İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müfəttiş” 64 ildən sonra yenidən gəldi - FOTOLAR

2244 03.07.2016 12:45 Mədəniyyət A A
İyulun 1-2-də Akademik Milli Dram Teatrında “Müfəttiş” tamaşasının premyerası keçirilib. 

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın premyerasında gözlənilən anşlaq yaşanıb və böyük maraqla qarşılanıb. 

Səhnə əsərində İvan Aleksandroviç Xlestakov obrazını yaradan əməkdar artist Elşən Cəbrayılov premyera ilə bağlı musavat.com-a öz təəssüratlarını bölüşüb: “İkinci premyeranı oynadıq, bitdi. Bu tamaşanın üzərində çox əziyyətlər çəkdik. Lakin nəticədə çox gözəl tamaşa alındı. 64 ildən sonra N.V.Qoqolun “Müfəttiş”inin yüksək səviyyədə yenidən teatra qayıtması böyük bayramdır. Uzun illər, 20 yaşımdan arzulamışam ki, Xlestakovu oynayım və buna 39 yaşımda nail oldum. Bununla da fəxr edirəm. Səhnədə oynayan bütün aktyorlara öz təşəkkürümü bildirirəm. Hər birinin bu tamaşada öz əziyyəti olub”.

Premyeraya qatılan tamaşaçılar arasında xalq artistləri, incəsənət xadimləri, tanınmış ziyalılar da olublar. Xalq artisti Fuad Poladov musavat.com-a açıqlama verərək, tamaşanın maraqlı keçdiyini deyib: “Mikayıl ümidverici rejissordur. Mən həmişə onun işlərini maraqla izləyirəm. Bu günki tamaşa da maraqlıdır”.

Qeyd edək ki,  N.V.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan iki hissəli səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsərində xalq artistləri Rafael Dadaşov və Ramiz Novruz (Anton Antonoviç Skvoznik Dmuxanovski), Rafiq Əzimov (Osip), əməkdar artistlər Elşən Cəbrayılov (İvan Aleksandroviç Xlestakov), Şəlalə Şahvələdqızı və Nigar Güləhmədova (Anna Andreyevna), Kazım Həsənquliyev və Məzahir Cəlilov (Artemi Filippoviç Zemlyanika), Elxan Quliyev (İvan Kuzmiç Şpekin), Aslan Şirin və Elnur Qədirov (Pyotr İvanoviç Dobçinski), Əlvida Cəfərov (Osip), Firuz Xudaverdiyev (Xristian İvanoviç Qibner), aktyorlar Rövşən Kərimduxt (Ammos Fyodoroviç Lyapkin-Tyapkin), İlahə Həsənova (Marya Antonovna), Rəşad Bəxtiyarov (Luka Lukiç Xlopov), Ramin Şıxəliyev və Cümşüd Zeynalov (Pyotr İvanoviç Bobçinski) və Elgün Həmidov (Svistunov, meyxana xidmətçisi, Mişka, Şeytan) çıxış edirlər.

Xatırladaq ki, “Müfəttiş” əsəri Akademik Milli Dram Teatrının səhnəsində sonuncu dəfə 1952-ci ildə tamaşaya qoyulub. N.V.Qoqolun vəfatının 100 illiyinə həsr olunan həmin tamaşaya görkəmli teatr rejissoru Mehdi Məmmədov quruluş verib.

Xalidə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR