MAŞINQAYIRMA ZAVODUNUN FƏHLƏLƏRİ ETİRAZ AKSİYASINA HAZIRLAŞIR
Bakı Maşınqayırma Zavodunun işdən qanunsuz çıxarılmış 220 nəfər fəhləsi üzləşdikləri problemlə bağlı redaksiyamıza müraciət edib. Müraciətdə bildirilir ki, Nazirlər Kabinetinin ötən il verdiyi sərəncam əsasında Səttarxan adına Maşınqayırma, Bakı Neft Mədən Maşınqayırma və Bakı Maşınqayırma zavodları birləşdirilərək yeni müəssisə yaradılıb. Həmin sərəncamın tələbinə görə, Səttərxan və Bakı neft Mədən Maşınqayırma zavodlarının əsas vəsaitləri Bakı Maşınqayırma Zavodunun ərazisinə köçürülməli idi. Amma nədənsə indiyədək adı çəkilən sərəncama əməl edən tapılmayıb. Əvəzində Bakı Maşınqayırma Zavodunun işçiləri bir neçə aydır ki, ödənişsiz məzuniyyətə göndərilib: “Bu yaxınlarda yeni yaradılmış müəssisənin rəhbərliyi xəbərdarlıq etmədən Bakı Maşınqayırma Zavodunun bütün işçilərini bir aylıq müavinət ödənilməklə işdən azad edib. Halbuki Nazirlər Kabinetinin sərəncamında zavodların birləşdirilməsi nəzərdə tutulub. Amma buna baxmayaraq yeni rəhbərlik bizi küçəyə atıb. Neçə vaxtdır ki, işsiz qalmışıq. Bəhanələri də budur ki, guya adı çəkilən zavodlar ləğv edilib. Qüvvədə olan qanuna görə, hüquqi şəxslər birləşdikdə onların hər birinin hüquq və vəzifələri təhvil aktına əsasən yeni yaranmış hüquqi şəxsə keçməlidir. Bizim müəssisə daxil olmaqla birləşdirilən digər müəssisələrin işçiləri də say tərkibi ilə yeni yaranmış müəssisəyə keçməlidir. Amma yeni rəhbərlik qanunun tələblərini kobud şəkildə pozaraq bizim hamımızı işdən azad edib. Hərgah hökumət Bakı Maşınqayırma Zavodunun mövcudluğuna və fəaliyyətinə xitam verməyib, sadəcə olaraq, nazirlər kabinetinin sərəncamı ilə bir neçə zavod birləşdirilib. Əslində qanuna əsasən işlədiyimiz müəssisənin bütün işçiləri avtomatik yeni müəssisədə işlə təmin edilməli idi. Təzə rəhbərlik isə ədalətli mövqe tutmaq əvəzinə 220 ailəni çörəksiz qoyub”.
Sonda fəhlələr işdən azad olunması barədə verilmiş əmrin ləğv edilməsini tələb etdiklərini bildiriblər. Əksitəqdirdə fəhlələr yaranmış vəziyyətlə bağlı Nazirlər Kabinetinin qarşısında aksiya keçirəcəklərini söyləyirlər.
Sonda fəhlələr işdən azad olunması barədə verilmiş əmrin ləğv edilməsini tələb etdiklərini bildiriblər. Əksitəqdirdə fəhlələr yaranmış vəziyyətlə bağlı Nazirlər Kabinetinin qarşısında aksiya keçirəcəklərini söyləyirlər.






