İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekranlarda əbədi yaşayan korifey aktyor: Ələsgər Ələkbərov-105

Bu gün Azərbaycan kino sənətinin ən parlaq nümayəndələrindən, milli aktyorluq sənətimizin korifeylərindən biri Ələsgər Ələkbərovun anadan olmasından 105 il keçir. Dramatik rolların əvəzolunmaz ifaçısı olan aktyorun yaratdığı obrazlar bu gün də öz təsirini itirməyib. 

Kino tənqidçiləri Ə.Ələkbərovun rollarında klassik aktyor sənəti məktəbinin gözəl ənənələrinin yaşadığını, hər aktyora müəssər olmayan yaxşı kino texnikasına malik olduğunu qeyd edirlər. 

Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyində, daha sonra Bakı Teatr Texnikumunda təhsil alıb. Bir müddət Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb. 

Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi qısqanclıq üstündə dağılıb.

O, Hökumə Qurbanovadan ayrılandan sonra bir rus qızı ilə evlənib. Bir neçə il Tiflis Azərbaycan Teatrında, Kirovabad Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb. Teatrda Maktuf ("Maqbet"), şah Zeyir ("Şahnamə"), Aydın ("Aydın"), Heydərbəy ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin") və s. olmaqla, onlarla rol oynayıb. 

Yaratdığı iki obraz - Vaqif ("Vaqif") və Otello ("Otello") yaradıcılığının zirvəsi hesab olunur. Bu obrazları Ələsgər Ələkbərovdan başqa digər aktyorlar da oynasalar da, onun obrazında bu rollar daha təbii və yaddaqalan alınıb.  

Aktyor Vaqifi çox canlı formada tamaşaçılara təqdim edib. Bu obraz teatr tariximizdə qazanılan ən böyük müvəffəqiyyətlərdən biri hesab edilir.

“Otello” tamaşasından Ələsgər Ələkbərovun şəkli Şekspir muzeyində indi də saxlanılır. Moskva dekadasında həmin tamaşanı seyr edən və heyran qalan ingilislər tamaşanı lentə alıb, aparıblar. Tamaşa vaxtı Moskva teatrının pərdəsi alqışlardan düz 17 dəfə bağlanıb və yenidən açılıb. 

Belə bir şayiə də var ki, rejissor Ədil Isgəndərov “Otello” tamaşasında baş rolu Ələsgər Ələkbərova verəndə onunla “qanlı bıçaq” imiş. Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov düşmən olduğu Ədil Isgəndərov haqqında “On sozdal menya” deyirmiş… 

Hətta bildirilir ki, zamanında incəsənət xadimlərinə fəxri adlar veriləndə hamı Akademik Dram Teatrına ayrılan fəxri adın Ələsgər Ələkbərova veriləcəyini gözləyirmiş. Ancaq bu fəxri ad teatrın rəhbəri Ədil Isgəndərova verilib. 

Bundan sonra Ələsgər Ələkbərov teatrdan çıxmaq üçün ərizə ilə Mədəniyyət Nazirliyinə müraciət edib. Mədəniyyət naziri Məmməd Qurbanovun etirazına baxmayaraq, o, teatrdan uzaqlaşıb. 

Ələsgər Ələkbərov bir də teatra 1959-cu ilin axırında - Ədil Isgəndərov vəzifəsindən uzaqlaşdırılandan sonra qayıdıb. Ancaq sonra özü də başa düşür və etiraf edirdi: “Isgəndərovsuz teatr həmin teatr deyil”.

Ə. Ələkbərov həm də bir sıra filmlərdə rol alıb. “Dovjenko” adına Kiyev kinostudiyasında çəkilən "Varislər" filmində “don Aqilla” rolunu uğurla oynayıb. Azərbaycan kinosunda Rüstəm kişi (Böyük dayaq”), Fətəli xan (Fətəli xan”) kimi yaddaqalan rolları da oynayıb. 

Onun yaratdığı Rüstəm kişi (“Böyük dayaq”) kinomuzun əvəzsiz obrazlarındandır. O, “Lətif”, “Almaz”, “Kəndlilər”, “Leyli və Məcnun” və “Uzaq sahillərdə” filmlərində  də unudulmaz  obrazlar yaradıb. 

O, 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb. Unudulmaz aktyor 31 yanvar 1963-cü ildə vəfat edib.

Xalidə Gəray
Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2020

BÜTÜN XƏBƏRLƏR