İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahmud Hacıyev: “Texnoligiyanın inkişafı ailə cinayətlərinin sayının artırıb"

687 09.10.2021 11:00 KİVDF layihələri A A

“Elə televiziya verilişləri var ki, ailə münaqişəsini qızışdırır, tərbiyələndirmir”

Qadına qarşı zorakılıq uzun əsrlər boyu istər Qərbdə, istərsə də Şərqdə adi hal kimi qəbul olunub. XX yüzilliyin əvvəllərindən başlayaraq, zorakılığın bu formasına qarşı məqsədli və planlı mübarizə aparılmağa başlansa da, XXI əsrin əvvəlləri üçün də qadına qarşı şiddət, zorakılıq təhlükəli miqyasda qalmaqda davam edir və bütün dünyada qadınlara, qızlara qarşı məişət zəminində zorakılıq halları artır.

COVID-19 və onun təsirləri, o cümlədən bir çox ölkələrdə aylarla davam edən ciddi məhdudiyyətlər qapalı qapılar arxasında gizlənən, çoxlarının “kölgə pandemiyası” adlandırdığı məişət zorakılığı halları ilə müşayiət olunub. Dünyada təxminən hər üç qadından biri fiziki və ya cinsi zorakılığın qurbanı olub. Bu son təlatüm bir daha gender zəminində zorakılıq hallarının qarşısının alınmasında təxirəsalınmaz qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac olduğunu ön plana çəkir.

Azərbaycanda rəsmi statistik məlumatlar onu göstərir ki, 2019-cu ildə ən azı 1038 qadın məişət zorakılığının qurbanı olub. 2020-ci ilin mart-sentyabr aylarında isə qadınlara qarşı 679 cinayət faktı qeydə alınıb. Bu rəqəmlər hər birimiz üçün ciddi bir çağırışdır. Elə son günlər ölkəmizdə yaşanan cinayətlərinə nəzər salaq.

Oktyabrın 1-i səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib. İstintaqın təqdimatı əsasında məhkəmə İ.Məmmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri qərarı seçib. Sözügedən hadisə ötən həftənin ən səs-küylü, müzakirə olunan cinayəti olub.

Oktyabrın 7-də isə Xırdalanda 30 yaşlı kişi 22 yaşlı həyat yoldaşını qətlə yetirib. Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində kirayədə yaşayan 1999-cu il təvəllu?dlu? İnci Umarova yaşadığı evdə o?ldu?ru?lüb.

Bu cinayətlər nə ilkdir, nə də son olacaq. Bəs ailədaxili şiddəti və qadın qətllərinin sayı niyə artır? Onların mediada işıqlandırılması cəmiyyətə hansı mesajları ötürür?

Mahmud Hacıyev - Publika.Az

Mahmud Hacıyev

Sabiq polis rəisi, ekspert-kriminalist Mahmud Hacıyev “Yeni Müsavat”a bildirdi ki, baş vermiş cinayətin mətbuatda necə işıqlandırılmasının əhəmiyyəti var. Onun fikrincə, ümumilikdə kriminal xəbərlərə qadağa qoymaq çıxış yolu deyil. M.Hacıyev hesab edir ki, istintaq orqanlarının mətbuat xidmətləri var və özləri mediaya rəsmi informasiya verirlər.

 “Bu da qanunauyğun məsələdir. Amma bəzən elə cinayət işi olur ki, onun detalları tam açıqlanmır. Çünki burada müəyyən mental faktorlar gözlənilir, ailədaxili hansısa nüansların qeyd olunması etik sayılmır, ona görə cinayətin təfərrüatı açıqlanmır, sadəcə, faktın özü haqda xəbər verilir. Yeri gəlmişkən, son zamanlar həm prokurorluq orqanları, həm daxili işlər orqanları mətbuatla çox yaxşı iş qurublar, yəni əvvəlkindən müsbət mənada fərqlənir”.

Ekspertin sözlərinə görə, ailədaxili cinayətlərin statistikasının artması cəmiyyət üçün pisdir, amma insan faktoru olan yerdə cinayət də var: “Əlbəttə, hamı istəyərdi ki, bu cür qətllərin sayı azalsın. Amma mən məhkəmə-istintaq təcrübəsinin sovet dövrünü götürəndə deyə bilərəm ki, ailə münaqişəsi zəminində cinayətlər az idi. Elə görünməsin ki, sovet dövrünü tərifləyirəm, amma bu, reallıqdır. Çünki bizdə milli dəyərlər, ağsaqqal və qarasaqqal anlayışı var, o halda ailə münaqişəsini qızışmağa qoymurdular. İndisə texnologiyanın sürətli inkişafı cinayətkarlığa qarşı mübarizəni asanlaşdırsa da, cinayətlərin sayının artmasına təsir edib. Məsələn, kişi qadına deyir ki, səndən şübhələnirəm, kiməsə mesaj yazırsan və ya şəkil yollayırsan. Hətta bir neçə il qabaq Sabunçuda qız oğlanı görüşə çağırmışdı, qardaşları gəlib onu öldürdülər. Bax, müasir texnologiya konfliktli situsiyalara bu şəkildə ”stimul" verir. Eyni zamanda, qloballaşma gedir, dünyaya açılım var, gediş-gəliş artıb, yeni əlaqələr qurulur və bütün bunlar belə hallara təsir edir. Ümumən cinayətsiz cəmiyyət olmur". 

M.Hacıyevin fikrincə, mətbuat maarifçilik işini gücləndirməlidir: “Qəzetlər yazır, çox razıyam ki, yazılı mətbuat iş görür, amma televiziyalar bu yöndə maarifçiliklə məşğul olmur. Qəzetdən 100 adam oxuyursa, efirə milyonlar baxır. Və televiziyaya hər yaş təbəqəsi baxır. Mən telekanallarda günahkar görürəm. Elə verilişlər yayımlanır ki, ailə münaqişəsi problemini qızışdırır, tərbiyələndirmir”.

Könül İbrahim

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR