Masallının icra başçısının futbol “sevgisi”
Azərbaycan çempionatının həvəskarlar liqasında həmişə liderlik mübarizəsində gördüyümüz Masallının “Viləş” futbol klubu böhranlı dövrünü yaşayır. Musavat.com-un cenubnews.com-a istinadən verdiyi xəbərə görə, hazırda klubun nə bazası, nə də düz-əməlli stadionu var. Həmçinin, heç bir maddi dəstəyi də yoxdur.
Əvvəllər rayonun köhnə rəhbərliyi yenə nəsə edirdi. İndiki icra başçısı Rafil Hüseynovun dövründə isə kluba heç bir qayğı göstərilmir. Masallı futbolçuları klubu canlandırmağa çalışsalar da buna müyəssər ola bilmirlər. Futbolçular dəfələrlə Rafil Hüseynova dəstək üçün müraciət ediblər. Lakin icra başçısı onları sahibsiz məhəllə komandaları kimi qapısından uzaqlaşdırıb.
İmkanlı şəxslərin də qapısından əliboş qayıdan rayon futbolçuları bu üzdən gündüzlər müxtəlif sahələrdə çalışır, axşamlar isə məşqlərə qatılırlar. Görəsən, vaxtilə gözəl oyunları ilə seçilmiş “Viləş” futbol klubunu kimsə bu bataqlıqdan çıxarmağa çalışacaqmı?
Qeyd edək ki, həvəskarlar liqasında oynayan “Viləş” futbol klubu “Şirvan” futbol klubuna 3:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinal oyununda onun rəqibi paytaxtın “Sabunçu” klubu olacaq.






