İnsanlara hürriyət, millətlərə istiqlal!

Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan ediləcək

1724 07.10.2021 09:50 Ölkə A A

Deputatlar hələlik Milli Məclisə təqdim edilən yeni qanun layihəsi ilə tanış deyil

Milli Məclisə “Müstəqillik Günü haqqında” qanun layihəsi daxil olub. APA-nın məlumatına görə, qanun layihəsinin ilkin müzakirəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2021-ci il 6 oktyabr tarixli iclasının gündəliyinə daxil edilib. Qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü elan ediləcək. Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunacaq. Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Milli Məclisə daxil olan “Müstəqillik Günü haqqında” qanun layihəsində mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edilməsinə aydınlıq gətirilib. Bununla bağlı parlamentə daxil olan sənəddə qeyd edilib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycan müstəqilliyini dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam edib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik quruluşun təsbit edilməsində əsaslı rol oynayıb.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal bəyannaməsinə və “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.

Qanun layihəsində daha sonra deylir ki, Azərbaycan xalqı ötən əsrin əvvəllərində müstəqil respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Beləliklə, 1918-ci ildə İstiqlal bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü hesab olunmalıdır.

Qeyd edək ki, indiyə kimi Azərbaycanda 28 May Respublika Günü, 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd edilirdi.

Köməkçisi: "Vahid Əhmədov hazırda Türkiyədə müalicə alır"

Vahid Əhmədov

İstiqlalçı deputat, Milli Məclisin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında sözügedən qanun layihəsi ilə hələlik ətraflı tanış olmadığını bildirdi. Vahid Əhmədov qeyd etdi ki, hər bir halda 28 may və 18 oktyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu şanlı tarixlər təbii ki, dövlət bayramları olmalıdır və dövlət səviyyəsində qeyd olunmalıdır: “Azərbaycan Respublikası 1918-ci ilin 28 mayında qurulan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Qanunumuzda da bu, öz əksini tapır. Məndə olan məlumata görə, 28 may yenə də qeyri-iş günü olan bayram olacaq, 18 oktyabr isə yenə də iş günü olan bayram kimi qalacaq”.

Fazıl Mustafa - Vikipedi

 Fazil Mustafa 

Deputat Fazil Mustafa isə bildirdi ki, təqdim olunduğu haqda məlumat yayılan qanun layihəsi haqda dəqiq bilgilərə malik deyil. Ümumi məlumata görə, qanunda dəqiqləşmələr aparılması nəzərdə tutulur: “Xüsusilə tarixi günlər arasında fərqlərin dəqiq göstərilməsi lazım bilinir. Çünki 28 may bütövlükdə müstəqilliyin elan olunması günüdür. İlk müstəqillliyimiz bu tarixdə elan olunub. Amma 18 oktyabrda müstəqilliyin bərpası hadisəsi baş verib. Eyni zamanda əslində 1991-ci ilin 30 dekabrında keçirilən referendumda müstəqilliyimiz bərpa olunub. Referendumun nəticələrinə görə müstəqillik müəyyən olunur. Ona görə də burada bir az terminoloji qarşıqılıqlar var. Bunun düzəldilməsi normal qəbul olunmalıdır. Hər halda, qanun layihəsi ilə yaxından tanış olandan sonra müddəalarla bağlı fikirlərimizi daha ətraflı bildirə biləcəyik”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR