Bir vaxtlar Bakıda köşklərin qarşısında növbələr olardı. Yox-yox, insanlar siqaret, ya da peçenye almaq üçün sıraya düzülmürdülər. Onlar sadiq qəzet oxucuları, hər gün kağız mətbuatını izləyən müştərilər idi.
Ona görə əksər köşklərdə günortaya qədər tirajlı, populyar qəzetlər satılıb, qurtarırdı.
Son illərdə isə nə əlçatan yerlərdə köşklər görmək olur, nə fəaliyyət göstərən obyektlərin stendlərində kifayət qədər qəzet, nə də qəzet oxucusu... Əvəzində həmin köşklərdə qəzetdən savayı nə desən satılır.
Biz hələ qəzetlərin əldə yayımının yığışdırılmasını, metroda qəzet satışına qadağanı demirik. Halbuki, illər əvvəl işıqforda dayanan sürücülərin tez-tez səyyar satışla məşğul olan yayımçılardan qəzet aldıqlarını, metroya hər minəndə əlində qəzet oxuyan sərnişinləri görərdik.
Bu, o zamanlar idi ki, təkcə paytaxtda “Qasid” firmasının 360 qəzet köşkü var idi. Həmçinin, “Qaya”, “Çapar”, “Səma” və s. özəl yayım firmaları fəaliyyət göstərirdi. Əyalətlərdə də qəzet satışı yüksək idi. “AzərMətbuatYayım” bu işi təkbaşına həyata keçirirdi.
Bəs, son illərdə qəzet satışında, yayımında vəziyyət necədir? Köşklərdə qəzetlər varmı? Varsa, gündəlik alıcısı nə qədərdir? Niyə köşklərin sayı azalıb? Bölgələrə qəzetlərin çatdırılmasında hansı problemlər var? Onlayn medianın çap mətbuatını sürətlə üstələdiyi bir dövrdə qəzet satışını necə dirçəltmək, ayağa qaldırmaq olar?
Musavat.com-un reportyor qrupu olaraq, bu mövzuda geniş video süjet hazırlamışıq, köşklərə baş çəkmişik, mütəxəssislərin, media ekspertlərinin fikirlərini öyrənmişik, yayım firmalarının vəziyyəti ilə maraqlanmışıq.
Həmin video materialı təqdim edirik:
Emil Salamoğlu,
Elçin Əkbərov,
Musavat.com






