"Maşın bazarı"nda işləyənlər aksiya keçirdilər - FOTOLAR, YENİLƏNİB
Mayın 20-də Xətai rayonu, Babək prospektində yerləşən "maşın bazarı"nda çalışan bir qrup satıcı etiraz aksiyası keçirdi.
"Yeni Müsavat"ın məlumatına görə, aksiya keçirən satıcılar yer haqlarının qaldırılmasına etiraz edirdilər. Əvvəlcə bazar rəhbərliyinin oturduğu ofisin qarşısına yığışan satıcılar müdir Rasim Salmanovla görüş tələb ediblər.
Uzun illərdir ki, "maşın bazarı"nda çalışan Hikmət Kazımlı bildirdi ki, onlar bazar rəhbərliyindən yer haqlarının artırılması ilə bağlı səbəb göstərilməsini tələb edirlər: "88-ci ilin "Meydan hərəkatı"nın fəal iştirakçılarındanam. 10 ilə yuxarıdır ki, bu bazarda çalışıram. Ailəmin yeganə dolanışıq mənbəyi bu kiçik mağazadır. Bazar rəhbərliyi camaatın başına elə bir oyunlar gətirir ki... Azca etiraz edirsən, səni bazardan çıxarmaqla hədələyirlər. Bu bazarda da hamının bir-birinə borcu var. Heç kim mağazasını bağlayıb, gedə bilmir. İndiyə kimi kimin nə qədər icarə haqqı var idisə, vergini də onun içində verirdik. Ötən gün gəlib, dedilər ki, yer haqlarını verəndə 150 manat artıq verməlisiniz. Yer pullarını artırırlar, amma heç bir səbəb göstərmirlər. İşlərimiz də, getdikcə pisləşir. Mənim kimi yüzlərlə mağaza sahibi yer haqqını verə bilmir".
H.Kazımlının sözlərinə görə, bazardakı haqsızlığa etiraz edən kimi onları polisin gücü ilə qorxudurlar: "Səsini çıxaran kimi polis gəlib, deyir ki, səni bölməyə apararam, sakit ol. Ürək xəstəliyindən əziyyət çəkirəm. Tez-tez gəlib, nəsə deyirlər, əsəbləşirəm. Bu vəziyyət nə vaxta kimi davam edəcək?"
"Bu bazarı yaradanlardanam. Özüm 1-ci qrup əliləm. Neçə illərdir ki, istirahətsiz işləyirəm. Əlillərə paylanan "OKA" maşınlarının ehtiyat hissələrinin satışı ilə məşğulam. Dinmədim, dözdüm, dedim ki, bəlkə nə vaxtsa, mənə güzəşt edəcəklər. Amma indi görürəm ki, bizim başımıza min oyun açırlar". Bu filirləri isə “Yeni Müsavat”ın əməkdaşına etiraz aksiyasına qatılan İsa Həsənov söylədi.
Onun sözlərinə görə, malın çoxunu nisyə satdığından ayın axırı gələndə icarə haqqını toplayıb, verməkdə çətinlik çəkir: "OKA" maşınlarının çoxunu müharibə əlilləri sürür. Vallah, çoxu əsəbi adamlardır. Gəlirlər, ehtiyat hissəsini götürüb, gedirlər. Deyirlər ki, pulum olanda verəcəyəm. Bir də görürsən, ayın axırıdır və sən icarə haqqını verməlisən. Qapı-qapı düşüb, borc pul yığıram".
Etiraz edən Yaşar Əsədov isə bildirdi ki, aksiyaçılar 20 ilə yaxındır ki, işlədiyi bazarda edilən haqsızlığa qarşı sona kimi mübarizə aparacaqlar: "Kiçik mağazaya görə məndən ayda 600 manat alırlar. İndi də deyirlər ki, gələn aydan 750 manat verməlisən. Səbəbini soruşuram, demirlər. Əgər bu pul dövlətə vergi kimi gedəcəksə, verək. Çünki sabah biz təqaüdə çıxanda həmin pul bizə qayıdacaq. Bilirik ki, yığdıqları pullar öz ciblərinə gedir".
Ərazidə olarkən Xətai rayon Polis İdarəsinin əməkdaşlarının bazara gəldiklərini gördük. Onlar etiraz edən sahibkarlardan aksiyanı dayandırmağı tələb etdilər.
Narazı sahibkarlar isə bazar rəhbərliyindən kiminsə onlarla görüşməsindən sonra aksiyanı dayandıracaqlarını söylədilər.
Etiraz edən sahibkarlarla birlikdə "maşın bazarı"nın müdiri ilə görüşməyə cəhd etdik. Müdir Rasim Salmanovun oturduğu ofisdə isə mühafizəçidən başqa heç kəs yox idi. Mühafizəçi bildirdi ki, Rasim Salmanov xaricdədir. Məsələyə ancaq özü aydınlıq gətirə bilər.
Qeyd edək ki, "maşın bazarı"ndakı aksiya insidentsiz ötüşdü. Etirazçılar bildirdilər ki, əgər şikayətləri nəzərə alınmasa, növbəti günlərin birində Prezident Administrasiyasına yürüş edəcəklər.
Bu yazıda yer alan iradlarla bağlı bazarın müdiri R.Salmanovun mövqeyini öyrənib, dərc etməyə hazırıq.
Fərahim İLQAROĞLU
Fotolar müəllifindir.






