“Nağıl janrını hər kəs sevir: uşaq da, böyük də. Körpə yaşlarından uşaqlara ilk növbədə nağıllar oxunur. Milli nağıllar öz yerində, amma müasir nağıllara ehtiyac var”.
Bu fikirləri yazıçı, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi Reyhan Yusifqızı “Yeni Müsavat”a müasir dövrdə nağıl janrının unudulması ilə bağlı danışarkən bildirib.
Yazıçı müasir nağılların yazılmasını, nağıl qəhrəmanlarının məşhurlaşmasını, uşaqlar arasında sevilməsini arzu edir:
“Çox istərdim ki, bizim uşaqlarımız “Maşa və ayı”ya yox, milli nağıl qəhrəmanlarına baxsınlar, onları sevsinlər. Müasir dövrdə nağıl danışan nənələr də var, analar da. Ümumiyyətlə isə uşaqlar üçün nağıl dinləmək maraqlıdır. Biri vardı, biri yoxdu deyən kimi diqqəti cəmləyirlər. Valideynlərin yanaşması çox vacibdir. Gənc analar telefona üstünlük verir, uşaqlara daha az vaxt ayırırlar. Əlbəttə ki, övladına vaxt ayıran, nağıl danışan,hətta nağıl qəhrəmanlarının rolunu səsləndirənlər də var, sadəcə faizi azdır. İstərdim ki, bu cür anaların sayı daha çox olsun. Yeri gəlmişkən, gənc anaları məlumatlandırmaq lazımdır. Təbliğat önəmli rol oynayır. Gənc valideyn uşaq üçün əhəmiyyətini anlasa, nağıl danışar”.

Reyhan Yusifqızı
Yazar təbliğat üçün gənc analar arasında müsabiqə keçirilməsini təklif edir:
“Kitabxanalar da prosesdə iştirak edə bilər. Uşaqlar valideynləri ilə birgə gələ və ailələr arasında kitab oxumaq üzrə müsabiqə keçirilə bilər. Bu cür müsabiqələr maraqlı və faydalıdır. Məktəblərdə də belə müsabiqələr, ustad dərsləri keçirilə bilər. Əsas odur ki, təkliflər olsun və bu təkliflər cəmiyyət tərəfindən dəstəklənsin”.
Jurnalist, uşaq ədəbiyyatı redaktoru Fatimə Hüseynova bildirdi ki, uzun illər nağıllarla bağlı yanlış təsəvvür formalaşıb:

“Belə bir təsəvvür var ki, nağıllar uşaqlar üçündür. Əslində, nağıl yazıdan əvvəlki dövrə aid ədəbiyyat, folklor nümunəsidir və sırf uşaqlara danışılmayıb. Uzun qış axşamlarında gözəl nitq qabiliyyətinə malik şəxslər nağıllar danışıblar. Diqqət etsək, görərik ki, dünya xalqlarının nağılları demək olar ki, bir-birinə bənzəyir. Bizdə Göyçək Fatmadır, başqalarında Zoluşka, Kül kedisi, Pamuk prensesdir. Amma nağıllarda möcüzə, sehr kimi elementlər olduğu üçün uşaqlara da danışmağa başlayıblar. Folklorun bütün janrları, o cümlədən nağıllar bir xalqın genofondunu, gen yaddaşını əks etdirir. Uzun illər uşaq ədəbiyyatı redaktoru kimi deyə bilərəm ki, nağıllarla bağlı yaranmış yanlış təsəvvürün izahı budur. O ki qaldı bu gün uşaqlara nağıl danışmağa, bu, valideynlərin vəzifəsidir. Müasir dövrün məişətindən irəli gələrək bütün ailələrdə uşaqlara nağıl danışmaq ənənəsi yoxdur. Amma savadlı uşaq yetişdirmək istəyən ziyalı, savadlı valideynlər övladlarına zaman ayırırlar, həmin müddətdə də uşaqların istər nağıl, istərsə də uşaq ədəbiyyatı ilə tanış olmasına imkan yaradırlar. Bu,keyfiyyətli zaman keçirmək üsuludur. Son illər bu tendensiya hiss olunur. Düzdür, başqa ölkələrlə müqayisədə çox zəifdir. Kitabların nəşr və satış faizinə baxarkən görürük ki, Azərbaycanda uşaq ədəbiyyatı o qədər də geniş yayılmayıb. Əlbəttə ki, bunun müxtəlif səbəbləri var. Bir məqam da var ki, bu gün uşaqlara nağıl danışmaq əslində aktual mövzu deyil. Müasir uşaqlar bizim baxdığımız cizgi filmlərinə baxmırlar, fantastikaya daha çox meyillidirlər. Ədəbiyyat, musiqi sahəsində də eyni tendensiya var. Mənə elə gəlir ki, artıq uşaqları nağıl cəlb etmir. Buna görə də uşaqları cəlb etmək üçün onların maraqlarına uyğun yazmaq lazımdır”.
F.Hüseynova hesab edir ki, müasir yazarların uşaq ədəbiyyatı ilə bağlı yanaşması doğru deyil:
“Yazıçılığa yeni başlayanlar, həvəskar yazıçılar düşünürlər ki, ən asan janr uşaq ədəbiyyatıdır. Əksinə, uşaq ədəbiyyatı ən tələbkar sahədir”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”






