"Növbəti rəqibimizi yaxşı analiz etmişik. Onların futbolçularını adları ilə tanıyıram".
"Report" "Nemzetisport"a istinadən xəbər verir ki, bunu Macarıstan yığmasının kapitanı Tomaş Kadar AVRO-2020-nin seçmə mərhələsində Bakıda qarşılaşacaqları Azərbaycan millisi barədə danışarkən deyib.
29 yaşlı müdafiəçi millinin oyunlarını izlədiklərini bildirib. Ukraynanın "Dinamo" (Kiyev) komandasının üzvü yığmanın son iki oyununa xüsusi diqqət yetirdiklərini söyləyib: "Azərbaycanın Xorvatiya ilə ilk seçmə oyununa və Litva ilə yoldaşlıq görüşünə baxdım. Hücumçularından biri Ramil Şeydayevdir. Bir yarımmüdafiəçiləri isə İspaniyada (Eddi İsrafilov) çıxış edir. Azərbaycan əsasən 4 - 3 - 3 ya da 4 - 1 - 4 - 1 taktiki sxemi ilə oynayır. Oyunun gedişində bunu dəyişə bilərlər. Rəqibin müdafiə xətti sabitdir. Hücum edərkən bunu nəzərə almalıyıq. Qarşılaşmaya tam hazırıq".
Qeyd edək ki, Macarıstan Azərbaycanla iyunun 8-də Bakıda üz-üzə gələcək. İyunun 11-də isə bu komanda Budapeştdə Uelsi qəbul edəcək.






