İyunun 14-də Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Həmin şəxslər iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndində minaya düşərək həlak olan jurnalistlər Sirac Abışov, Məhərrəm İbrahimov və məmur Arif Əliyevdir.
Jurnalistlərin adının bu şəkildə ucaldılması , onların ölümündən sonra media camiəsində də rəğbətlə qarşılanıb.
“İki sahil ” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu addımın prezidentin insanların əməyinə verdiyi qiymətin, xalqına göstərdiyi diqqətin göstəricisi olduğunu bildirdi: “Bu həm də Azərbaycan vətəndaşlarının, mülki şəxslərin Ermənistanın cinayətkar və terror əməllərinin qurbanına çevrilməsi bütün bəşəriyyət üçün, dünya üçün bir təhdiddir. Hər bir beynəlxalq təşkilatı, böyük hüquqi dövlətləri, siyasət adamlarını narahat etməlidir. Mən Kəlbəcərdə həlak olan həmkarlarımıza orden verilməsini yüksək qiymətləndirirəm və bildirirəm ki, bu onların əməyinə verilən qiymətin nümunəsidir”.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli də jurnalistlərin ölümünün gündəmdə saxlanılmasının və bunun üzərindən Ermənistana qarşı təzyiqlərin artırılmasının vacibliyini vurğuladı: “Çox vacib bir nüans odur ki, hələ də Ermənistanın destruktiv addımları davam edir. Bu prizmadan yanaşsaq, jurnalistlərin şəhid olması gündəmdə qalmalı idi. İkinci məsələ odur ki, biz təkcə hərbi şəhidlər verməmişik, mülki sahədə də öz vəzifə borclarını yerinə yetirərkən şəhid olanlar var. Bunlar jurnalistlər və digər qeyri-hərbi ixtisas sahibləridir. Bu məsələ də önəmlidir. Üçüncü vacib nüans odur ki, bütövlükdə dünyada jurnalistlərin vəziyyəti, medianın durumu, onun həm də dünyada insan haqlarının vacib hissəsi olan söz azadlığı, fikir azadlığı ilə əlaqədardır. Jurnalistlərin məhz peşə fəaliyyətini yerinə yetirərkən şəhid olması qlobal əhəmiyyətə malik bir məsələni də gündəmə gətirdi. Qarabağla bağlı hazırda ən çətin problem minalarla bağlı vəziyyətdir. Bu səbəbdən minaların təmizlənməsi ilə bağlı məsələnin gündəmdə qalması və dünyaya Azərbaycanın səsini eşitdirmək istəyindən qaynaqlanması ilə bağlıdır”.
“Xalq cəbhəsi” qəzetinin redaktoru, politoloq Elçin Mirzəbəyli də bildirdi ki, Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olmuş media mənsublarımızın Prezident İlham Əliyev tərəfindən təltif edilməsi jurnalist əməyinə verilən yüksək qiymətin nümunəsidir: “Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olan jurnalistlərimizə şəhid statusunun verilməsi və həmkarlarımızın təltif edilməsi həm də cəmiyyətimizə verilən mühüm bir mesaj kimi qəbul olunmalıdır. Hansı vəzifəni daşımasından, hansı statusun sahibi olmasından asılı olmayaraq, Azərbaycan uğurunda fədakarlıq edən, vəzifəsini məsuliyyətlə yerinə yetirən Azərbaycan vətəndaşları xalqımızın da, dövlətimizin də gözündə qəhrəmandırlar. İllər keçsə də onların fədakarlıqları, qəhrəmanlıqları unudulmayacaq, jurnalistikaya yeni gələn gənclər üçün nümunəyə çevriləcəkdir. Dövlətin həmkarlarımıza verdiyi dəyər, özü-özlüyündə dəyər formalaşdırır. Gerçək qəhrəmanlıq, peşə məsuliyyəti və fədakarlığı nümunələri yaradır”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli bildirdi ki, bu dövlət başçısının vətən , torpaq naminə iş görənlərə diqqətinin göstəricisidir: “Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirərkən həlak olmuş KİV işçilərini- Sirac Abışov və Məhərrəm İbrahimovu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etməsi həm mənəvi, həm də siyasi önəm daşıyır. Prezident öz sərəncam və göstərişləri ilə şəhid jurnalistlərimiz məsələsini ölkə gündəmi etməklə yanaşı, həm də beynəlxalq aləmə daşıdı. Bilirsiniz ki, Qarabağ uğrunda savaşlar başlayandan bu günə kimi-təqribən 30 il müddətində o bölgələrdə 20-yə yaxın KİV işçimiz şəhid olub, ağır yaralanıb, sağlamlığını itirib. Bu şəxslər ölkə içində əziz tutulsalar da, problem qloballaşmayıb, hadisəni törədənlərə-ermənilərə qarşı əks-reaksiya doğurmayıb. Prezident İlham Əliyev Kəlbəcərdə şəhid olan jurnalistlər məsələsinə şəxsən sərt reaksiya göstərməklə, bu mövzu üzərində sistemli iş qurdurmaqla mövzunu qloballaşdıra bildi. Ən məşhur beynəlxalq təşkilatlar və dövlətlərarası birliklər mövzuya reaksiya vermək zorunda qaldılar. Hadisə baş verdiyi ilk günlərdə yalnız 3 beynəlxalq jurnalist təşkilatı və 1 beynəlxalq insan haqları təşkilatından reaksiya almaq mümkün olmuşdusa, sonrakı günlərdə Azərbaycanın apadığı sistemli iş nəticəsində durum dəyişdi. Bu günə qədər dünyanın məşhur 8 təşkilatından 5-i bəyanatla çıxış edib, hadisəni pisləyib, Ermənistanı qınayıb. İnsan haqları təşkilatları müstəvisində də durum belədir”.
Nərgiz Liftiyeva,
Musavat.com






