İnsanlara hürriyət, millətlərə istiqlal!

1700 MƏSCİD SÖKÜLƏ BİLƏR

872 31.05.2009 02:46 Mənəviyyat A A
Hakimiyyət isə tənqidlərdən və beynəlxalq təşkilatların təpkilərindən nəticə çıxarıb vicdan azadlıqları sahəsində vəziyyəti yaxşılaşdırmaq əvəzinə, daha sərt addımlar atmaqda davam edir. Belə ki, bu dəfə məscidlərin sökülməsi, qapadılması prosesi başlayıb. “Əbu-Bəkr”, “Şəhidlər” məscidlərinin qapadılması, Yasamaldakı yeni inşa edilən “Peyğəmbər” məscidinin, “Neft Daşları”ndakı ibadət ocağının uçurulması, “İlahiyyat” camesinin bağlanması barədə müzakirələrin getməsi buna sübutdur. Bu azmış kimi, ölkədəki məscidlərin qanunsuz tikili olması iddiası ortaya atılıb. Parlamentin İnsan Haqları Daimi Komissiyasının sədri, deputat Rəbiyyət Aslanova ölkədəki 1750 məsciddən 1700-ün sənədi olmadığını bildirib.
Bu arada Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Hacı Allahşükür Paşazadə də bəyan edib ki, qanunsuz məscidlərin sökülməsinə kimsə bir söz deyə bilməz.
Tarixən məscid Allah Evi hesab olunub və onların sənədləşməsi məsələsini hansısa formada qaldırmağa ehtiyac duyulmayıb. Amma indi görünən budur ki, məscidləri qanunsuz tikili elan edərək sökməyi planlaşdırırlar. Bəzi ekspertlər bunu hakimiyyətin təhlükəsizlik tədbirlərinin tərkib hissəsi kimi qiymətləndirir. Yəni məscidləri qapatmaqla, uçurmaqla belə düşünürlər ki, hansısa xoşagəlməz hadisələrin baş verə biləcəyi məkanların sayını azaldırlar. Amma bu çox bəsit yanaşmadır, bu məntiqlə, gərək insanların kütləvilik təşkil etdiyi metronu, iritutumlu avtobusları da ləğv edələr.
Odur ki, sual doğur: məscidlərlə bağlı başlanan kampaniyanın səbəbi nədir? Allah evlərini qanunsuz tikili adlandırıb sökmək planlarının arxasında nə durur?
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri, İçərişəhər  “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu bizimlə söhbətdə bildirdi ki, əlaqədar qurumlar, müxtəlif şəxslər ilk növbədə “məscid” və “qanunsuzluq” sözlərinin birgə işlədilməsindən imtina etməlidirlər: “Çünki məscid bəşərin gəlib çatdığı bugünkü tərəqqi vəziyyətində də yeganə anlamlardandır ki, onun yanında heç kim qeyri-qanuni sözünü işlətmir. Bu böyük yanlışlıqdır. Qanunsuz məscidlər ifadəsindən imtina olunsa, daha yaxşı olar. İkincisi, əgər kimsə məscidlərin sənədlərini qaydaya salmaq istəyirsə, buyursunlar, bu normal hüquqi prosesdir”.
Sənədi bəhanə edib məscidlərin uçurulmasına gəlincə, Hacı İlqar bunları dedi: “Məsələ ondadır kİ, bu məscidlər zaman-zaman hansısa icazələr əsasında tikilib. Unutmayaq ki, bu ölkədə bir köşk belə icazəsiz tikilmir. Ona görə də kiminsə məscidlər tikilərkən hansısa qaydaya riayət olunmaması barədə dedikləri məntiqə söykənmir. Baxın, Neft Daşlarındakı məscidi 1 il öncə neft şirkətinin özü tikib. Sonra da deyirlər ki, qanunsuzdur. Bunu tikəndə baxmırdılar? Goranboyun Dəliməmmədli qəsəbəsində uçurmaq istədikləri məscid rəsmi qeydiyyatdan keçmiş bir icmanındır, pasportlaşdırılmış ibadət evidir. Bəs onun sökülməsini necə izah edə bilərlər? Şükür ki, onun hasarlarını sökəndən sonra proses dayandırıldı”.
İ.İbrahimoğlu məscidlərin sökülməsinin səbəbini belə izah etdi: “Bu problemin kökündə o dayanır ki, məscidlərdən öncə bir çox başqa dəyərlər sökülüb. Vicdanlar sökülüb, mənəviyyat sökülüb, əxlaq sökülüb, dəyərlər sökülüb, insan haqları, vicdan azadlığı sökülüb ki, indi də proses məscidlərə çatıb. Bu uğurlu yol deyil. Bu yol milləti, toplumu fəlakətə apara bilər. Bu qeyri-peşəkarlığın, inancın nə qədər həssas olmasının fərqinə varılmamasının nəticəsidir. Və bu, onun əlamətidir ki, sovetlər dönəmindən qalmış ənənələr hələ özünü göstərməkdədir. Ümumiyyətlə, bu məsələnin insan haqları və demokratiyaya birbaşa aidiyyəti var”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR