İnsanlara hürriyət, millətlərə istiqlal!

Maksim Musayev vəfat etdi

4639 28.10.2021 10:38 Son xəbər A A

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Yeni Azərbaycan Partiyasının səmimi, təmənnasız yaradıcılarından biri, Milli Məclisin sabiq deputatı Maksim Musayev oktyabrın 27-i axşam saatlarında ürək tutmasından dünyasını dəyişib. Musavat.com-un məlumatına görə, mərhumun oğlu Emin Musayev xəbəri Moderator.az-a təsdiqləyib.

Maksim Musayev 1938-ci il avqustun 18-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1956-cı ildə İrəvan şəhərində azərbaycan orta məktəbini bitirib. 1956-1958-ci illərdə Gəncədə Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirib. 1958-ci ildən Ermənistan KP Vedi Rayon Komitəsində təlimatçı kimi çalışıb. 1960-1961-ci illərdə İrəvan Kənd Təsərrüfatı İnstitutunda, 1961-1966-cı illərdə Leninqrad Kənd Təsərrüfatı İnstitutunda və daha sonra isə Bakı Ali Partiya məktəbində təhsil alıb. 1966-cı ildən Bakıda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda aspirant, 1970-ci ildən Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1974-cü ildən Azərbaycan Respublikası Xalq Nəzarəti Komitəsində inspektor, 1980-ci ildən Azərbaycan KP MK-da təlimatçı, inspektor işləyib. 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi, 1988-ci ildən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bölmə müdiri, 1989-cu ildən Azərbaycan Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini, 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri, 1991-1992-ci illərdə isə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Qax və Xızı rayon sovetlərinin bir neçə çağırış deputatı, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1990-cı ildə respublikanın xalq deputatı və 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Birinci çağırış Milli Məclisin yerli özünüidarə məsələləri daimi komissiyası sədrinin müavini və Azərbaycan-Çin Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.

"Heydər Əliyevin qayıdışı parlamentdə", "Milli Şura Parlamenti 1991-1992" və bir neçə başqa siyasi kitabların müəllifidir.  "Şərəf nişanı" ordeni və bir neçə medalla təltif edilib. "Piterskie Azerbaydjantsi" ("Piter Azərbaycanlıları") qəzetinin təsisçisi və baş redaktoru olub. Maksim Musayev 10-dan çox kitabın müəllifidir. Mərhum ömrünün son günlərinədək Azərbaycanın yaxın tarixindəki ictimai-siyasi proseslər, Rusiya və Ermənistanın Qərbi Azərbaycan, Qarabağ məsələlərinə dair haqsız iddialarıyla bağlı araşdırma məqalələr işləyir, mütəmadi olaraq Milli Məclisin kitabxanasında çalışır, mediaya müsahibələr verirdi. Ömrünün son aylarında  Irəvana Qayıdış İttifaqı yaradılması haqda təşəbbüs qaldırmış və təşkilatın nizamnamə və proqramı üzərində çalışırdı. 

M.Musayev Azərbaycanın tarixi əraziləri, o cümlədən Qarabağda cinayətlər törətmiş Serj-Sərkisyan-Robert Köçəryan cütlüyü ilə bağlı həqiqətlərin çatdırılmasında, canilərin ifşasında da mühüm rol oynayırdı. Erməni dilini mükəmməl bilən M.Musayev davamlı şəkildə yerli mediamzda çıxış edir, düşmənin məkrli niyyətləri barədə ictimaiyyəti məlumatlandırırdı. Mərhum həm də qatil S.Sərkisyanın atası ilə bağlı müəmmaları, həmçinin onun əsl adının “Serjik” olduğunu açıqlayan ilk mənbələrdən biri idi.

Musavat.com-da dərc olunan sonuncu yazılardan biri Basarkeçərlə bağlı idi. O, Azərbaycan ictimaiyyətinə müraciətlə Ermənistan adlanan tarixi ərazilərimizdəki toponimlərimizi unutmamağa çağırmışdı, bir sıra çox tutarlı faktları açıqlamışdı. Kəsəsi, 3 övlad atası olan Maksim müəllim canlı ensklopediya idi.

M.Musayevin vəfatı ilə bağlı mərhumun doğmalarına başsağlığı veririk. Allah rəhmət eləsin!

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR