Dekabrın 21-də İspaniyanın Kataloniya muxtar regionunun parlamentinə keçirilən növbədənkənar seçkilərin yekun nəticələri yaxın günlərdə açıqlanacaq.
Lakin seçki başa çatandan dərhal sonra Kataloniya Milli Assambleyasında təmsil olunan müstəqillik tərəfdarları növbədənkənar parlament seçkilərdəki qələbəni qeyd etməyə başlayıb. İlkin məlumata görə, Kataloniyanın İspaniyanın tərkibindən çıxmasını tələb edən partiyalar bölgə parlamentindəki 135 mandatdan 70-ni özləri üçün təmin edə biliblər. Müstəqillik tərəfdarları rəqs edib, Kataloniyanın sabiq rəhbəri Karles Puçdemona dəstək şüarları səsləndirib, bir-birilərini qələbə ilə təbrik ediblər. Məlumata görə, səsvermədə seçici fəallığı 68,32 faiz olub. Bu isə ötən seçkilərlə müqayisədə xeyli çoxdur. “Exit-poll”un nəticələrinə görə, hazırda iki partiya – Mərkəzçi və Müstəqilliyin Əleyhdarları Partiyası və Solçu Respublikaçılar Partiyası muxtar regionun parlamentində təxminən eyni sayda yer əldə ediblər. Qeyd edək ki, bülletenlərin rəsmi sayılması dekabrın 24-də başlayacaq və maksimum üç gün davam edəcək. Bu ilin oktyabrında “müstəqillik” referendumu keçirən Kotoloniya ilə bağlı Madridin sərt qərarlarından sonra ölkəni parçalamağa çalışan qüvvələrin geri çəkiləcəyi gözlənilsə də, bu, baş vermədi. Seçki nəticələrinin hansı perspektivlər vəd etdiyi hazırda ciddi suallardan biridir.
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, bundan əvvəl separatçı Kataloniya hökuməti referendum yolu ilə bölgənin müstəqilliyini elan etməyə çalışdı, amma alınmadı: “İspaniyanın mərkəzi hökuməti referendumun nəticələrini ləğv etdi, Konstitusiyaya əsasən bölgənin muxtariyyatını məhdudlaşdırdı. Madrid Kataloniyada yeni seçki təyin etdi və maraqlıdır ki, separatizmi alovlandıran separatçı partiyalar və Brüsseldə gizlənən bölgənin keçmiş baş naziri Puçdemon yeni seçkiləri boykot etmədi. Niyə? Görünür, düşünür ki, separatizmi dəstəkləyən siyasi cərəyanlar yenidən qələbə çalacaq və o Kataloniya üçün artıq müstəqillik yolu açılacaq”.
Ekspertə görə, əslində Kataloniyada budəfəki parlament seçkisi gizli referenduma bənzəyir: “Əgər seçkidə İspaniyanın ərazi bütövlüyünə üstünlük verən yerli partiyalar qələbə çalsa, bu separatizm ideyalarının bir müddət arxa plana keçməsini şərtləndirəcək. Yox, əgər yenə Puçdemon və onun tərəfdarları üstünlük qazansa, müstəqillik uğrunda hərəkat yenidən vüsət alacaq. Ancaq katalon separatçıları parlament seçkisində kifayət qədər səs qazansalar belə, Madrid göz görə-görə ölkənin parçalanmasına seyrçi qalmayacaq, necə ki, qalmadı, Avropa da İspaniyanın yanındadır. Bu Kataloniyanı Kosovodan fərqləndirən əsas xüsusiyyətdir”.
E.Şahinoğlu müstəqillik tərəfdarlarının seçkidə yenidən revanş əldə etməsinə fərqli yanaşır: “Ancaq ötən seçkilərlə müqayisədə bir xeyli səs itiriblər. Müstəqillik iddiası keçməyəcək”.
Kataloniyadakı proseslər bizimçün həm də ona görə maraqlıdır ki, məhz İspaniyadakı separatçı ocağı Qarabağ separatçıları üçün nümunə hesab edirlər. Şimali İraqdakı kürd separatçıları və katalonların payız aylarındakı iflası erməni separatçılarının arzularını gözündə qoydu. Bundan sonra cərəyan edən hadisələrdən də erməni separatçıları qazanc əldə etməyə çalışa bilərlər.
E.Şahinoğlu isə fərqli fikirdədir: “Erməni separatçıları da öz anlamlarında il ərzində “referendum” keçirib “prezident” hakimiyyətini gücləndirdilər. Ancaq Dağlıq Qarabağın “prezidenti” və “parlamenti” heç nəyi həll etmir. Əmrlər İrəvan və Moskvadan gəlir. Dağlıq Qarabağın erməni əhalisi illərdir qorxu içərisində yaşayır, çünki anlayırlar ki, Azərbaycan işğalla barışmır və barışmayacaq, ordumuz da ona görə gücləndirilir ki, separatçıların dərsini verək. Ona görə də səksəkə içindədirlər. Bu qorxunun qarşısını almaq üçün il ərzində Qarabağa gah Ermənistan prezidenti, gah da baş naziri gəldi. Əsas məqsədləri yeri əhalini sakitləşdirmək idi. Ancaq bu mümkün deyil. Erməni separatçıları işğalı davam etdirməklə müharibəni yaxınlaşdırırlar və bu Dağlıq Qarabağın erməni əhalisinə də yaxşı heç nə vəd etmir”.
Cavid TURAN
“Yeni Müsavat”






