İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Paşinyanı Putin ilə düşmən edir: Kreml yeni "erməni planı" ilə Fransanı məyus edə bilər

5528 20.07.2021 20:14 Analitika A A

Rusiyanın Ermənistanla hərbi müttəfiqlik öhdəliklərinin qüvvədən düşdüyünü elan edə biləcəyi qətiyyən istisna deyil; Kremlin Ermənistanın gələcək taleyi ilə bağlı prinsipial qərar verməyə hazırlaşdığı müşahidə olunur...

Cənubi Qafqazda situasiya hər ötən gün daha da gərginləşir. Azərbaycan-Ermənistan sərhədində qarşılıqlı atəşin açılması artıq intensiv xarakter daşıyır. Və bu, növbəti hərbi toqquşmaların hər an baş verə biləcəyindən xəbər verir.

Belə anlaşılır ki, regional yeni regional savaşın başlaması üçün olduqca ciddi səbəblər mövcuddur. Artıq aydın olur ki, Cənubi Qafqaz regionunda normal münasibətlərin qurulması bəzi beynəlxalq siyasi iradə mərkəzlərinə qətiyyən sərfəli deyil. Ona görə də, bu regionda hərbi-siyasi xaosun yaradılması məqsədilə bütün mümkün addımları atırlar.

Əvvəlcə onu qeyd edək ki, Rusiya regionda özünə lazım olan və ala biləcəyi bütün mövqelərə sahibdir. Kreml üçün bundan artığı indiki situasiyada demək olar ki, mümkün deyil. Rusiyanın regionda öz nüfuz dairəsini daha da artıra bilməsi üçün sülh prosesinin davamlı olması lazımdır.

cqafff-unnamed.jpg (26 KB)

Məsələ ondadır ki, Rusiya Cənubi Qafqazda hərbi-siyasi cəhətdən kifayət qədər güclü mövqelərə sahibdir. Kremlin regionda ümumi iqtisadi-ticari sistemə də qoşulub, nəqliyyat-kommunikasiya xətlərindən faydalana bilməsi isə daha çox üçtərəfli anlaşmaların icrasına bağlıdır. Bu isə o deməkdir ki, regional savaş hazırda Kremlin maraqlarını riskə atan bilər.

Eyni situasiya Azərbaycan və Türkiyə üçün də keçərlidir. Bu iki müttəfiq ölkə də artıq savaş variantından uzaqlaşaraq, dinc regional iqtisadi layihələrdən faydalanmağın hesabları üzərində planlar qururlar. Və indiki situasiyada, eləcə də, regional iqtisadi inkişaf perspektivlərinə yönəlik hədəflərdə həm Azərbaycanın, həm də Türkiyənin maraqları Rusiya ilə uzlaşır.

Ermənistana gəldikdəsə, bu uydurma dövlətin maraqları ziddiyyətlərlə yüklənib. Əgər, kənardan şirnikləndirici dəstək vədləri verilmədiyi təqdirdə, regionda yeni savaş rəsmi İrəvanın düşünməyə cəsarət edəcəyi mövzu deyil. Çünki yeni savaş Ermənistan üçün mövcudluğun itirilmə riski doğura bilər.

Ancaq rəsmi İrəvan hazırda regionda yeni savaşın təməlini ata biləcək təxribatlarla diqqəti çəkir. Səbəb isə rəsmi İrəvanın yenə də regionda maraqları olan bəzi kənar dövlətlərin əlində oyuncağa çevrilməyə həvəs göstərməsi ilə bağlıdır. Və bu həvəs Ermənistanı böyük təhlükələr qarşısında qoya bilər.

acc530950a292dc2edf6d48ab09dd79b.jpg (113 KB)

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti bu avantürist oyuna razılıq verərkən eyni vaxtda üç dövlətin - Azərbaycan, Türkiyə və Rusiyanın maraqlarına qəsd etməyə cəhd göstərmiş olur. Əvəzində isə ABŞ-ın passiv, Fransanın aktiv dəstəyinə güvənir. Əsas regional ziddiyyətlərinin dərinləşməsi də məhz bu önəmli məqamdan qaynaqlanır.

