İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşın yağı sürtməliyik

2474 22.10.2019 09:20 Yazarlar A A

“Bozun təntənəsi olan yerdə hakimiyyətə həmişə qaralar gəlir”

(Struqatski qardaşları, “Tanrı olmaq çətindir”)

Baş prokurorluq açıqlama verib, deyir, Əli Kərimli 2 polisə xəsarət yetirib, söyüş söyüb və başını avtobusun qapısına vurubdur. Məncə, belə təfərrüata heç ehtiyac yox idi, AXCP sədrini elə öz tərəfdarı Fuad Qəhrəmanlının döydüyünü açıqlamaq olardı, çıxardı gedərdi. Özü də, üstəlik, bəyin alnındakı yara yeri haradasa nəlbəki ilə vurulana oxşayır. Yoxsa indiki açıqlamadan sonra Əli Kərimlinin nə üçün azadlığa buraxılması şübhə doğurur. İki polisə xəsarət yetirmiş, saxlandığı polis avtobusunda söyüş söymüş və o cümlədən maşının qapısını kəlləsi ilə qırmağa çalışan neçə nəfərin azadlıqda olduğunu eşitmisiniz? Mən müstəqil Azərbaycanımızda heç vaxt belə hadisənin şahidi olmamışam. Qanun qarşısında hamı bərabərdir. Biz hüquqi dövlətdə yaşayırıq. Türkün türkdən başqa dostu yoxdur! (Axırıncı şüar başqa yazıdan düşdü, ancaq bizdə söz azadlığıdır, qova bilmərəm. Mənim yazılarımda şüarların iştirakı üçün əvvəlcədən razılaşdırmağa ehtiyac yoxdur). Sözümün canı odur ki, əgər sıravi vətəndaş polisə xəsarət cəhdinə görə bir ay, iki ay həbs cəzası alırsa, partiya sədri niyə azad edilir? Yanaşmanın məntiqi yoxdur. Hələ deyir aparıb xəstəxanada müayinə eləmişik. Allah bilir, pul da almayıblar yəqin. Halbuki biz xəstəxanaya kor bağırsaq əməliyyatı üçün girəndə öd kisəmizi, qaraciyərin yarısını, ürəyin bir mədəciyini və onurğa sütunundan 4-5 fəqərə itirir, diş çıxartmağa gedəndə isə başın kəsilməsi ilə oradan uzaqlaşırıq. 

Əlbəttə, mən Əli bəyin həbsini arzulamıram, o millətimizə azadlıqda lazımdır, ömrünü bizə fəda eləməlidir (açığı, bu qurban da şəxsən mənə lazım deyil, ancaq ta deyir, nə eləyə bilərik). Sadəcə, hüquq-mühafizə orqanlarının insanları təbəqələrə ayırması kədərlidir.

Qaldı şəhərin mərkəzi hissələrində mitinq cəhdlərinin qarşısını almağın səmərəli üsulu, mənim bir təklifim var: mərkəzə yağ sürtməliyik. Yox, qurd yağını nəzərdə tutmuram, elə etsək ərəb turistlər də Bakıya gəlməz. Adi maşın, araba yağından söz gedir. Sınanmış üsuldur, elmi əsasları vardır, təhsil obyektində uğurla həyata keçirilibdir. Bakıda bir məktəb tanıyıram, ətrafında hündür daş hasar olsa da uşaqlar hasara dırmaşıb dərsdən qaçırdılar. Qarovulçu, direktor, zavuç, Təhsil Nazirliyinin inspektoru - bir dəstə adam bu uşaqları tutmaqda çətinlik çəkirdilər. Mənim yolum tez-tez o hasarın dibindən keçirdi, hətta bəzən şagirdlər yuxarıdan başıma düşürdü, Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsərini xatırlayırdım. Orada əsərin qəhrəmanı yuxusunda görürdü ki, çovdarlıqda balaca uşaqlar qaçıb uçuruma tökülüşmək istəyir, bu da çalışır onları tutsun. Uzun sözün qısası, bir müddət məktəbin ətrafında qaçdı-tutdu davam elədi. Sözgəlişi, məktəbin həmin hasarının çəkilməsi tarixi də olduqca maraqlı, dərsliklərə düşəsi hadisədir. Sən demə, 1990-cı illərdə bir generalın qızı bu məktəbdə oxuyurmuş. Qızı hansısa gədə sevirmiş, qaçırtmağa çalışırmış. General isə profilaktik tədbir görərək məktəbə hasar çəkmişdir. Gör məhəbbət bizim təhsil sistemində hansı xarüqələrə qadirdir. Vaxtilə belə şeylərdən poema yazırdılar: qıza görə qayanı dəlib su çəkdi, dəli olub, səhraya düşdü, nə bilim, daha hansı qələti qarışdırdı.

Harada qalmışdıq? Hə, demək, nağıl dili yüyürək olar, bir aralar mən baxdım daha hasardan uşaq tökülmür. Eləcə gəlib darvazanın ağzında boyun bükürlər, qarovulçu isə cəbhə xəttində ayıq durub dərsdən qaçanları snayperlə dənləyir. Bu sirr mənə olduqca maraqlı gəlirdi, fikirləşirdim, ey dadi-bidad, görəsən, bu uşaqlar niyə daha hasara dırmaşmırlar. Nəhayət, özüm bayırdan hasara başımı uzadıb sirdən agah oldum: sən demə, məktəb rəhbərliyi hasarın bütün perimetr boyunca yuxarısına maşın yağı (yarımaye sürtgü yağıdır, dəqiq adını bilmirəm, bir az da saxta bala oxşayır) sürtübdür! Buyur, qaç görüm necə qaçırsan. Hasarın üstündə, həmin yağın içində balaca uşaqların maraqlı əl izlərinə rast gəlinir. (Yəqin milyon il sonra arxeoloqlar bunu “Azərbaycanda məktəbli uşaqların əl izləri tapıldı” adıyla dünya ictimaiyyətinə bölüşəcəkdir. Kaş o günü görsəydik). Nə qədər elmi yanaşmadır! Nobel ödülünə layiqdir. Məktəb hasarına tikanlı məftil çəkmək, mina basdırmaq, butulka qırıqları sementləmək olmaz, qıraqdan estetik görünmür. Ancaq maşın yağına söz ola bilməz.

Sonda ümid edirəm Hacıbala müəllim bu dəfə doğrudan işdən çıxarıldı. Biz jurnalistlər gör neçə ildir onu çıxardırdıq, çıxmırdı. Sanki yağlanmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR