“MACAL” əsas başlığı altında davam etdirdiyim yazılar silsiləsindən 4-cü yazını, bir axşamüstü, əfsanəvi Qaya qrupunun ifa etdiyi “Ey həyat sən nə qəribəsən” mahnısının sədaları altında yazıram.
Sözləri böyük şairimiz Cabir Novruza aid olan bu mahnıdakı misralar, mənim hisslərimi tamamlayır:
Ayrı-ayrı doğulduq bu dünyada,
Axır gəlib bir olduq bu dünyada,
Ey həyat, sən nə qəribəsən?…
Qısa müddətli Azərbaycan səfərimdən döndüyüm günün səhəri işə çıxmışam. Həyat yoldaşım və uşaqlarım hələ də Bakıdadırlar. Niyə bu qədər yubandıqları bu yazıda öz əksini tapacaq.
Ara-sıra evimizə gələn, yerində durmayan, gah Fransanın, gah Almaniyanın bir şəhərindən digər şəhərinə gedən, daima qaça-qaç, qovhaqovda olan baldızımı çıxsam, artıq 3-cü həftədir ki, böyük bir evdə tək yaşayıram.
Tək müsbət məqam, işdən evə gələndə yemək həvəsiylə qarşıma yüyürən həyətdəki toyuqların səsi, xoruzların banlamasıdır.
Həqiqətən, ailə olmayanda evin içi boş görsənir.
Onlar üçün darıxıram.

Bakıda Cəbrayılın 4 yaşını qeyd etmişdik
Mahnı davam edir :
Aylar keçir, illər keçir, axın olur,
Yadlar gəlir doğma olur, yaxın olur.
Məhəbbətlə ötən ömür nağıl olur,
Ey həyat, sən nə qəribəsən?
Həyat yoldaşımla ilk görüşümüz 6 il öncə İstanbulda olub. Əlindən tutub qarış-qarış gəzdirmişəm Avropa ilə Asiyanı birləşdirən bu möhtəşəm şəhəri, Osmanlı dövlətinin paytaxtını…
Toyumuz isə, Fransada olub, bu ölkədə həm ailə qurmuşuq, həm də özümüzə ev-eşik… Parisdə iki övladımız dünyaya gəlib, bizə ata-ana olma sevincini bəxş ediblər.
6 il öncə bir-birinə yad olan iki nəfərin birləşməsi, bir ailəni ortaya çıxarıb və doğmalaşmışıq..
İndi, onlarsız üç həftəni tək keçirmənin darıxdırıcı olduğunu etiraf etməliyəm, görüntülü danışıqlar, övlad qoxusunu əvəz eləmir.
Hər zaman tempolu iş rejimindən sonra övladlarıyla dincələn birini, ruhsuz divarların qarşılaması, obrazlı dillə desək, bir növ mənəvi işgəncədir.
Bu qədər özləm dolu bədii girişdən sonra, izninizlə, ailəmin Bakıda yubanma səbəblərinə keçid edirəm.
Tam anlaşılması üçün gəlin ən başdan başlayaq.
Mən inanıram ki, bu yazı, xaricdə yaşayan azərbaycanlıların qeydiyyat problemlərinə qismən işıq tutacaq və onlar üçün müəyyən mənada bələdçi olacaqdır.
Sırasıyla hansı dövlət qurumlarında hansı sənəd yaxud qeydiyyat müraciəti etdiyimizi, gördüyüm müsbət və mənfi nüansları, eyni zamanda problemli məqamların həlli yoluyla bağlı təkliflərimi bu yazıda qeyd edəcəm.

Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin Konsulluq Xidməti
Bizim hələ Azərbaycana gəlməyimiz müəyyənləşmədən çox öncə, 2020-ci ilin fevral ayında Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin Konsulluq Xidmətinə sənədlərimizin yenilənməsiylə bağlı müraciət etmişdik.
Daha sonra, araya koronovirus pandemiyası girdiyi üçün bu proses yubandı, düz bir il sonra, bu ilin fevral ayında, yenidən prosesə eyni yerdən başlamalı olduq.
İlk olaraq, Parisdəki konsulluq xidməti, mən və yoldaşımdan vətəndaşlıq sorğusu üçün müraciət etməmizi istədi. Səbəbini soruşanda, konsul Vüqar Əliyev bildirdi ki, mənim pasportumun əsli olmadığı, yoldaşımın pasportunun etibarlılıq müddəti bitdiyi üçün hər ikimiz üçün, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimizin müəyyənləşdirilməsi üçün sorğu göndərilmədir.
Qeyd edim ki, konsulluq xidmətindəki görüşdə yoldaşımın pasportunun, şəxsiyyət vəsiqəsinin və doğum haqqındakı şəhadətnaməsinin əslini, mənə məxsus eyniadlı sənədləri Fransa immiqrasiya idarəsinə təhvil verdiyim üçün surətlərini təqdim etmişdik.
Buna baxmayaraq, mənim sənədlərimin əsli olmadığı üçün, yoldaşımın pasportunun etibarlılıq müddəti isə 2020-ci ildə pandemiya müddətində bitdiyi üçün, bu prosesi etməmiz gərəkdiyində israr edildi. Hətta, konsul bildirdi ki, pasportun etibarlılıq müddətindən 1 gün keçsə, hər bir vətəndaşın bu prosesi etmə zərurəti yaranır.
Kifayət qədər anlaşılmaz idi, pasportun etibarlılıq müddətinin bitməsi, bir insanı mənsubu olduğu ölkənin vətəndaşlığından azad etmir, yaxud pasport və ya şəxsiyət vəsiqəsi kimi bir sənədin surətinin həqiqiliyini fin kod, yaxud digər qeydiyyat nömrələriylə müəyyənləşdirmək mümkündürsə, iki ay sürən bu cür süründürməçilik kimə lazımdır?
Bu proses mənə kifayət qədər absurd gəlsə də, səbrlə etməyə qərar verdik. Bu prosesin yekunlaşması, iki ay çəkdi.
Bir müddət sonra, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını oxuyarkən bir daha fikirlərimdə haqlı olduğumu gördüm.
Vətəndaşlıq sorğusu, vətəndaşlığı aydın və təsdiq imkanı olan biri üçün sadəcə vaxt itkisidir, bunun nə üçün etdiyimizlə bağlı suala hələ də doğru cavabı tapmamışam.
İki aylıq gözləyişdən sonra, növbəti zənglərimdən birində konsulluğun xanım əməkdaşı vətəndaşlıq sorğumuzun təsdiqləndiyini bildirdi və səfirlikdə növbəti görüşün vaxtını elə telefonda təyin etdik.
Burada haşiyədən kənara çıxaraq bir məqamı qeyd etmək istəyirəm, Fransada vətəndaşlarımızla söhbət zamanı, ən çox eşitdiyim şikayətlərdən biri səfirliyə zəng edib düşə bilməməklə bağlıdır.
Mənə elə gəlir ki, bu səfirlik işçilərindən daha çox, vahid zəng qəbulu və görüş sisteminin olmamasından qaynaqlanan problemdir.
Bu mənada, qardaş Türkiyənin səfirliklərini, qardaş ölkənin Xarici İşlər Nazirliyinin qurduğu sistemi nümunə ala bilərik. Məsələn Türkiyən Paris BaşKonsulluğunun saytında onlayn görüş götürmə və sizdən tələb olunan bir çox sənədin elektron versiyasını konsulluğa getmədən bir başa sistemə yükləmə imkanı var. Həmçinin Türkiyədə, Xarici İşlər Nazirliyinin tərkibində qurulan və xaricdəki konsulluq və səfirliklərin birləşdirildiyi hər ölkə üzrə vahid telefon xəttləri var. Qaynar xətt adlandırdığımız bu çağrı mərkəzləri 24 saat ərzində fəaliyyət göstərməkdədir.
Deyək ki, siz konsulluğun nömrəsini yığırsınız, ancaq düşə bilmirsiniz, bu halda siz avtomatik olaraq çağrı mərkəzinə yönləndirilirsiniz, Ankaradan bir xanım yaxud bəy dəstəyi götürür, zənginizlə bağlı sualları aydınlaşdırmağa, eyni zamanda yaşadığınız ölkədəki səfirliklə təkrar telefonla calaşdırmağa çalışır.
Eyni zamanda türk konsulluqların internet səhifələrində, təcili hallar üçün mobil növbətçi nömrələr qeyd olunur.
Bu təcrübədən faydalanmaq və bizim konsulluq xidmətlərində tətbiq etmək, xaricdəki həmvətənlərimizin işini daha da asanlaşdıracaqdır.
Bu ilin aprel ayındakı növbəti görüşümüzdə, bu dəfə pasportlarımızın yenilənməsi və həmçinin Fransada doğulan övladlarımızın Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün müraciət etdik.
Bizə bildirilmişdi ki, bizim vətəndaşlıq sorğu prosesimiz tamamlanmadan övladlarımız üçün eyni müraciəti edə bilmərik. Beləliklə, zəncirvari olaraq övladlarımızla bağlı müraciətlərimiz gecikdi.
Övladlarımızla bağlı vətəndaşlıq sorğusunda, bizdən istənilən, onların doğum haqqındakı sənədlərinin, o cümlədən bizim nikah qeydiyyatımızla bağlı sənədin apostilini və tərcüməsi konsulluq xidmətinə təqdim etdik.
Əgər, xaricdə yaşayan bir azərbaycanlı ailəsi, yaşadığı ölkədə doğulan övladına Azərbaycan vətəndaşlığı almaq istəyirsə, o zaman mütləq yuxarıdakı sənədlərin apostili və tərcüməsi vacibdir. Azərbaycana gedib tətiliniz müddətində övladlarınızın sənədlərini düzəltdirmək istəyirsinizsə, bu sənədlərin apostil variantını mütləq özünüzlə götürməlisiniz.
May ayının əvvəlində, Bakıdakı vəkilim Bəhruz Orucov, Binəqədi rayon məhkəməsinin 2011-ci ildə Nəsimi rayon məhkəməsinin çıxardığı qərarı ləğv etdiyi və yeni qərarın icrası üçün Respublika Baş Prokurorluğuna göndərildiyini mənə bildirmişdi.
İyun ayında, təxminən Azərbaycana olan qəfil səfərimizdən 20 gün əvvəl, konsulluq xidmətiylə yoldaşım əlaqə saxlayanda, yoldaşımın pasportunun yeniləndiyi, lakin mənim haqqımdakı cinayət işiylə bağlı baş prokurorluğun pasportumun yenilənməsinə blok qoyduğu, buna görə də övladlarımın vətəndaşlıq sorğusunun təsdiqlənmədiyini bildirdilər.
Burada ikibaşlı və iki fərqli təzadlı məqam vardı.
Birincisi, mənim Azərbaycana qısamüddətli gəlmə səbəblərimdən biri və hətta ən əsası, Respublika Baş Prokurorluğunda ifadə vermə prosesimlə bağlıydı, yəni ifadə verdikdən sonra haqqımda 11 il öncə açılmış cinayət işinə tam olaraq xitam veriləcək və bu proses hüquqi mənada yekunlaşacaqdı.
Belə olan halda, baş prokurorluq bir tərəfdən məni işin yekunlaşması üçün ifadə verməyə dəvət edir, digər tərəfdən Azərbaycana gəlməyim üçün lazımi sənədin almağıma mane olurdu.
İkincisi, mənim işim prokurorluqda olduğu üçün övladlarımın vətəndaşlıq sorğusu təsdiqlənmirdi.
Təsəvvür edə bilirsiniz, bir adam haqqında cinayət işi olduğuna görə, o adamın övladları vətəndaş qeydiyyatına alınmır, şəxsiyyət vəsiqəsi və pasport verilmir.
Çox ziddiyyətli hüquqi diləmma qarşısında qalmışdım, bunu heç bir fikirlə əsaslandırmaq mümkün deyil.
Vəkilimin Bakıda apardığı hüquqi proseslə yanaşı, müvafiq dövlət qurumlarına bu məsələylə və yubadılmalarla bağlı yazılı və şifahi müraciət etdim.
Ölkə prezidentinə, prezident administrasiyasına ölkəyə gəlişiylə bağlı müraciət ünvanlamış və bu müraciətə ölkə başçısı tərəfindən müsbət rəy verilmiş birinin vətənə dönüşüylə bağlı süni administrativ əngəllərin qoyulduğunu görmək, yorucu idi.
Bir məqamı da qeyd etməliyəm ki, sonuncu prosesdə konsulluğun xanım əməkdaşı və elə konsul Vüqar Əliyevin özü də öz köməkliyini əsirgəməmişdi, gələn cavab çox gümanki onlar üçün də təəccüblü olmuşdu.
Belə olan halda, Azərbaycana getmək üçün mənim və övladlarım üçün tək seçim vardı, qayıdış şəhadətnaməsiylə bağlı müraciət etməli, qalan sənədləri isə Azərbaycanda olduğumuz müddətdə düzəltməliydik.
Elə də etdik.
Lakin son ana qədər qayıdış şəhadətnaməsini belə alıb-almayacağımızdan əmin deyildik.
İyulun 2-i konsulluqdan zəng edərək qayıdış şəhadətnaməsi almamız üçün səfirliyə dəvət etdilər, cümə günü günortadan sonra olduğu üçün, növbəti bazarertəsi görüş təyin etməli olduq.
İyulun 5-də konsulluq xidmətindən qayıdış şəhadətnamələrimizi götürəndə, Bakıya gediş biletimizi artıq almışdıq.
İyulun 6-sı Bakıya yola düşdük, bu barədə əvvəlki yazılarımda yazmışam, çox ətraflı toxunmayacam.
Azərbaycana gəldikdə, ilk işim Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində ifadə vermək olacaqdı.

Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi
Bu idarənin keçmiş adı, Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi idi. Hələ 2011-ci ildə haqqımda cinayət işi açılanda, o dövrdə Nəsimi rayonu ərazisində yerləşən bu idarədə xeyli sayda ictimai fəal və o cümlədən atam və digər qohumlarım dindirilmişdi.
Son iki ildir, ölkə prezidentinin qətiyyəti və əzmkarlığıyla ölkədə aparılan siyasi və administrativ islahatların fonunda, prezident İlham Əliyevin 10 iyun 2020-ci il sərəncamı ilə Baş Prokurorluğun strukturu yenilənərkən, Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi də ləğv edilərək yeni yaradılan Baş Prokurorluğunun İstintaq İdarəsinə birləşdirildi.
7 iyulda artıq Bakıda olmağıma baxmayaraq, baş prokuror Kamran Əliyevin Moskvada səfərdə olduğuna görə, ifadəmin onun dönüş tarixində, 9 iyulda alınmasına qərar verildi.
9 iyulda, təyin olunan saatda, Baş Prokurorluğunun İstintaq İdarəsinin Dərnəgüldə yerləşən yeni inzibati binasına gəldim.
Binaya daxil olduqdan sonra, ilk öncə idarənin rəis müavini Sənan Paşayevlə görüşdüm, qısa tanışlıq və söhbətdən sonra, Tural adlı gənc və peşəkar müstəntiqə ifadəmi verdim, haqqımda açılan işlə bağlı verilən sualları cavablandırdım.
İfadəmi verdikdən sonra, müstəntiqlə bərabər təkrar Sənan müəllimlə görüşdük, o, bu ifadədən sonra işə tam olaraq xitam veriləcəyini, vəkilimin də gəlib sənədləri imzalaması gərəkdiyini bildirdi.
Ümumi olaraq, ifadə alınma prosesi, xoş və mülayim atmosferdə keçdi, çay ikram olundu, öz iş təcrübələrimizdən danışdıq, xeyli sayda fərqli mövzulara toxunduq.
İdarənin yerləşdiyi bina kifayət qədər böyük və geniş idi. Yeni tikili olduğu üçün modernlik, yeni texnologiyalardan istifadə, aydın nəzərə çarpırdı.
İstintaq İdarəsindən çıxdıqdan sonra, artıq özümün, yoldaşımın və övladlarımın sənəd və qeydiyyat işlərini başlamaqla bağlı plan qururdum.

ASAN Xidmət
Artıq, üzərimdəki cinayət işinə rəsmi olaraq xitam verildiyindən, şəxsiyyət vəsiqəmi və pasportumu bərpa elətdirə, övladlarımı Azərbaycan vətəndaşlığı qeydiyyatına saldıra bilərdim. Növbəti həftənin ilk iş günündən, yəni 12 iyuldan, ölkəni tərk etdiyim 20 iyul tarixinə qədər əsas vaxtımı məhz bu sənəd işlərinə sərf etdim və beləliklə ASAN Xidmətlə ilk dəfə yolumuz kəsişdi.
ASAN Xidmətlə bağlı müxtəlif dostlardan, tanışlardan xeyli müsbət fikir və rəy eşitmişdim, bu xidmətin, bürokratik əngəllərin aradan qaldırılmasına böyük töfhə verdiyini bilirdim.
Qısacası, haqqında daima pozitif fikir eşitdiyim bir qurumun xidmətindən ilk dəfə istifadə edəcəkdim.
Neçə aydır cəncələ düşən sənəd işlərimizi başlamaq və sürətli yekunlaşdırmaq üçün evimizə ən yaxın məsafədə yerləşən 1 saylı Asan Xidmətə getdik, bu xidmətlə ilk tanışlıq, məni yaxşı mənada təəccübləndirdi.
ASAN Xidmət daha çox moderativ sistem üzərində qurulub, bir çox dövlət qurumu, ASAN Xidmətin çətiri halında vahid xidmət platformuna cəlb edilib, vətəndaşların müxtəlif idarə qapılarında saatlarla növbə gözləməsi bir dəfəlik aradan qaldırılıb.
2000-ci illərin başında Türkiyəyə ali təhsil almağa gedərkən, 28 may metrosunun yaxınlığında yerləşən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin həyətindəki saatlar sürən növbə, xaos və basırıqları görən biri kimi, ASAN Xidməti inqilabi layihə adlandırmaq mümkündür.
Asan Xidmət, bir çox nazirliyin, komitənin və dövlət idarələrinin fəaliyyətini birbaşa özündə cəmləyərək, vətəndaşın dövlət qurumlarına müraciət və sənədləşmə işini sadələşdirməkdədir.
Hal-hazırda “ASAN Xidmət” 10 dövlət strukturunun 30-a yaxın xidmətini təqdim edir.
Müvafiq hər bir dövlət orqanı, ASAN Xidmətin içində onlara ayrılmış bölmələrdə öz işçiləriylə vətəndaşlara xidmət göstərirlər.
Prosesə nəzarəti və moderasiyanı isə ASAN Xidmətin öz işçiləri həyata keçirir.
1 saylı ASAN Xidmətə girişdə ön qəbul halqası yaradılıb, burada işçilər vətəndaşların müraciətiylə tanış olur, lazımi xidmətə yönləndirir və nömrə verirlər.
Tutaq ki, siz sənəd işinizlə bağlı eyni zamanda bir neçə fərqli işi görmək istəyirsiniz, o zaman siz hansı xidmətlərə müraciət etmək istədiyinizi bildirirsiniz və sizə müvafiq xidmətlərdə növbənizi nəzərdə tutan nömrələrin qeyd olunduğu kağız verilir.
Yəni, o idarə, bu idarə gəzmək yerinə, bütün işlərinizi eyni məkanda həll etmə və operativ bank şöbəsində rüsumu ödəmə imkanınız yaranmış olur.
Şəffaf iş fəaliyyətinin qurulduğu, bürokratik gecikmələri minimuma endirən bu model bu xidmətin bənzərini Avropada tapmaq mümkün deyil.
Bu baxımdan ASAN Xidməti kifayət qədər uğurlu və innovativ dövlət layihəsi hesab etmək və inkişaf etmiş qərb ölkələri üçün ciddi nümunə göstərmək olar.
Sadəcə, ASAN Xidmət çətiri altındakı bu xidmətlərin böyük hissəsinin elektronlaşdırılmasının vaxtı çatmaqdadır, bu proses həyata keçirilsə, qlobal mənada brendə çevrilmək şansı var.
ASAN Xidməti binasında yerləşən fərqli dövlət qurumların vətəndaşlarla bağlı öz iş fəaliyyətlərinin böyük ölçüdə elektronlaşdırılması, bu qurumdakı gündəlik növbələri və insan sıxlığını azaltmış olar.
Məsələn, pasport, şəxsiyyət vəsiqəsi müraciəti yaxud digər qeydiyyat məsələləri üçün lazımi sənədləri, vətəndaşlar ASAN Xidmətin binasına getmədən edəcəkləri müraciətin ünvanlanacağı müvafiq dövlət orqanlarını əhatə edən ASAN Xidmətin internet portalına yükləyə, tələb olunan rüsumu onlayn ödəyə bilər, sadəcə rəsm çəkdirilməsi yaxud barmaq izi vermək üçün görüş götürə bilərlər.
ASAN Xidmətin internet portalında onlayn görüş götürmək və ödəniş xidmətləri artıq var, ancaq, yuxarıda nəzərdə tutduğum proseslər də elektronlaşdırılsa, daha yüksək nəticə almaq mümkündür.
Yəni, vətəndaşla dövlət qurumu arasındakı administrativ prosesin bir hissəsini vətəndaş özü həyata keçirməklə, müraciət etdiyi orqanın administrativ yükünü qismən azaldır, dövlət qurumu onlara təqdim olunan elektron sənədlərin həqiqiliyini yoxladıqdan sonra qeydiyyatı vətəndaşın iştirak olmadan tamamlaya bilir, yaxud zəruri hallarda qısamüddətlik görüş təyin olunaraq məsələ öz həllini tapır.
Əgər sənədlərin yoxlanışında hansısa çatışmamazlıq, qüsur qeydə alınarsa, internet portalı vasitəsiylə vətəndaşa bildiriş göndərilir və nəzərdə tutulan əksikliklərin tamamlanması istənilir.
Fransada, xüsusən pandemiya dövründə, demək olar ki, bütün dövlət qurumlarının xidmətləri elektronlaşdı, dövlət idarələri qarşısındakı növbələr minimuma endirildi. Hətta, artıq, bir çox administrativ müraciətin sadəcə onlayn müraciət forması var, yəni idarəyə getsən belə sənin internet üzərindən müraciət etməyi tələb edirlər, keçmiş on illikdəki kimi hansısa blankı doldurub, müraciət ərizəsini yazmaq mümkün deyil.
Əsas fərq ondadır ki, Fransada bütün dövlət qurumlarını birləşdirən ASAN Xidmət modeli kimi vahid platforma yoxdur, lakin hər idarənin bağlı olduğu nazirlik, prefektura, komitələrin və dövlət agenliklərinin saytlarında onlayn qeydiyyatdan keçərək, həmin quruma getmədən müraciətini etmək mümkündür. Bənzər elektronlaşdırma, ASAN Xidmət portalında həyata keçirilsə, təbii ki, çox möhtəşəm olar.
Həmçinin, ASAN-ın nəzdindəki səyyar xidməti öyrənəndə, xeyli təəccübləndim, belə ki, 108 nömrəli çağrı mərkəzinə bu xidmətlə bağlı sifarişinizi verdikdən sonra, ASAN Xidmətin əməkdaşları, göstərdiyiniz ev yaxud iş adresinizə gələrək lazımi administrativ proseduraları həyata keçirirlər.
Əgər siz iş adamısınızsa və ya vaxt məhdudiyyətiniz varsa, əlavə rüsum ödəyərək bu xidmətdən yararlana bilirsiniz. Eyni zamanda, bu xidmətin sosial həmrəyliyin bir parçası olaraq, 1-ci qrup əlillər, fiziki məhdudiyyəti olan uşaqlar üçün pulsuz olduğunu qeyd etməliyəm.
Düşünürəm ki, ASAN Xidmətin çətiri altına nə qədər çox dövlət qurumu cəlb olunsa, vətəndaşların işi bir o qədər asanlaşacaq, administrativ narazılığa yer qalmayacaq.
Xüsusilə, sürücü vəsiqəsinin, avtomobil qeydiyyatı və gömrük xidmətiylə məşğul olan müvafiq orqanların da ASAN Xidmət bölmələrinin açılması, sadəcə arzu deyil, həm də sosial sifarişdir.
1 saylı ASAN Xidmətdə qurulan iş fəaliyyəti, ara-sıra baş verən yersiz mübahisələri nəzərə almasaq, ümumi olaraq pozitiv təsir bağışladı.
Yeni şəxsiyyət vəsiqəsi üçün müraciət edərkən, bir məqam diqqətimi çəkdi. Vətəndaşlar adres dəyişikliyi ilə bağlı tələbləri olmasa, bu barədə onlardan hansısa sənəd istənilmir. Yəni, vətəndaş bildirməsə, onun yenidən adresinin müəyyənləşdirilməsiylə bağlı bir proses yoxdur. Belə olan halda, böyük əksəriyyətin şəxsiyyət vəsiqələrindəki adresin hazırkı yaşayış adresləriylə üst-üstə düşməməsiylə bağlı böyük boşluqlar yaranır. Yaxud, vətəndaş özü adres dəyişikliyini istədikdə, ondan ya evin çıxarış sənədi ya da “jek” adlandırdığımız, yaşadığı ərazinin Mənzil-Kommunal İstismar Sahəsindən arayış tələb olunur.
Bu və ya digər səbəblərdən rəsmi dövlət çıxarışı olmayan minlərlə mənzil və evin olduğunu, heç bir ciddi funksionallığı olmayan Mənzil-Kommunal İstismar Sahələrinin vətəndaşın borcu olduğu təqdirdə bu arayışları təqdim etmədiyini nəzərə alanda, vəziyyət kifayət qədər qəliz və yorucu hal alır.
Buna görə də, əksəriyyət 10 il, 20 il öncə köçdüyü adresi dəyişdirməkdə maraqlı olmur, beləlikdə dövlətin informasiya bazasında vətəndaşların ünvanlarıyla bağlı məlumatların doğruluğu şübhə altına düşür, hansısa hüquqi prosesdə qarşılıqlı çətinliklər yaradır.
Fransada siz, yaşadığınız ərazidəki hansısa dövlət qurumuna müraciət etdiyiniz təqdirdə, sizdən ilk tələb olunan sənədlərdən biri yaşayış yerinizlə bağlı olur, siz üç aya qədərki su, elektrik, qaz, və telefon fakturalarınızı göstərərək ünvanınızı təsdiqləyə bilirsiniz. Hətta, yeni e-dövlət xidmətində siz öz elektrik fakturanızı sistemə yükləyəndə, sizin göstərdiyiniz adresdə yaşayıb-yaşamadığınız avtomatik olaraq dəqiqləşdirilir.
Buna bənzər sistemi, Azərbaycanda da tətbiq etmək mümkündür, müraciətçinin qaz, elektrik, su, telefon, intenet abunəlikləri (abunə nömrələri) əsasında yaşayış yerini müəyyənləşdirmək və həmin adresi qeyd etmək, elə də çətin olmaz.
Bu yazının uzun alındığının fərqindəyəm, lakin mən Fransada bənzər administrativ sistemdə işlədiyim üçün geniş mənada müqayisə etmə imkanımı və təkliflərimi sizinlə bölüşmə istəyimi gərək xoş qarşılayasınız.
1 saylı ASAN Xidmətdə digər diqqətimi çəkən məqam, dövlət orqanlarından əlavə, özəl şirkət sayılan Şəms Tərcümə Mərkəzinə ayrılmış bölmə idi. Sənədlərinizi tərcümə etdirməlisinizsə, başqa bir yerə getmədən öz növbənizi gözləyərək bu xidmətdən faydalana bilərsiniz.
Biz, övladlarımızın sənəd işləriylə bağlı prosesi başladanda Şəms Tərcümə Mərkəzinin xidmətindən istifadə etdik, onlara bildirəndə ki, bu sənədlərin hazır tərcüməsi bizdə var, bizdən tərcümələri onların mail adreslərinə göndərməmizi istədilər, əvəzində ümumi xidmət haqqına 50 faiz endirim edildi. Bu təcrübədən başqa həmvətənlərimiz də faydalana bilər. Əgər sizin sənədlərinizin xaricdəki tərcüməsi tanınmır, ölkədə yeni tərcümə və tərcümənin notarial təsdiqi istənirsə, əlinizdəki tərcümələri Şəms Tərcümə Xidmətləri Mərkəzinə versəniz, tərcümələr yoxlandıqdan sonra təsdiqlənəcək və siz sadəcə xidmət haqqının 50 faizini ödəmiş olacaqsınız.
Sənəd işlərimizdə, ən böyük çətinliyi övladlarımızın qeydiyyata alınması prosesində yaşadıq. Biz hələ Azərbaycana gəlmədən öncə, övladlarımızın apostilli sənəd və tərcümələrini Parisdəki konsulluq xidmətinə verdiyimiz üçün belə zənn edirdik ki, övladlarımızla bağlı lazımi məlumat və sənədlər sistemə ötürülüb, yeni hansısa sənədə ehtiyac olmayacaq.
Yəni, övladlarımla bağlı vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsiylə bağlı, konsulluqda müraciət etdiyimiz və artıq mənim haqqımdakı işə xitam verildiyi üçün, təkrarçılığıa ehtiyac olmamalı, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin təşkil etdiyi administrativ üçbucaqda bu məsələ öz həllini tapmalıydı.
Lakin, sən saydığını say, gör fələk nə sayır...

Dövlət Miqrasiya Xidməti
1 saylı ASAN Xidmətin tərkibindəki Dövlət Miqrasiya Xidmətinin (DMX) bölməsinə üz tutduqda, övladlarımızla bağlı daha öncə hansısa müraciətin qeydə alınmadığı bizə bildirildi, xidmətin 919 nömrəli çağrı mərkəzinə zəngim zamanı, daha bir araşdırma aparılsa da, hansısa qeydiyyata rast gəlinmədi.
Artıq, övladlarımız üçün yenidən müraciət etməyə məcburduq və bu da əlavə vaxt itkisi demək idi.
Həmçinin apostilli sənədləri konsulluğa təhvil verdiyimiz üçün bu sənədləri ya yenidən çıxarmaq, yada Xarici İşlər Nazirliyindən (XİN) geri istəməliydik.
Vaxtımız az, zamanımız məhdud idi.
İlk öncə işə, hər ehtimala qarşı özümüzlə Azərbaycana apardığımız sənədlərin əsillərinin tərcümə və təsdiqini etməklə başladıq.
DMX övladlarımızla bağlı müraciətin qeydə alınması üçün, onların doğum sertifikatlarının tərcüməsini və tərcümələrin notarial təsdiqini bizdən istəyəndə, bir mərtəbə aşağıdakı Şəms Tərcümə Xidmətinin yuxarıda qeyd etdiyim şəkildə xidmətindən faydalandıq, ancaq ASAN Xidmətin notariat xidmətinə yaxınlaşdıqda, sənədin təsdiqi olmadan, tərcümənin təsdiqi edə bilməyəcəklərini bizə bildirdilər.
Bu, 1 saylı ASAN Xidmətdə qarşılaşdığımız ilk anlaşılmazlıq idi, nə qanunvericilik, nə DMX, sənədin apostilini tələb etmədiyi halda, ASAN Xidmətin notariat xidməti, sənədin apostili yaxud leqalizasiyası olmadan tərcüməni təsdiqləməyəcəyini bildirirdi, bu isə qanunazidd tələb idi. Çünki, notariat xidmətindən sənədin həqiqiliyi yox, tərcümənin həqiqiliyini təsdiq etməsini istəyirdik, bunlar kifayət qədər fərqli nüanslardır.
Nəticədə, mübahisələrin sadəcə vaxt itkisi olduğunu görüb, başqa bir notariatda tərcümələrin həqiqiliyini təsdiq etdirə bildik.
Təkrar 1 saylı ASAN Xidmətdəki DMX-nin bölməsinə yaxınlaşıb sənədlərimizi tam şəkildə təqdim etdikdənn sonra, müvafiq dövlət qurumlarına müraciətimizi nəzərə alaraq bu prosesi sürətləndirdilər və övladlarımızın Azərbaycan vətəndaşlığına mənsubiyyətlə bağlı müraciətimiz təsdiqlənmiş oldu.
Bu mərhələni başa çatdıranda, artıq iyulun 19-u idi, 20-i səhər mən Fransaya qayıtmalıydım.
Bundan sonrakı addımların atılması isə, Bakıda bir müddət daha qalacaq yoldaşımın üzərinə düşürdü, beləliklə məsələnin daha çətin hissəsi başlamış olurdu.
Miqrasiya xidmətində övladlarımın vətəndaşlığı təsdiqləndikdən sonra, övladlarımın şəxsiyyət vəsiqəsi və pasportlarının çıxarılması üçün ilk növbədə FİN KOD adlanan Fərdi İdentifikasiya Nömrələri üçün müraciət etməliydik.
1 saylı ASAN Xidmətdə şəxsiyyət vəsiqəsinin verilməsiylə məsul olan DİN əməkdaşları fin kodun alınması üçün uşaqların doğum sertifikatlarının mütləq şəkildə apostilli olması gərəkdiyini bizə bildirmişdilər.
Parisdə konsulluqda verdiyimiz apostilli sənədləri isə tapa bilmirdik, buna görə də iki fərqli müraciəti eyni anda etmək məcburiyyətindəyik.
İlk olaraq, Xarici İşlər Nazirliyinə müraciət edib apostilli sənədimizi geri vermələrini istədik, eyni zamanda bu sənədlərin itmə ehtimalına qarşı, Fransanın Azərbaycandakı Səfirliyinə müraciət edərək əlimizdəki sənədlərin orijinalını əsas alaraq surətlərini leqallaşdırmalarını xahiş etdik.
Təbii ki, bütün bu administrativ maneələr bizi yormaya bilməzdi.
Bütün bu prosesdə yaşanılan çətinliyi, Xarici İşlər Nazirliyinə məxsus məmur səriştəsizliyi ilə də əlaqələndirmək mümkündür.

Xarici İşlər Nazirliyi
Biz, bu nazirliyi uzun illər, daha liberal iş fəaliyyətinin formalaşdığı bir nazirlik kimi tanımışıq.
Ancaq, görünən odur ki, keçmiş nazir Elmar Məmmədyarovda ortaya çıxan məmur səhlənkarlığının təsiri və izləri, uzun illər rəhbərlik etdiyi qurumdan da yan keçməyib.
Nazirlikdən bizə, gah sənədlərimizin Ədliyyə Nazirliyinə göndərildiyini, gah geri qaytarıldığını bildirdilər.
Parisdəki konsulumuz Vüqar Əliyevlə məsələni dəqiqləşdirəndə sənədlərimizin Bakıda olduğu öz təsdiqini tapmışdı.
Bu prosesə paralel olaraq, Fransa Səfirliyinin Konsulluq Xidmətində leqallaşdırdığımız surətləri, 5 saylı ASAN Xidmətin nəzdindəki XİN-ə bağlı konsulluq xidmətinə təsdiqləməsi üçün təqdim edəndə daha bir absurd məqamla qarşılaşmalı olduq.
Telefonla danışdığım XİN-in Şamxal adlı əməkdaşı, Fransa səfirliyinin sənədlərin əslinə möhür vurmasını istəyirdi.
Düşünə bilirsiz, nikah haqqında yaxud doğum haqqında şəhadətnaməniz var, sizdən bu sənədlərin üzərinə səfirlik möhürü vurulması istənilir, bu yumşaq dillə desək, ciddi qeyri-peşəkarlıqdır.
Məntiqlə, Fransa səfirliyinin orijinal sənədlər əsasında həmin sənədlərin surətinin həqiqiliyini təsdiqləməsi, leqallaşdırma üçün kifayət etməliydi, ancaq bu baş vermədi.
Haaqa konvensiyasının sadəcə adını eşidən bu əməkdaş, apostil və leqallaşdırma prosedurunun fərqini bilmirdi, itən sənədlərimizin tapılmasında fəal olmaq yerinə yersiz mübahisə yolunu seçmişdi.
Daha sonra, 5 saylı ASAN Xidmətdəki konsulluq xidmətinin eyni əməkdaşı, bizdən Fransa səfirliyindən övladlarımızın doğum məlumatlarıyla bağlı arayış almağımızı istədi.
Təsəvvür edin ki, biz Fransanın Bakıdakı Səfirliyinin Konsulluq Xidmətinə müraciət edirik, fransız konsulluq, sadəcə bir gün ərzində, təxminən 5000 km-lik məsafədə yerləşən müvafiq qurumlarla əlaqə qurduqdan və təqdim etdiyimiz sənədlərin həqiqiliyini yoxladıqdan sonra bizə sənədlərimizin həqiqiliyi ilə bağlı təsdiq sənədi verə bilir, ancaq verdiyimiz apostilli sənədlərimizi itə-bata salmaqla, bizi yubadan XİN əməkdaşı, əlimizdəki sənədlərin əslini, Fransa səfirliyinin təsdiqini görməzdən gələrək növbəti sənədimizi leqallaşdırmaqdan imtina edir.
Məsələni lazımi dövlət qurumlarının, gərəkən instansiyaların diqqətinə çatdırırıq, XİN-dəki vurdum-duymazlıqdan bezən vətəndaşların az olmadığını öyrənirik.
Yoxa çıxmış sənədlərimizin tapılmasını gözləyə-gözləyə, çar-naçar qalıb yenidən Fransanın Azərbaycandakı Səfirliyinin Konsulluq xidmətinə üz tuturuq, konsul Mathilde GIRAUD xanımın müraciətimizə cavabı gecikmir və bir neçə saat ərzində 5 saylı ASAN Xidmətdə yerləşən XİN-ə bağlı konsulluq xidmətinin tələb etdiyi arayışlar hazırlanaraq yoldaşıma təqdim olunur.
Həyat yoldaşım yeni arayışları, 5 saylı ASAN Xidmətə götürdüyü gün, nəhayət ki, tapılan sənədlərimiz yoldaşıma təqdim edirlər, biz isə bu qədər çək-çevirdən sonra, Fransa səfirliyinin bizə verdiyi arayışları hər ehtimala qarşı leqallaşdırmaq üçün müraciət edirik.
Beləliklə, yoldaşım XİN və əməkdaşlarının qeyri peşəkarlığı və səhlənkarlığı ucbatından, şəhərdən bir qədər aralıda, Koroğlu metrosu (keçmiş Əzizbəyov) tərəfdə yerləşən 5 saylı ASAN Xidmətə dəfələrlə yol ölçməli olur.
Təbii ki, bu gecikməyə görə, avqustun 3-də Fransaya qayıtmalı olan yoldaşım və övladlarımın geriyə dönüş biletləri yandı və bizə 1800 manatlıq zərər dəymiş oldu.
İkinci Qarabağ müharibəsi ərəfəsində nazir kimi təyin olunan Ceyhun Bayramovun ilk ili müharibə dövrünə düşdüyü üçün daha çox diplomatik uğurların əldə edilməsinə fokuslandı.
Lakin Ceyhun müəllim yenilikçi cərəyandan gələn biri kimi XİN daxilində tədricən administrativ yöndə islahatlar aparacağına əminəm.
Post müharibə dövründə sürətlənəcək siyasi və administrativ islahatların işığında, inanıram ki, Xarici İşlər Nazirliyi də köhnə qruplaşmaların tör-töküntülərindən təmizlənəcək, aparılacaq kadr islahatlarıyla daha dinamik diplomatik korpus kimi formalaşacaq.
Bu prosesin başından sonuna qədər, 1 saylı ASAN Xidmətdə gördüyüm operativlik və yardımsevərlik təqdirə şayan idi, buna görə də, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin direktoru Labidə xanım Batıyevaya özüm və yoldaşım adından bir təşəkkür borcumuz var.
Hər nə olursa olsun, ASAN Xidmət layihəsinin ölkəmiz üçün vacib bir layihə olması fikrimdə qalıram, gördüyüm qədər elə onların da işi asan deyil, çətindir.
Bəzən onlardan qaynaqlanmayan, hansısa orqanın səhlənkarlığı ucbatından yaranmış problemlə üzbəüz qalırlar, vətəndaşları doğru yönəltmək, istiqamətləndirmək, maarifləndirmək ASAN Xidmətin əsas vəzifələrindəndir, bu vəzifəni layiqincə yerinə yetirən hər bir ASAN əməkdaşına və könüllüsünə ayrıca təşəkkür edirəm.
ASAN Xidmətin çətiri altında dövlət qurumlarını cəmləşdirmək, bu prosesin bəlkə də ilk addımıdır, lakin ASAN Xidmətin yükünü azaltmaq və vətəndaş məmnuniyyətini qalıcı etmək üçün, bu çətir altındakı dövlət qurumlarını və onların kadrlarını da ASAN Xidmət səviyyəsinə gətirmək lazımdır.






