Maşallah Əhmədov hakim qarşısında- jurnalistlərin iştirakını istəmədi
Bu gün dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilməli olan proses Maşallah Əhmədovun vəkilinin iştirak etməməsi səbəbindən təxirə salınıb.
Məhkəmə zalına jurnalistlər buraxılmayıb. Hakim bildirib ki, tərəflərin razılığı var ki, prosesdə jurnalistlər iştirak etməsinlər.
Növbəti proseslərin də qapalı keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib.
M.Əhmədovun sözünə əməl etmədiyi və həmin şəxslərin pulunu qaytarmadığı deyilir.
Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya şikayəti təmin edilməyib.
Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.
Bu il avqust ayında isə M.Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb.
Məlumat üçün bildirək ki, Əhmədov Azərbaycan futbolunun ən güclü hücumçularından olub.
O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.
İlkin Muradov
Musavat.com