Məsələ ondadır ki, rəsmi Paris Paşinyan hakimiyyətini hərbi təxribatlara yönləndirərək, regionda silahlı toqquşmalara nail olmağa cəhd edir. Əsas məqsəd isə Cənubi Qafqazda cərəyan edən proseslərdən  kənarlaşdırılan Fransanın yenidən, həm də fərqli statusda regiona yerləşməsini təmin etməkdir. Bu məsələdə Ermənistanın regionda geopolitik təsir mexanizmlərini itirmiş digər himayədarı - ABŞ da Fransa ilə eyni mövqedən çıxış edir.

Bəzi məlumatlara görə, Paşinyan hakimiyyəti Nyu-Yorkda ABŞ və Fransa təmsilçiləri ilə gizli müzakirələr aparmaqdadır. Müzakirələrin məzmunu barədə sızan məlumatlarda ABŞ və Fransanın Paşinyan hakimiyyətinə silahlı toqquşmalara nail olunmasının vacibliyinin təlqin edildiyi vurğulanır. İddialara görə, bu iki dövlət Cənubi Qafqazda qısa müddətli də olsa, hərbi əməliyyatların başlayacağı təqdirdə, rəsmi İrəvana BMT Təhlükəsizlik Şurasında yeni qətnamənin qəbulunu vəd edirlər.

Məlumatlarda yer alan önəmli məqamlardan biri ondan ibarətdir ki, ABŞ və Fransa təmsilçiləri Paşinyan hakimiyyətinə Ermənistanı üçtərəfli anlaşmaların icrasından xilas etməyi vəd edirlər. Yəni, BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsinin həmin sənədləri hüquqi qüvvədən salacağını vurğulayırlar. Əvəzində isə rəsmi İrəvanın tələbi ilə əvvəlcə Ermənistanda, daha sonra isə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə Fransa sülhməramlı kontingentinin yerləşdirilməsinin mümkün olacağını iddia edirlər.

Göründüyü kimi, Cənubi Qafqaz üzərində yeni və təhlükəli oyuna başlayıblar. Üstəlik, bu oyunun Ermənistanı ciddi problemlər qarşısında qoya biləcəyi də qətiyyən şübhə doğurmur. Çünki, belə bir addımın rəsmi İrəvana və onun himayədarlarına uğur qazandırma ehtimalı demək olar ki, real deyil.

images-makro-pash-arvadlar.jpg (11 KB)

Məsələ ondadır ki, ABŞ və Fransa Paşinyan hakimiyyətinə vəd edilən yeni qətnaməni yalnız Rusiyanın razılığı ilə təsdiqlədə bilər. Ancaq həmin qətnamə birbaşa Rusiyanın regiondakı maraqlarına qarşı yönələcəyindən Kreml BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək, onu bloklaya bilər. Və həmin andan Ermənistanla Rusiya arasındakı hərbi müttəfiqlik anlaşması siyasi əhəmiyyətini itirməyə başlayacaq.

Hətta həmin qətnamə reallığa çevrilmiş olsa belə, bunun Ermənistana böyük fayda verəcəyi qətiyyən inandırıcı görünmür. Azərbaycan ərazisində hər hansı ölkənin hərbi kontingenti yalnız rəsmi Bakının razılığı ilə yerləşdirilə bilər. Rəsmi Bakı isə Fransa hərbi kontingentini heç bir halda, Azərbaycan ərazisinə buraxmaz. Və BMT Təhlükəsizlik Şurası buna qərar vermək hüququna malik deyil.

Fransa yalnız rəsmi İrəvanın tələbi ilə Ermənistan ərazisində hərbi kontingent yerləşdirmək imkanı qazana bilər. Halbuki, bu, həm Ermənistana, həm də Fransanın özünə ciddi problemlər vəd edir. Çünki, Fransa hərbi kontingentini Rusiya hərbi bazalarının olduğu Ermənistanda mövcudluğunu təsəvvür etmək asan deyil. Bu həm Rusiya-Ermənistan münasibətlərini qopma durumuna gətirə, həm də Rusiya-Fransa hərbi-siyasi qarşıdurmasına yol aça bilər.

Digər tərəfdən, Fransa hərbi kontingentinin Ermənistanda yerləşdirilməsi rəsmi Bakını öz hərbi müttəfiqi Türkiyəyə Azərbaycanda hərbi baza yaratmaq təklifi etmək qərarına stimullaşdıracaq. Nəticədə, Fransa dünyanın bir çox bölgələrində məğlub olduğu Türkiyə ilə növbəti dəfə qarşılaşmalı olacaq. Bundan isə Fransa qətiyyən məmnun olmaz.

Göründüyü kimi, Paşinyan hakimiyyətinə verilən vədlər demək olar ki, heç perspektivə malik deyil. Böyük ehtimalla ABŞ və Fransa erməniləri növbəti dəfə aldadaraq, öz maraqlarını təmin etməyə çalışırlar. Bu iki dövlətin maraqları baxımından, Cənubi Qafqazda sadəcə, silahlı münaqişənin bərpa edilməsi də yetərli ola bilər.

put-pashhh-23246dd22417ef3390f3b914281f3076.jpg (235 KB)

Halbuki, silahlı münaqişənin bərpasından sonrakı situasiyanın Ermənistan üçün əsl fəlakət ssenarisinə çevrilə biləcəyi də qətiyyən şübhə doğurmur. Çünki Kreml Fransa prezidenti Emmanuel Makronun təlimatları ilə hərəkət edən Paşinyan hakimiyyətinin xəyanətə bərabər oyunlarından artıq qıcıqlandığını biruzə verməyə başlayıb. Bu baxımdan, hərbi münaqişənin bərpası halında, Rusiyanın E.Makron tərəfindən aldadılan Ermənistan ilə müttəfiqlik öhdəliklərinin qüvvədən düşdüyünü bəyan edə biləcəyi də qətiyyən istisna deyil.

Məsələ ondadır ki, Rusiya siyasi dairələrində Paşinyan hakimiyyətinin ABŞ və Fransa ilə məsləhətləşmələri üçtərəfli anlaşmaların demontaşına yönəlik cəhd kimi dəyərləndirilir. Hesab edilir ki, əgər, rəsmi İrəvan Fransa hərbi kontingentini Ermənistana dəvət edərsə, bu, Rusiya ilə müttəfiqlikdən və KTMT üzrə öhdəliklərdən imtina anlamına gələcək. Bu isə baş nazir Nikol Paşinyan bir siyasi lider, Ermənistanın isə dövlət kimi intiharı olardı.

Əslində, Rusiya prezidenti Vladimir Putin vaxtilə bu barədə açıq xəbərdarlıq etmişdi. O, Ermənistanın revanşist qüvvələri üçtərəfli anlaşmalara müqavimət göstərərkən, bunun intihara çevrilə biləcəyinə eyham vurmuşdu. Və üçtərəfli anlaşmaların alternativinin olmadığını vurğulamışdı.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Ermənistanı artıq geriyə dönüşü olmayacaq bir təhlükəli oyunun içərisinə atıb. Üstəlik, bu oyun artıq kuliminasiya mərhələsinə yaxınlaşır. Hər halda, hazırda Kremlin Ermənistanın gələcək taleyi ilə bağlı prinsipial qərar verməyə hazırlaşdığı müşahidə olunur. Və Kreml yeni "erməni planı" ilə həm ABŞ-ı, həm də Fransanı məyus edə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR