İnsanlara hürriyət, millətlərə istiqlal!

Marşal Timoşenkonun “narahat” qızı və Stalinin uğursuz gəlini – faciəli ailə hekayəti

6647 05.10.2018 11:57 Maraqlı A A

O, əsl atasının kim olduğunu 14 ildən sonra bilib. Yekaterina Timoşenko yalnız 14 yaşında bilib ki, o, SSRİ-nin siyasi elitasının ən nüfuzlu simalarından biri, böyük sərkərdə Semyon Timoşenkonun qızıdır...

Marşal Timoşenko güclü, bacarıqlı hərbi sərkərdə kimi Stalinin ən yaxın silahdaşlarından biri sayılıb. 1939-cu ildə Fin müharibəsi zamanı Stalin yüksəkçinli hərbçilərdən cəbhəyə komandanlığa kimin könüllü getmək istədiyini soruşanda, məhz Timoşenko ilk olaraq rəhbərin qarşısında öz qətiyyətini nümayiş etdirib. Qarşısına qoyulan vəzifənin öhdəsindən layiqincə gəldikdən sonra, 1940-cı ildə o, Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunub, SSRİ-nin müdafiə komissarı vəzifəsinə təyin edilib və marşal rütbəsi alıb.

Marşal Timoşenko cəbhədəki rəqiblərinə həmişə qalib gəlsə də, şəxsi həyatındakı rəqibi onu məğlub edib. Belə ki, marşalın həyat yoldaşı hələ bir yaşına çatmamış yeganə qızları olan Yekaterinanı da götürərək Belarusiyanın hərbi komissarı Leonova qoşularaq onu tərk edib. Həyat yoldaşının bu xəyanətini ağır qəbul etsə də, çox keçməmiş, Timoşenko Minskdən olan müəllimə Anastasiya ilə ailə qurub.

Ancaq birinci həyat yoldaşının xoşbəxtliyi uzun çəkməyib. 1937-ci ildə Belarusiyanın hərbi komissarı repressiya qurbanına çevrilərək sürgünə göndərilib, həyat yoldaşı isə həbs olunub. Balaca Yekaterina atalığından və anasından məhrum olduqdan sonra uşaq evinə düşüb. Leonovun mənzilində axtarış apararkən Yekaterinanın doğum haqqında iki şəhadətnaməsi tapılıb. Biri saxta, soyadı Leonova, o birisi isə əsl - Timoşenko. Bu “tapıntı”dan sonra uşaq evində Yekaterinaya qarşı münasibət kəskin şəkildə dəyişib. Və nəhayət, Timoşenkoya qızı haqqında məlumat verilib.

Timoşenko ləngimədən qızını uşaq evindən götürüb, Moskvada yaşadığı generallar binasındakı mənzilinə gətirib. Onun ikinci nikahdan bir qızı, bir oğlu olub. Baxımsız uşaq evindən elit bir məkana düşən Yekaterina analığına və ögey bacı-qardaşına qarşı çox da xoş münasibətdə olmayıb və iddiaları, kaprizləri ilə onlardan tam fərqlənib.

1941-ci ildə Yekaterina orta məktəbi bitirdikdən sonra Xarici Dillər İnstitutuna daxil olub. Müharibə başlayanda təhsili yarımçıq qalıb.

1945-ci ildə Qələbə paradı zamanı Stalin Timoşenkoya oğlu Vasili ilə Yekaterinanın tez-tez görüşmələri haqqında məlumat verib. Əslində ölkənin birinci şəxsi ilə qohum olmaq marşal üçün ürəkaçan xəbər olmalı idi. Amma bu xəbər marşalın heç də ürəyincə olmayıb. Stalinlə dost münasibətində olan Timoşenkoya elə gəlib ki, övladlarının görüşləri onların münasibətində problem yarada bilər. Marşal rəhbərin ağılasığmaz gedişlərinə, kimliyindən asılı olmayaraq ən sərt dəyişməz qərarlarına yaxşı bələd idi. O, həm də öz “narahat” qızının xarakterini də yaxşı bilirdi.

1945-ci ilin yayında Timoşenko ailəsi ilə birlikdə Soçidə istirahət edəndə Vasili Stalin də Soçidə olub. Həmin istirahət günlərinin birində gecə marşal yatarkən Vasili Yekaterinanı evdən aparıb. Təbii ki, öz razılığı ilə. Səhərisi gün onlar istirahət evinə nikah kağızı ilə birgə qayıdıblar. Marşal bu izdivacın qəti əleyhinə olub.

Qısa müddətdən sonra Vasili Stalin və Yekaterina Almaniyaya gediblər. Vasili həmin dövrdə Almaniyada sovet qoşunlarının aviasiya qrupunun komandiri vəzifəsində xidmət edib. Vasilinin birinci nikahdan olan oğlu və qızı da onlarla birlikdə yaşayıb. Ailədə elə ilk günlərdən uşaqlarla bağlı böyük problemlər yaşanıb. Yekaterina Vasilinin uşaqlarına olmazın işgəncələr verib, hətta onları ac saxladığı, sutkalarla çölə buraxmadığı vaxtlar da olub. Cütlüyün öz övladları dünyaya gəldikdən sonra bu münasibət daha da kəskinləşib. Onların 1947-ci ildə bir qız övladları dünyaya gəlib, adını Stalinin qızının şərəfinə Svetlana qoyublar, 1949-cu ildə isə oğulları olub ki, onun da adını elə Vasili qoyublar. Beləliklə, Stalinin Svetlana adında həm qızı, həm də nəvəsi, Vasili adında isə həm oğlu, həm də nəvəsi olub.

Stalin ümumiyyətlə Vasili ilə heç vaxt yaxından maraqlanmayıb. Nə onları qonaq çağırıb, nə də onlara təşrif buyurub. Amma mütəmadi olaraq Vasili haqqında rəhbərə məlumat verilib. Yekaterinanı isə bu cür münasibət qane etməyib. O özünü birinci şəxsin ailə üzvü kimi qəbul edərək bütün məsələlərdə diqqət mərkəzində olmasını istəyib. Stalinlə Yekaterinan ad günlərinin eyni günə, 21 dekabra təsadüf etməsi Yekaterinada özü haqqında yüksək fikir yaradıb və bunun heç də təsadüf olmadığını söyləyib.

Yekaterina bu iddialarda olduğu vaxtda Vasili Stalin də öz əyləncələri, yeni tanış olduğu xanımlarla eşq macəraları ilə ailədən soyumağa başlayıb. Ancaq ailənin problemləri bununla bitməyib. Qarşıda Yekaterinanı daha böyük faciəlr gözləyib.
1953-cü ildə İosif Stalin vəfat edtikdən sonra Vasili həbs olunub. Həbsdən sonra Yekaterinanı Xruşovun ən yaxın adamı olan Bulqaninin yanına dəvət ediblər. Ona boşanma haqqında ərizə yazmaq təklif olunub. Əks halda onun da həbsxanaya gedəcəyi xəbərdar edilib. Yekaterinanın göz önünə öz doğma anasının həyatı gəlib. Axı o da həyat yoldaşına görə sürgünə göndərilmişdi. Bunları düşünən Yekaterina dərhal nikahın pozulması üçün ərizə yazıb. Daha sonra isə Vasilini atalıqdan rəsmi olaraq məhrum edib. Vasilinin birinci nikahdan olan uşaqları öz anasına qaytarılıb. Rublyovkadakı bağ evi, Qoloseyevskidəki iqamətgah ailənin əlindən alınıb. Bundan sonra Yekaterinaya Moskvanın Qorki küçəsində mənzil veriblər. Uşaqlarına isə Stalinin nəvələri olduqları üçün təqaüd kəsilib. Bir müddət nisbətən sakit yaşadıqdan sonra növbəti faciələr Yekaterinan qapısını döyüb.

1956-cı ilin fevral ayında keçirilən partiyanın 20-ci qurultayında Nikita Xruşov Stalinin adının üstündən birdəfəlik xətt çəkəndə, bütün repressiyaların baş müəllifinin Stalin olduğunu bəyan edəndə repressiya olunanların ailə üzvləri, doğmaları Stalinin gəlinini və nəvələrini təhdidlərə, təzyiqlərə, hətta bəzi hallarda fiziki təzyiqlərə məruz qoyublar. Çox ağır durumda olan Yekaterina elə vaxtlar olub ki, sutkalarla evdən çıxa bilməyib.

Marşal Timoşenko xidməti vəzifəsi ilə bağlı Minsk şəhərindən yenidən Moskvaya köçəndə Yekaterina son çıxış yolu kimi atasının yanına dönməyi qərar verib. Heç olmasa atasının yaşadığı bağ evində mühafizəçilər Yekaterinanı kənar təzyiqlərdən qoruyacaqdı.

Uşaqların gələcək taleyi Yekaterinanı çox narahat edib. Oğlu Vasilinin ali təhsil almaq vaxtı gələndə tanışları ona məsləhət görüblər ki, Vasilini Tiflisə göndərsin. Beləliklə, Vasili Tiflisdə instituta qəbul olunub. Gürcüstanda Stalinə olan böyük rəğbət, sevgi təbii ki, Vasilini hər şeydən qoruyacaqdı. Amma faciələr burulğanına düşən ailəyə bu sevgi növbəti faciəni gətirib.

“İveriya” mehmanxanasında yaşayan Vasilini ziyarətə gələnlərin sayı o qədər olub ki, Moskvada təzyiqlərdən qoruna bilməyən bu cavan oğlan Tiflisdə də isti münasibətlərdən özünü qoruya bilməyib. Günün hər saatında baş tutan məclislər, qafqazlılara məxsus uzun-uzadı sağlıqlar təbii ki, alkoqollu içkilərlə müşayiət olunub. Və bütün bu “sevgi”nin son nəticəsi də Vasilinin alkoqoldan asılılığına gətirib çıxarıb. Yox, Tiflis təhsili təkcə alkoqolla yekunlaşmayıb. Çəmisi bir-neçə aydan sonra Vasili həyatını narkotiksiz təsəvvür edə bilməyib. Bütün bu əyləncələrin arasında o, ikinci kursa belə keçə bilməyib.

Yekaterina məsələdən agah olan kimi Vasilini yenidən Moskvaya qaytarıb. Ancaq bu heç nəyi dəyişməyib. “Yenilməz dostlar”ı narkotik vasitələri Vasili üçün yerin dibində də olsa çatdırıblar. Yekaterina isə növbəti faciənin astanasında dayanıb. Vasili növbəti narkotik qəbulunda doza həddini aşaraq özünü güllələyib.

Vasilinin ölümündən sonra qohumlar elə düşünüblər ki, Yekaterina bütün meylini qızına salacaq. Qeyd edək ki, onların qızı Svetlanada anadangəlmə sinir xəstəliyi olub və bu xəstəlik onun psixoloji durumunda kəskin şəkildə özünü biruzə verib. Həkimlər Yekaterinaya qızına diqqət göstərməyin, onunla xüsusi məşğul olmağn vacibliyini söyləyəndə o, bundan imtina edib.

Marşal Timoşenko vəfat etdikdən sonra Yekaterina tək yaşayıb, özünə qapanaraq demək olar ki, heç kimlə əlaqə saxlamayıb. Və bu tənhalıqda qohumları ay yarımdan sonra mənzildə onun meyitini aşkar ediblər. Üstündən bir il keçməmiş xəstə Svetlanının meyiti də tək yaşadığı evdə tapılıb.

Beləliklə, marşal Timoşenkonun qızının, İosif Stalinin gəlininin və onların nəvələrinin faciəli ailə dramı sona çatıb...

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR