspertlər isə iqtidar mətbuatının məsələyə birtərəfli yanaşmasının doğru olmadığını vurğulayırlar. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev dedi ki, bu cür məsələlər jurnalistlərin peşə etikası kodekslərində öz əksini tapır: “Peşə etikası kodeksində göstərilir ki, ən elementar jurnalist öhdəliklərindən biri də balanslaşdırmadır. Yəni, haqqında tənqid gedən insanların da çıxış etmək imkanını təmin etməkdir. Amma ”Kütləvi İnformasiya Vasitələri haqqında" qanunda cavab vermək hüququ deyilən bir məsələ var. Yəni qəzet hansısa bir tənqidi yazı ilə, əhəmiyyətli şəxs, təşkilat haqqında bir fikirlə çıxış edirsə, xüsusilə orada tənqid varsa, həmin həcmdə qarşı tərəfin də fikrini dərc etməyə borludur. Hətta onun müddəti də qanunda göstərilib. Detallar kodekslərdə öz əksini geniş şəkildə tapıb. Bundan başqa, jurnalistika anlayışının başlıca prinsiplərindən biri ondan ibarətdir ki, qəzet birtərəfli olmamalıdır, cəmiyyətdə mövcud olan müxtəlif fikirlərin əks etdirilməsinə şərait yaratmalıdır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR