İnsanlara hürriyət, millətlərə istiqlal!

Manatın vəziyyəti- müzakirələr nə verəcək?

7340 26.12.2015 08:32 Ölkə A A

Manatın ucuzlaşmasından sonra ölkə banklarının reytinqi də aşağı düşüb. Fitch Ratings Beynəlxalq Reytinq Agentliyinin son məlumatında ölkənin bir neçə bankının reytinqi aşağı salınıb. Azərbaycan Mərkəzi Bankı isə 2015-ci ilin sonunadək kapitalın adekvatlıq əmsalı həcminin 12 faizdən 10-dək azaldılmasını planlaşdırır. Bu barədə məlumatı da sözügedən reytinq agentliyi açıqlayıb. Məlumatda bildirilir ki, manatın məzənnəsinin kəskin aşağı düşməsi risk səviyyəsi üzrə ölçülmüş xarici valyutada inflyasiya vasitəsilə kapitalın kifayətliliyinə zərbə vurub və bəzi hallarda bu, pulköçürmələr üzrə əhəmiyyətli itkilərə gətirib çıxaracaq.

Mərkəzi Bank isə dekabrın 25-də təcili toplantı çağıraraq ikinci dvealvasiyanı müzakirə edib. APA toplantını Mərkəzi Bankda bank sektoruna və əhaliyə dəstək paketinin müzakirə olunması kimi təqdim edib. Görüşdə üzən məzənnə rejiminə keçiddən sonra yaranmış vəziyyət, onun bank sisteminə və bankların müştərilərinə təsiri müzakirə olunub. Bununla yanaşı, Mərkəzi Bank tərəfindən bank sisteminə və əhaliyə dəstək paketi də müzakirə mövzularından biri olub. Günün sonunda yayılan məlumata görə, Mərkəzi Bank banklara dollarla krediti olan müştərilərə yardım göstərməyi tövsiyə edib. Bildirilir kiŞ, görüşdə manatın devalvasiyaya uğramasından sonra bankların problemli aktivlərinin kəskin artması və bank sektorundakı konsolidasiya prosesi müzakirə olunub. 

Bildirilib ki, banklar dollarla krediti olan müştərilərə müvafiq yardımlar göstərməlidir. Eyni zamanda qeyd olunub ki, Mərkəzi Bank banklara vəziyyətdən çıxmaqda yardım edəcək. R.Orucov banklara dollarla krediti olan müştərilərin kreditlərinin restrukturizasiyasını aparmağı tövsiyə edib. O, qeyd edib ki, bank sektorunda konsolidasiya prosesi sürətlənməlidir. Bununla yanaşı, banklar manatla olan məhsullarını bazara daha intensiv çıxarmalıdır. Banklara o da tövsiyə olunub ki, fərdi inkişaf proqramlarını hazırlasın.
 

Naxçıvanda isə kredit borcu olanlar üçün dolların köhnə məzənnə ilə hesablanacağı ilə bağlı məlumatlar yayılıb. Musavat.com xəbər verir ki, bu məlumatın hələlik rəsmi təsdiqi yoxdur. Strateq.az saytının məlumatına görə, dekabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yanında manatın devalvasiyasının yaratdığı iqtisadi və sosial nəticələrin mümkün qədər kompensasiya edilməsi məsələləri müzakirə olunub. Kompleks tədbirlər toplusunun mühüm bir istiqaməti kimi ABŞ dolları ilə kredit borcları olan vətəndaşlara güzəşt məsələsinə baxılıb. Bu məsələ ilə bağlı Ali Məclis sədri tövsiyyə edib ki, “Naxçıvanbank” ASC ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək (yalnız kredit borcu olanlar borcunu ödəyən zaman) 1 dolları 1.05 manat ekvivalentində konvertasiya etsin. 


Ölkədə fəaliyyət göstərən bəzi kommersiya bankları isə devalvasiyadan sonra həm manat, həm də dollar kreditləşməsini müvəqqəti dayandırıb. “Bloomberg” isə manatı dünyanın ən pis valyutası hesaab edir: “48 faiz dəyər itirmiş Azərbaycan manatı dünyanın ən pis valyutasıdır.  Ondan bir pillə yuxarıda isə Qazax təngəsi gəlir”,-deyə “Bloomberg” kanalının iqtisadi “Deep Dive” video proqramının aparıcısı Alix Steel bildirib. “Yalan deməyəcəyəm, mən Azərbaycan valyutasının adını bu səhər öyrənmişəm…” deyə Steel qısa video-icmalda əlavə edib ki, Azərbaycan manatı çoxdan bəridir ki, bir sıra neft ixracatçısı olan ölkələrin zəif valyutaları ilə eyni kateqoriyadadır.

“Bloomberg” saytının yazdığına görə, Çinin yuanı devalvasiyaya uğratmasından, əmtəə qiytmətlərinin kəskin düşməsindən və ABŞ Federal Ehtiyatlar Bürosunun uçot dərəcələrini artırmasından sonra Azərbaycan Vyetnamdan tutmuş Nigeriyayadək öz pul vahidini zəiflədən ölkələr sırasına qatılıb. Fevral ayında manatı 34 faiz zəiflədən Azərbaycan o vaxtdan bəri məzənnənin dəyərini qorumaq üçün Mərkəzi Bank ehtiyatlarının yarısından çoxunu israf edib. Azərbaycanda baş verən olayları müşahidəçilər Rusiyada yaşanan iqtisadi böhranın Kremlin sabiq satellitlərinə göstərdiyi təsirlə əlaqələndirir. Azərbaycan manatı bir sıra başqa Qərb medialarının da maliyyə sərlövhələrinə çıxıb. “Financial Times” qəzetinin Moskva müxbiri Jack Farchy yazır ki, keçmiş Sovet İttifaqının enerji ilə zəngin iqtisadiyyatlarının bir onillikdir, karbohidrogen gəlirlərinin hesabına sürən stabilliyi və iqtisadi artımı bu həftənin ilk günündə qiyməti son 11 ildə ən rekord səviyyədə enmiş neftin kəməndinə keçib. Məqalədə deyilir ki, Azərbaycanın milli valyuta barədə qəbul etdiyi son qərar Qazaxıstandan sonra keçmiş sovet məkanında yaşanan ikinci böyük devalvasiya olub. Jack Farchy yazır ki, “Bakı ixracının 95 faizi, hökumət gəlirlərinin dörddə üçü və ÜDM-in 40 faizi neft və qazın payına düşür”. Devalvasiya böyük bir ehtimalla sadə azərbaycanlıların manatla olan maaşlarını, pensiyalarını və əmanətlərini vuracaq.
“Hələ fevral ayında Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov “Financial Times” qəzetinə bildirmişdi ki, Azərbaycan dollar sancağından çıxmağı planlaşdırır, lakin manat son anadək dolların kursunu yaxından təqib edib”,- deyə məqalədə bildirilir. Bu da qeyd olunur ki, Mərkəzi Bankın ehtiyatları 13, 8 milyard dollardan ötən oktyabrda 6, 8 milyard dollara enib. “Financial Times” vurğulayır ki, Azərbaycan 1999-cu ildən bəri ilk dəfə olaraq 35 milyard dollarlıq neft fondunun “qapağını” açmalı olub. “Dollar sancağını bundan o yana saxlamaq mümkün deyildi. Heç bir tədbir görmədən, xərclərin indiki tempi ilə xarici valuta ehrtiyatları altı ayın ərzində tamamilə tükənə bilərdi”, deyə GPW risk konsaltinq firmasından Qafqaz üzrə ekspert Livia Paggi vurğulayıb. Ekspert bildirib ki, Mərkəzi Bank manatı ayaqda saxlamaq üçün təkcə noyabr ayında 589 milyon dollar xərcləmişdi. “Financial Times” yazır ki, milli valyutanın kəskin ucuzlaşdırılması 2016-cı ilin büdcəsini bir barreli 50 dollar olan neftin üzərində tərtib etmiş Azərbaycana “mühasibat dəftərini tarazlamaqda” kömək edəcək. Bu addım həmçinin, dövlət neft şirkəti də daxil, ölkənin mühüm neft sektorununun xərclərini azaldacaq. 

RÖYA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR