Manat ucuzlaşmaqda davam edir, kreditlər məsələsi ciddiləşir...
Hökumətin verdiyi vədin əksinə olaraq, kəskin devalvasiyaya gedərək, manatı kəskin ucuzlaşdırması cəmiyyətdə çaşqınlıq və narahatlıq yaradıb. Fevralın 24-də Azərbaycanda 1 ABŞ dollarının manatla nisbətdə rəsmi məzənnəsi cüzi möhkəmlənib. Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 24-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0501 manat səviyyəsində müəyyən edilib. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 dollar 1,0500 manat idi. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0044 manat və ya 0,37 faiz ucuzlaşaraq 1,1906 manat olub. Qeyd edək ki, son 3 gün ərzində 1 avro 1,1950 manat olub.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə müəyyən etdiyi məzənnənin 21-23 fevral tarixlərində qüvvədə qalacağını bildirmişdi. Bu isə vətəndaşlar, o cümlədən ekspertlər arasında narahatlıq yaratmaqla bərabər, gözləntilər də ortaya çıxarmışdı. Ancaq ayın 24-də Mərkəzi Bank susqunluğunu qorudu. Bankın rəsmi saytında isə bildirilir: “Mərkəzi Bank tərəfindən valyuta qanunvericiliyinə, o cümlədən valyuta bazarında nağd alqı-satqı məzənnələrinin müəyyənləşdirilməsi zamanı mövcud tələblərə riayət olunması daim diqqət mərkəzində saxlanılır. Son dövrlərdə nağd xarici valyutanın alqı-satqı əməliyyatlarının həcminin artması səbəbindən nəzarət tədbirləri daha da intensivləşdirilib.
Mərkəzi Bank tərəfindən 23 fevral 2015-ci il tarixdə aparılmış monitorinqlər zamanı 6 bankın 10 valyuta mübadilə şöbəsi tərəfindən mövcud tələblərin gözlənilməməsi halı aşkarlanmış və həmin şöbələrə verilmiş icazələr ləğv edilib. Mərkəzi Bank tərəfindən bundan sonra da valyuta qanunvericiliyinə, xüsusilə də valyuta bazarında nağd alqı-satqı əməliyyatlarının tələblərinə tam riayət olunması istiqamətində operativ nəzarət davam etdiriləcək, hər hansı hüquqi pozuntu hallarına qarşı müvafiq tədbirlər görüləcək”.
Həmçinin fevralın 24-də Əmanətlərin Sığortalanması Fondu sığortalanan bank əmanətləri üçün faiz dərəcələrini dəyişib. Fonddan verilən məlumata görə, fevralın 24-dən etibarən maksimum faiz dərəcələri 9 faizdən 12 faizə qaldırılıb. Bu dəyişiklik 24 fevral 2014-cü il tarixindən qüvvəyə minir və bu tarixdən sonra üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunmayan əmanət hesab ediləcək.
Ekspert Vüqar Bayramov isə Musavat.com-a açıqlamasında faizlərin artırılmasını inflyasiyanın siqnalı kimi dəyərləndirib: “Burada söhbət sığortalanan əmanətlərin faiz dərəcələrinin artırılmasından gedir və faiz dərəcələri 9 faizdən 12 faizədək artırılıb. Bu, onu göstərir ki, artıq banklar inflyasiyaya hazırlaşırlar. Sığortalanan əmanətlərin faiz dərəcələrinin artırılması ilə bağlı qərarın indiki məqamda əsas məqsədi ondan ibarətdir ki, kredit faizləri artırılacaq. Sığortalanan əmanətlərin faizinin artırılması kredit faizlərinin yüksəlməsi anlamına gəlir. Bu, praktik olaraq inflyasiya ilə bağlı bir siqnaldır. Faizlərin 9-dan 12-yə qaldırılması indiki halda əmanətlərin sərf edilməsinə ciddi təsir göstərməyəcək. Manatın kəskin devalvasiyası vətəndaşların manat yığımına çox təəssüf ki, mənfi təsir göstərdi. Güman olunur ki, məhz bu qərardan sonra vətəndaşlar xarici valyuta yığmaqda maraqlı olacaq”.
Qeyd edək ki, banklardan götürülmüş kreditlərin hansı pul vahidində və hansı məzənnə ilə qaytarılması məsələsi aktuallıq kəsb edir. İqtisadçı alim Qubad İbadoğlu dollarla krediti, manatla əmanəti olanlara iqtisadçı məsləhəti verib. “Mərkəzi Bankın İdarə Heyətinin məlum qərarından ən çox ziyan çəkənlər dollarla kredit görtürən və manatla əmanəti olanlardır. Odur ki, onların hər ikisinə yaranmış vəziyyətdən çıxış üçün tövsiyələrimi vermək istərdim. Öncə son günlər bəzi hüquqşünas dostlarımızın dollarla olan kreditin geri qaytarılmasına dair şərhlərinə aydınlıq gətirək. Onların istinad etdiyi Mülki Məcəllənin 439.7-ci maddəsində göstərilir ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Təəssüf ki, hüquqşünaslarımız məhz bu maddənin təsvirində yalnışlığa yol verirlər. Baxmayaraq ki, orda aydın şəkildə yazılıb ki, valyuta ilə ödəniş edilərkən öhdəlik əmələ gəldiyi tarixə, yəni Mərkəzi Bankın faizlər və əsas borc ödənilən günə olan rəsmi məzənnəsi ilə həyata keçirilməlidir. Bu isə o deməkdir ki, dollarla krediti olanlar borca və faizə görə öhdəliklərini yerinə yetirərkən yeni məzənnə ilə ödəniş aparmalıdırlar. Odur ki, bu maddəni kənara qoyaq, o işə yaramır. İqtisadi məntiqə görə, dollarla olan kredit probleminin həllində banklar da maraqlı olmalıdırlar. Çünki yüksək faizlərlə verdikləri kreditə yeni məzənnə fərqindən yaranmış xərcləri də əlavə etdikdə əksər müştərilər banklar qarşısında öz öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirə bilməyəcəklər, bu isə vaxtı keçmiş borcların artmasına və öz növbəsində bankların da maliyyə vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq. Fikrimizcə, dollarla kredit götürənlər qarşılaşdığı problemlərini həll etmək üçün hazırkı situasiyada Mülki Məcəllənin başqa maddəsinə və eyni zamanda da müqavilə bəndlərinə istinad edərək dərhal banka ərizə ilə müraciət etməlidirlər. Çünki, Mülki Məcəllənin 442-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsaslarından biri də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Eyni zamanda mənim tanış olduğun bəzi kredit müqavilələrində göstərilir ki, fors-major halı kimi qiymətləndirilən dəyişiklik baş verəndə tərəflər baş verən dəyişikliyi müzakirə edə bilərlər və bunun üçün də tərəflərdən birinin məsələ ilə bağlı dərhal yazılı müraciəti olmalıdır”,- deyə ekspert qeyd edib.
Qubad İbadoğlunun sözlərinə görə, krediti dollarla götürənlər müqavilənin şərtlərini dəyişmək üçün müraciət etməlidirlər: “Odur ki, dollarla kredit götürənlərə tövsiyəm odur ki, öz banklarına müqavilənin şərtlərinə yenidən baxılmasına dair yazılı müraciət etsinlər və inanıram ki, banklar hazırkı situasiyada optimal qərarlar verməkdə maraqlı olacaq və tərəflər müqaviləni dəyişmiş şəraitə uyğunlaşdıracaqlar. Eyni zamanda, fürsətdən istifadə edib, manatla əmanəti olanlara da tövsiyə etmək istəyirəm ki, onlar da yuxarındakı maddələrə və imzaladıqları müqavilədə göstərilən fors-major halına istinad edərək banka yazılı müraciət göndərsinlər və manatla olan depozitlərin faiz dərəcəsini artırmağı qarşı tərəfdən xahiş etsinlər. İndiki situasiyada kommersiya bankları da manatla əmanətlərin faiz dərəcələrinin artırılmasında maraqlı olmalıdırlar. Əks təqdirdə onlar manat çatışmazlığı üzləşərək, normal fəaliyyət göstərə bilməyəcəklər. Eyni zamanda manatla olan əmanətlərin həcmində kəskin azalma müşahidə olunacaq və manata olan etibar ciddi şəkildə aşağı düşəcək. Odur ki, ilk növbədə banklara üz tutmaq və yazılı müraciətlə narahatçılığı ifadə etmək lazımdır. Banklar müştərilərə dəymiş ziyanın bir hissəsini kompensasiya etmək üçün kütləvi daxil olan müraciətlərə adekvat reaksiya vermək məcburiyyətindədirlər. Çünki, bu onların da marağındadır”.
Bir neçə bank isə kredit şərtlərini açıqlayıblar. “Azərbaycan Beynəlxalq Bankı”nın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev Axar.az-a bildirib ki, dollarla kredit götürən vətəndaşlar ödənişlərini dollarla da edəcəklər. Onun sözlərinə görə, dollarla kredit götürən vətəndaş ödənişi dollarla, manatla götürənlər isə manatla edəcəklər: “Bankdan kredit götürən vətəndaş kredit borcunu dolların ödəmə gününə olan məzənnəsinə uyğun ödəməli olacaq”. “Parabank”ın Filialların idarə edilməsi və satış departamentinin direktoru Cəlal Nağıyev bildirib ki, kredit götürən vətəndaş kredit borcunu hansı valyuta ilə götürübsə, onunla da qaytarmalıdır: “Yəni köhnə qayda ilə kredit götürən vətəndaş hazırda dolların kursu qalxdığından indi daha çox ödəməli olacaq”. “Unibank” dollarla krediti və manatla əmanəti olan vətəndaşların hazırkı vəziyyətə uyğun bu probleminə belə aydınlıq gətirib: “Əgər vətəndaş əvvəl 100 dollar kredit ödəyirdisə, yenə eyni pulu ödəyəcək və bu, manatın kursu ilə 105 manat edir. Manatla olan kreditlərdə isə heç bir fərq yoxdur”.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.
Röya RƏFİYEVA






