İnsanlara hürriyət, millətlərə istiqlal!

Magistr dərəcəli marketinq mütəxəssisi niyə fəhlə işləyir? - FOTO, VİDEO

2725 25.08.2014 00:50 Reportaj A A

2011 – ci ildə Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsinin bakalavr , bu il isə magistr pilləsini bitirən qəhrəmanımızın öz ixtisası üzrə iş axtarışları bir nəticə verməyib. Çarəsizlikdən qardaşı ilə birlikdə günəmuzd fəhlə işləyən ali təhsilli marketinq mütəxəssisinin əllərindəki qabarlar da gözümüzdən qaçmır: “Bir ilə yaxındır ixtisasıma görə iş tapa bilmirəm. Gündəlik xərclərimi ödəmək üçün məcburən fəhlə işləyirəm. O da çox ağır işdir, görürsünüz də əllərimdəki qabarı, hamısı fəhləliyin nişanələridir”. 

Ziyalı ailənin ali təhsilli fəhlələri

Tahir Məmmədli 4 nəfərdən ibarət ailəsi ilə birgə, Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanında yerləşən Texniki Universitetin yataqxanasında qalır. Digər ailə üzvləri də  gündəlik çörəkpulunu fəhləliklə qazanır, yaşadıqları kiçik yataqxana otağının şəraitini isə ürəkaçan adlandırmaq olmaz. 

Ziyalı ailənin övladı olan 25 yaşlı müsahibim ali təhsilin magistratura pilləsini bitirib, ingilis dilində səlis danışa bilir, kompüter proqramlarında işləməyi bacarır və təhsil aldığı müddətdə istehsalat təcrübəsi də keçib. Ancaq bütün bunlar ona normal bir iş tapmağa kömək etməyib: “Bu təhsili almağıma bir  Allah, bir də anam kömək edib.  Çox imkansızlıqla oxuyub bu dərəcəyə çatmışam. İndi ixtisasıma uyğun bir iş tapa bilmirəm. Ancaq öz təhsilim üzrə istənilən işin öhdəsindən gələ bilərəm”.  

Tahir deyir ki, haraya müraciət edirsə geri qaytarırlar. Göstərdikləri səbəb odur ki, iş stajı yoxdur, təcrübəsizdir. Müsahibimin sözlərinə görə, həmin vəzifələrə ondan daha təcrübəsiz gənc xanımları işə qəbul edirlər. 


Xərci borcunu ödəməyən iş təklifləri

Tahir Məmmədliyə banklardan bir neçə dəfə iş təklifi gəlib: “Ancaq elə əmək haqqı verirlər ki, nəinki çəkilən zəhməti, yolpulunu belə ödəmir. Ayda 200 manat əmək haqqı verirdilər, ancaq gördüyüm işin əziyyətinə dəymirdi. Gün ərzində müxtəlif ünvanlara getmək, kreditlərin verilməsi ilə məşğul olmaq elə də asan deyil. Aldığım maaş elə yolda xərclənirdi.”


Marketinq üzrə magistr dərəcəsi olan gənc deyir ki, əksər idarələr, özəl şirkətlər öz yaxın qohumlarına, tanışlarına üstünlük verdiyindən, onun müraciətlərinə baxan olmur. Dəfələrlə işə qəbul zamanı test müsabiqələrindən, müsahibə mərhələsindən uğurla keçib, ancaq sonradan onu dəvət etməyiblər: “Hərə öz qohumunu götürür işə, bacardı bacarmadı keçirirlər vəzifəyə. Bəlkə yüz yerə CV göndərmişəm. Müsabiqələrdən də keçmişəm. Deyirlər get. işə başlamaq üçün əlaqə saxlayacağıq. Ancaq nə qədər gözləyirəmsə səs çıxmır. Sonra özüm əlaqə saxlayıram, deyirlər ki, bu vəzifəyə uyğun deyilsiniz, təcrübəniz yoxdur”. 

Azərbaycanda əmək bazarının düzgün tənzimlənməməsi, ədalətli rəqabətin olmaması əksər gənclər kimi Tahir Məmmədlinin də həyatına təsirsiz ötüşməyib. Ömrünün 6 ilini təhsilə sərf edən gəncin indi işsiz qalması həm də onun əmək hüquqlarının pozulması deməkdir. Bəs buna görə məsuliyyəti kim daşıyır sualının cavabı isə, ən azı Tahirin işsizliyinin səbəbi qədər mürəkkəbdir. 


“Təhsil var, təcrübə yox”

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, Azərbaycanda ənənəvi olaraq işçi qüvvəsi iş yerlərinin sayından çoxdur və əhalinin sayının ildən-ilə artmasını nəzərə alsaq, bu situasiya belə də davam edəcək: “Azərbaycanda məşğulluq siyasətinin özündə müəyyən problemlər var. Ali təhsil alanların əksəriyyətinin nəzəri bilikləri olsa da, təcrübələri olmur. Çünki, ali təhsil müəssisələri tələbəni tam olaraq əmək bazarının tələblərinə uyğun yetişdirmir, nəzəriyyə və təcrübə bir-biri ilə uzlaşmır. Ona görə də ali təhsil alan gənclərin əksəriyyəti əmək bazarına daxil olarkən problemlə üzləşir. İşəgötürənlər onları qəbul etməkdə tərəddüd edirlər”. 


“Gənclərin də günahı az deyil”

Ekspertin sözlərinə görə, indi əksər dövlət və kommersiya qurumları yüksək ixtisaslı kadrların axtarışındadır: “Hər il dövlət qulluğuna qəbul zamanı yüzlərlə gənc iş tapmaq şansı qazanır. Burada həm test müsabiqəsində, həm də müsahibə mərhələsində mexanizm elə qurulub ki, tam ədalətli və azad rəqabət təmin olunur. Ancaq bir hal ola bilər ki, eyni vakansiyaya bir neçə şəxs qəbul olunur və digərləri ehtiyat kadr kimi saxlanılır.”
Sahib Məmmədov deyir ki, problemin bir tərəfi də gənclərdən qaynaqlanır: “Əgər Avropa ölkələrində gənclər orta məktəbdən işləməyə başlayırsa, Azərbaycanda bu 23 -24 yaşından sonra, ali təhsili və hərbi xidməti başa vurduqdan sonra  baş verir. Əksər gənclər 23 yaşdan sonra əmək bazarına daxil olurlar, bu isə artıq gecdir” . 

Nərgiz Liftiyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR