İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşın qiymətinə geyimlər – Bakıda 5 min manata paltar, 2 min manata ayaqqabını kimlər alır - VİDEO,REPORTAJ

3803 16.06.2022 19:44 Reportaj A A

 Brend geyim mağazalarında gördüklərimiz

Bakıda əksəriyyətin həyatında bir dəfə də baş çəkmədiyi, dünyaca məşhur brend mağazaları var. Müəyyən təbəqənin insanları bu mağazalardan geyimlərini əldə edirlər. Deyilənə görə burada qiymətlər sadə vətəndaşların bir neçə aylıq gəlirlərindən də bahadır. Məsələn 600 manata kəmər, 2-5 min manata ayaqqabı 700 manata şal və s.

Bu geyimlər nəyə görə bu qədər bahadır? Qiyməti münasib olan geyimlərdən fərqi nədir? Buradan kimlər alış- veriş edir?

Deyilənlərin doğru olub-olmadığını bilmək üçün şəhərin xüsusi seçilən brend mağazalarına üz tuturuq.

İlk üz tutduğumuz mağaza “Fendi” olur. İçəri daxil olan kimi xüsusi geyimli satıcılar yaxınlaşır, sizinlə maraqlanırlar. Vitrinlərdə digər mağazalara nisbətən çox az məhsul var. Diqqətimi bir məqam çəkdi. Bir çox geyimlərin qiyməti üzərində yoxdur. Satıcıdan niyə bütün mağazalarda olduğu kimi burada da geyimlərin qiymətinin üzərində olmadığını soruşduğumuzda cavab verdi ki,  bizim müştərilərimiz üçün məhsulların qiymətinin fərqi yoxdur:

“Həm də bizdəki kimi dünya səviyyəli brendlərdə məhsulların üzərinə qiymət yazılmır”, – deyə bildirir.

Daha sonra bir-bir digər brend mağazalara üz tuturuq. Əvvəlcə onu qeyd edim ki, mağazalarda müştərilər üçün xeyli rahat və xoş atmosfer yaradılıb. İçəri daxil olanda gözəl qoxu və həzin musiqi insanın əhval- ruhiyyəsini yüksəldir. Səliqəli geyimli və gülərüz satıcılar isə sizin nə istədiyinizlə maraqlanırlar. Onu da qeyd edim ki, satıcıların dil biliyi çoxdur: müştərilərlə həm doğma dilimizdə, həm rus, həm də ingilis dillərində danışırlar. Bu mağazalarda sadə, gündəlik geyimlər və aksessuarlar satılır. Lakin  hər mağazada bir-iki alıcı ola, ya olmaya. Amma bu, satıcıları narahat etmir: az olsa da, səxavətli, modanı təqib edən alıcılar onları daha çox məmnun edir. Mağazada  bütün məhsullardan 3-4 ədəd mövcuddur. Geyimlərin keyfiyyətinə gəldikdə isə, hər şey yüksək səviyyədədir. Bütün geyimlər kətan və pambıqdan ibarətdir.

Satıcıyla söhbətimiz davam edərkən mağazaya bir xanım daxil olur. Sadə, amma bir o qədərdə şıq geyimli, zinət əşyaları ilə bəzənmiş xanım əlini uzadıb vitrindəki ayaqqabıların ölçülərini istəyir. Mağazaya daxil olanda həmin ayaqqabıların qiymətini soruşmuşdum. 2 -3 min manat arası idi. Üç ayaqqabını bəyənən xanım elə üçünü də alır. Heç qiymətinə baxmadan. Bu zaman satıcının az öncə səsləndirdiyi “Bizim müştərilərimiz üçün məhsulların qiymətinin fərqi yoxdur” cümləsini xatırlayıram: doğrudan da buranın alıcıları üçün qiymətin fərqi yoxdur.

Sonda… Bakının bu kimi geyim mağazalarında bir ayrı Azərbaycan var. Bura gələnlər orta aylıq əməkhaqqı ilə dolanmır, satıcılarla qiymət sövdələşməsi etmir, bəzən bir neçə aylıq maaşa bərabər olan ayaqqabı və çanta üçün gözünü qırpmadan deyilən məbləği ödəyir. Onların bir prinsipi var: brend geyinmək, fərqli görünmək, heç kəsdə olmayan çantaya, ayaqqabıya, paltara sahib olmaq. Və ən əsası: başqalarında qibtə yaratmaq. Nail ola bilirlərmi? Bu da ayrı bir reportajın mövzusudur.

 

Nərminə Aydın
Foto, video Rafət Şahbazovundur

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR