İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahmud Hacıyev işdən çıxarılmasını qanunsuz hesab edir

3695 18.06.2020 17:28 Qalmaqal A A

Sabiq polis rəisinin iddiasına görə, məmurların məhkəmələrə təzyiqi hüquqlarının bərpasına imkan vermir

Sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev böyük qanunsuzluqla üz-üzə olduğunu bildirir. Dediyinə görə, 2 il əvvəl qanunsuz olaraq 10 ildən artıq çalışdığı “Titan-D” MMC, özəl mühafizə və kommersiya şirkətində tutduğu vəzifədən çıxarılıb və bundan sonra Azərbaycan məhkəmələrində hüquqlarının bərpası üçün məhkəmə davası açıb.

“2018-ci ilin avqustunda məni çağırıb işdən çıxarılmağım haqda məlumat verdilər. Qanunun tələbinə uyğun 1 ay möhlət istədim. Təklif etdim ki, sentyabr ayından işdən getməklə bağlı ərizə yazım. Lakin MMC rəhbərliyi qanunun tələbinə məhəl qoymadı, mənə 1 ay möhlət verməkdən imtina etdi. İşdən çıxarılmağımla bağlı əmrin surətini istədim. Bir neçə gün sonra verdikləri əmrin mülki və əmək qanunvericiliyinə tamamilə zidd olduğunu gördüm. Bunu özümə qarşı xoş olmayan niyyətin nümayişi kimi qəbul etdim. Əmrdə yazırlar ki, Mahmud Hacıyevlə “Titan-D” MMC arasında bağlanan əmək müqaviləsinin müddəti bitdiyi üçün, həmçinin MMC ilə bp şirkəti arasında bağlanmış müqavilənin müddəti başa çatdığından işdən çıxarılsın. Əmək Məcəlləsinin 45-ci maddəsində birmənalı şəkildə yazılıb: “Hər hansı bir işçi müddətli müqavilə ilə hər hansı bir yerdə çalışırsa, müddət bitən andan müqavilə müddətsiz statusu alır”.

Məcəllənin bu maddəsi sübut edir ki, işdən çıxarılmağımla bağlı gətirdikləri birinci dəlil qanuna ziddir, əsassızdır. Məni bu əsasla işdən çıxara bilməzdilər. Digər dəlilləri də əsassız və saxtadır. Yazırlar ki, BP şirkəti ilə müqavilə bitib, guya buna görə də əmək haqqı ödəyə bilmirlər, ixtisara gedirlər. Lakin əldə etdiyim müqavilələr sübut edir ki, bu dəlilləri də əsassızdır. Belə ki, bp şirkəti ilə MMC arasında bağlanan 1 iyun 2016-cı il tarixli 441 000 7688 nömrəli və 1 sentyabr 2018-ci il tarixli bp00287 nömrəli müqavilələr var. 2018-ci il avqustun 31-də məni bp şirkəti ilə MMC arasındakı müqavilə müddətinin bitməsini əsas gətirməklə işdən çıxarırlar. Halbuki bp ilə müqavilənin biri qüvvədə olub və məni qanunsuz və əsassız olaraq işdən çıxarandan 1 gün sonra bp ilə daha bir müqavilə bağlanıb. MMC başbilənlərinin gətirdiyi hər iki dəlilin əsassızlığı və verilmiş əmrin qanunsuzluğu göz qabağındadır” - deyə Mahmud Hacıyev bildirir.


Hüquqşünas deyir ki, baş verən qanunsuzluğun aradan qaldırılması ilə bağlı Səbayel rayon Məhkəməsinə müraciət edib. M.Hacıyev öyrənib ki, MMC rəhbərliyi məhkəməyə təzyiq edir: “İddia məhkəməyə çatandan sonra mənə məlum oldu ki, MMC-nin direktoru Cəmil Çaparlı Prezident Administrasiyasında Protokol Şöbəsinin müdiri olan Elçin Bağırovun bacısının həyat yoldaşıdır. İşə hakim Mədinə Bağırova baxdı və qanunsuzluğa haqq qazandıran qətnamə çıxardı. Apellyasiya şikayəti verdim. Hakim Namiq Cəfərovun sədrliyi ilə şikayətim araşdırıldı. Hakim müstəqilliyini sübut edib qanuna tabe oldu, təzyiqlərə baxmayaraq qanunu əsas götürüb, qərar verdi. Mədinə Bağırovanın qanunsuz qətnaməsi ləğv olundu, işə bərpa olunmağım, işdən qanunsuz çıxarıldığım müddət üçün əmək haqqımın hesablanaraq ödənməsi haqda qərar verildi. Bu qərardan sonra Elçin Bağırov yenidən məhkəmələrə təzyiqə başladı və iş Ali Məhkəmədən yenidən apellyasiya instansiyasına qaytarıldı. Hakim Şeyda Məhərrəmovanın sədrliyi ilə işə yenidən baxıldı və Səbayel rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıldı. Yenidən Ali Məhkəməyə şikayət etdim. Hakim Əhməd Abbasoğlunun sədrliyi ilə iş yenidən araşdırıldı. Heç bir təzyiqə baxmayaraq qanuni və əsaslı qərar çıxarıldı. Bir daha sübut olundu ki, işdən çıxarılmağım qanunsuzdur, Mülki Məcəlləyə, Əmək Məcəlləsinə tamamilə ziddir. Ali Məhkəmə bir qayda olaraq daxil olan işləri apellyasiya instansiyasına geri qaytarır. İşim üzrə isə qanun pozuntuları o qədər göz qarşısındadır ki, işi apellyasiyaya qaytarmadı, birbaşa qərar verdi. Ali Məhkəmənin qərarı verildiyi gündən qüvvəyə minir. 2019-cu ilin dekabrında verilmiş qərar icra olunmadı”.

Mahmud Hacıyev deyir ki, Elçin Bağırov bu dəfə məhkəmə icraçılarına təzyiqlər etməyə başlayıb: “Ali Məhkəmənin qərarının icrasını Prezident Administrasiyasında çalışan məmur Elçin Bağırov faktiki olaraq dayandırıb. Prezident İlham Əliyev məhkəmə hüquq islahatlarını gerçəkləşdirdiyi bir vaxtda belə bir addım atılır və bunu edən də məmurdur. 6 ay qərarın icrası bu şəkildə, qanunları saymadan, konstitusiyanı tapdamaqla dayandırıldı və sonra Konstitusiya Məhkəməsinə müraciət olunub ki, Ali Məhkəmənin qərarına yenidən baxılsın. Və bu məsələ haqda mənə heç bir məlumat verilməyib. Bu, qanunsuzluğun hansı səviyyədə olduğunu göstərir. Konstitusiya Məhkəməsi haqda Qanunun 37-ci maddəsinə görə sorğu, müraciət, şikayətin icraata qəbul edilməsindən imtina olunması üçün əsaslara görə bu kimi mülki işlərin icraata qəbul olunması qadağan olunur. Konstitusiya Məhkəməsi qanunsuz olaraq bu işi icraatına qəbul edib. Bu məhkəmə, ədliyyə orqanlarına Elçin Bağırovun təsirlərinin nəticəsidir”.

Mahmud Hacıyev prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya, prezidentin köməkçisi Fuad Ələsgərova müraciət ünvanlayıb: “İlham Əliyevin korrupsiyaya qarşı prinsipial mübarizə nümayiş etdirdiyi bir vaxtda dövlət məmurlarının özəl kommersiya şirkətlərinin işində iştirakını qadağa etdiyi zamanda Elçin Bağırov bacısının həyat yoldaşının rəhbəri MMC-nin işində yaxından iştirak edir. 2 ildir ki, məmur tutduğu postdan istifadə edərək məhkəmə orqanlarına təsir göstərir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə də müraciətlər etmişəm. Ümid edirəm ki, mənə qarşı qanunsuzluqlara nəhayət, nöqtə qoyulacaq və işə bərpa olunmaqla yanaşı mənə ötən 2 illik müddət üçün əmək haqqım ödəniləcək”.

Yazıda adları çəkilən, ittiham olunan bütün tərəfləri dinləməyə və mövqelərini çap etməyə hazırıq.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR