İnsanlara hürriyət, millətlərə istiqlal!

“Türkiyənin prezidentlik sisteminə keçidini uğurlu addım deyil”


Türkiyədə son siyasi gündəm, prezident seçkiləri, eləcə də AKP hökumətinin xarici siyasəti və xüsusən də İran, Rusiya və Suriya ilə münaisbətləri ilə bağlı BİLGESAM başqanı Atilla Sandıklı ilə müsahibə etdik. 

- Türkiyə-Azərbaycan əlaqələrindəki son dönəmdə qeydə alınan problem və imkanları necə qiymətləndirirsiniz? Necə düşünürsünüz, hazırda Bakı-Ankara münasibətləri hansı səviyyədədir?

- Türkiyə-Azərbaycan əlaqələrini sağlam bir şəkildə dəyərləndirə bilmək üçün son dövrlərdə Qafqazda baş verən prosesləri yaxşı bilmək lazım gəlir. Sovetlər Birliyi dağıldıqdan sonra Şimali Qafqazda təsirini yenidən bərpa edən Rusiya, Cənubi Qafqazda da təsirini getdikcə artırmaqdadır. Qafqazda təsirini artıran Moskvanın Çeçenistan məsələsində tutduğu mövqe, Ermənistanın Dağlıq Qarabağı işğal etməsi, Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemləri bütövlükdə Qafqaz regionunda təhlükəsizlik problemlərinin yaranmasının əsas səbəbləridir. Moskvanın Cənubi Qafqazda separatçı bölgələri dəstəkləməsi və bölgə ölkələrinin Rusiya, İran və Türkiyə ilə əlaqələri regionda təhlükəsizlik problemləri üzərində əsas dəyişiklikləri yaradır. Türkiyə Cənubi Qafqazda Azərbaycanla önəmli əlaqələr yaradıb. Başda TANAP olmaqla enerji mənbələrinin Avropaya daşınması məqsədilə starateji addımlar atan Ankara Bakı ilə əlaqələrini daha da inkişaf etdirməkdədir. 

Türkiyə-Azərbaycan münaisbətlərini açıqlayan “bir millət iki dövlət” ifadəsi siyasi olaraq da çox məna kəsb edir. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olaraq Türkiyə Dağlıq Qarabağ savaşında Ermənistana qarşı Azərbaycanı dəstəkləyib. 1990-cı illərin əvvəllərində Naxçıvanın Ermənistan təcavüzündən qorunmasında yeganə qarant ölkə Türkiyə olub. Azərbaycan torpaqlarını işğal etməsi səbəbilə Ermənistanla əlaqələrini kəsən Türkiyə, beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsini israrla tələb edib və qəbul olunan qərarlara təsir göstərmək üçün böyük səy göstərib. Ermənistanla əlaqələrin münasibətlərin normallaşdırılması istiqamətindəki cəhdlər şəffaf aparılmalıdır, Azərbaycanın problemləri nəzərə alınmalıdır və normallaşma istiqamətində atılan addımlarının Türkiyə-Azərbaycan strateji ittifaqına zərər vura biləcək bir prosesə çevrilməsinə imkan verilməməlidir. 

Müdafiə sənayesi sahəsində əməkdaşlıqla yanaşı Türkiyə və Azərbaycan birgə hərbi təlimlərlə hərbi sahədə əməkdaşlığı gücləndirib. Hazırda Türkiyənin Azərbaycanda sərmayələrinin həcmi 7 milyard dollara çatıb. Qeyri-enerji sektoruna qoyulan sərmayələrə görə Türkiyə firmaları Azərbaycan iqtisadiyyatında əsas sərmayədarlardan biridir. Azərbaycan, Türkiyə və Gürcüstan 2007-ci ildə Bakı-Tiflis-Qars dəmir yolu layihəsi ilə bağlı razılaşma əldə edib. TRACECA layihəsinin Şərq-Qərb rabitəsinin təhlükəsizliyinin alternativ vasitələrlə təmin olunması, Cənubi Qafqazın dünya bazarına çıxışının sürətlənməsi gözlənilir. TRACECA layihəsi ilə birlikdə Türkiyə-Gürcüstan-Azərbaycan arasında əlaqələrin gələcəyi və Türkiyənin Cənubi Qafqaz bazarındakı təsirini artıracaq. 
Azərbaycanla hər sahədə əməkdaşlığı gücləndirilməli, enerji, rabitə və müdafiə sənayesi sahələrindəki mövcud strateji əməkdaşlıq gücləndirilməli və Bakının bölgədə təklənməsinə imkan verilməməlidir. Ermənistanla əlaqələrin normallaşdırılması istiqamətində cəhdər Azərbaycanın narahatlıqları nəzərə alınmaqla real olaraq davam etdirilməlidir, normallaşdırılma istiqamətində addımlar Türkiyə-Azərbaycan strateji ittifaqına zərər verməməlidir.

- Türkiyənin Suriya siyasətinin uğursuz olduğu müşahidə olunur. Ankara Suriya siyasətinə yenidən baxa biləcəkmi?

- Suriya böhranı, Türkiyə və Suriyanın coğrafi yaxınlığı, iki ölkə arasındakı tarixi və mədəni bağlar və iqtisadi sahədə qarşılıqlı bağlılıq səbəbilə Türkiyənin ciddi şəkildə maraqlandırır. Türkiyənin Suriya siyasətinin regional və beynəlxalq səviyyədə problemlər yaradacağı bəlli idi. Türkiyə Suriya siyasətinə görə, təkləndi. Körfəz ölkələri zaman-zaman Türkiyə ilə birlikdə hərəkət etsələr də bu dəstək davamlı olmadı. Suriyadakı daxili müharibə artıq bu ölkənin deyil, regionun probleminə çevrilib. Suriya böhranı Türkiyənin İraq və İranla münasibətlərində problemlərə zəmin hazırlayaraq Türkiyənin regional siyasətinə təsir göstərib. Suriya müxalifətinin parçalanmış durumda olması Qərbin müxaliflərə dəstəyinə mənfi yöndə təsir göstərib. Türkiyə Suriyadakı böhranın regional və beynəlxalq anlaşılmazlığa çevrilə biləcəyi ehtimalını yetərincə dəyərləndirə bilməyib və böhranda tərəfə çevrilib. Türkiyəyə qaçan bir milyondan artıq Suriyalı qaçqın ölkəni çətin vəziyyətdə qoyub. Əsəd rejiminin PKK terror təşkilatına verdiyi dəstək və Suriyanın şimal-şərqindəki separatçılıq cəhdləri Türkiyənin təhlükəsizliyini təhdid edir. Bəşər Əsədin hakimiyyətdə qaldığı müddətdə Türkiyənin Suriya siyasətini dəyişəcəyini düşünmürəm. Türkiyənin Suriya siyasətini gözdən keçirməsi və problemli nöqtələri aradan qaldıracaq addımlar atması faydalı olacaq. Türkiyə bu məqamda müxaliflərin radikal qruplardan ayrılması və Suriya xalqını təmsil etməsini təmin etməlidir. Türkiyə müxalifətə dəstək verərkən radikalların da bu dəstəkdən faydalanmasının qarşısını almalıdır. Eyni zamanda Ankara Əsəddən sonrakı Suriyanın inşası və ölkənin yenidən təşkil olunması prosesinin də önündə olmalıdır. Hazırkı prosesdə Türkiyənin Suriya siyasətini kökündən dəyişdirməsi mümkün görünmür. 

- Türkiyənin Krım böhranı zamanı ehtiyatlı davranması müşahidə olundu. Bunun səbəbi Ankaranın Moskvadan enerji asılılığıdır, yoxsa Türkiyənin xarici siyasətində bir dəyişiklik baş verir? 

- Türkiyə xarici siyasətində dəyişikliyin olduğunu demək çətindir. Tarixi baxımdan Türkiyənin Rusiya siyasəti tutarlıdır. Cümhuriyyətin qurulmasından sonra Türkiyə Rusiyaya qarşı ölçülü bir xarici siyasət yürüdüb. Eyni zamanda Türkiyə Rusiyanın Ukraynada həyata keçirdiyi siyasəti qəbul etməyib və Krım məsələsində Ukrayna xalqının qərar verməli olduğunu bəyan edib. Türkiyənin enerji məsələsində Rusiyadan asılı olduğu görünür, hazırda Türkiyənin Rusiya ilə önəmli iqtisadi və ticari əlaqələri mövcuddur. Bu səbəbdən Türkiyə Rusiyaya qarşı ehtiyatlı bir siyasi xətt yürdür. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi və edəcəyi sanksiyalarda Türkiyənin mənafeyini diqqətə alması gərəkdir. Sərt çağırışların xarici siyasətdə yerinin olmadığı və Türkiyənin bu mərhələdə müşahidəçidən daha çox ölçülü bir siyasət yürütdüyü görünür.  

- Son bələdiyyə seçkilərində BDP üzvü bələdiyyə sədrləri muxtariyyətdan daha çox danışmağa başlayıblar. Hətta bəzi media orqanlarında “Türkiyə Birləşmiş Dövlətləri” kimi ifadələr keçir. Türkiyəni bu istiqamətdə hansı gələcək gözləyir?

- Bölgədəki böyük şəhər bələdiyyələrini qazanan BDP Türkiyənin Konstitusiya sərhədlərindən çıxaraq muxtariyyat tələblərində israr edir. Türkiyənin tətbiq etmədiyi Avropa Birliyinin yerli hakimiyyətlərin muxtariyyət şərtləri maddələrinin tətbiq olunması şəklində nəticələnə bilər. Türkiyə bu vəziyyətdə bir məcburiyyətə qarşı-qarşıya qala bilər. Türkiyəyə qarşı PKKKCK terror təşkilatının silahlı hücumlarını bir kart olaraq istifadə edirlər. Ancaq mən Türkiyənin unitar dövlət anlayışında bir dəyişikliyin olacağını düşünmürəm. “Türkiyə Birləşmiş Dövlətləri” kimi bir duruma Türk xalqı və bölgə insanlarının icazə verməyəcəyini düşünürəm. Eyni zamanda BDP-nin muxtariyyət mövzusunda bölgədə yerli xalqdan lazımı dəstək alacağını da gözləmirəm. Gələcəkdə bu vəziyyət ciddi problemlərə səbəb ola bilər.

- Türkiyə-İran əlaqələrinin gələcəyini necə görürsünüz? Suriya və digər məsələlər səbəbilə pozulan münasibətlərin yenidən düzəlməsi mümkün olacaqmı? 

- Türkiyə və İran bölgədə iki önəmli güc və rəqibdirlər. İki ölkə arasındakı rəqabət tarixdə olduğu kimi bugün də siyasi, iqtisadi, sosial və mədəni səviyyədə davam etməkdədir. İran bölgədə şiə məzhəbinin yayılması nöqstəsində bir siyasət yürüdür. “Şiə hilalı” layihəsi çərçivəsində İranın bölgədə təsir gücünü artırmağa çalışdığı görünür. İranın Azərbaycan siyasəti də problemlidir. Tehran, Qarabağ məsələsində Ermənistanı dəstəkləməkdə davam edir. Öz ölkəsindəki Azərbaycanlıları təhdid olaraq görən İran hakimiyyəti Ermənistanı dəstəkləməkdə və Azərbaycanı öz nüfuz dairəsində görməkdədir. Suriyadakı daxili savaş Türkiyə-İran münasibətlərinə böyük zərər vurub. Bu prosesdə tək qalan İran Ruhaninin seçilməsindən sonra Qərblə yaxınlaşma siyasəti yürüdüb. İranın nüvə proqramındakı problemlər səbəbilə İran-Qərb yaxınlaşması tam olaraq gerçəkləşməyəcək. Türkiyə-İran münasibətlərində bir yaxınlaşmanın mümkün olmadığı və iki ölkə arasında rəqabətin davam edəcəyini düşünürəm.

- Avqustun 10-da Türkiyədə prezident seçkiləri keçiriləcək. Bu seçkidə AKP-nin namizədi kim olacaq? 

- Mövcud proseslər diqqətə alındığında prezident seçkilərində AKP-nin namizədinin Rəcəb Tayyib Ərdoğan olacağını düşünürəm. Baş nazir Ərdoğanın xalq tərəfindən seçilən ilk prezident olmaq istədiyi də yerli mediada əksini tapmışdı.

- Türkiyə bu ildən prezidentlik üsul-idarəsinə keçir. Bunu necə qiymətləndirirsiniz? 

- BiİLGESAM tərəfindən bu mövzuda önəmli bir çalışma həyata keçirmişik. BİLGESAM-ın hazırladığı məruzədəki nəticələrə baxdığımızda prezidentlik sisteminin xalq tərəfindən dəstəklənmədiyi və parlamentar sistemin Türkiyə üçün daha uyğun bir sistem olduğu görünür. Prezidentlik sisteminin özü ilə gətirdiyi mübahisəli mövzularda tənqidlərdən biri də mövzunun ictimaiyyət arasında yetərincə müzakirə olunmaması və bu mövzuda yetərli çalışmaların olmamasıdır. Prezidentlik sistemini bir çox mövzularda orta səviyyədə dəstəkləyən kürdlər və AKP, BDP seçiciləri belə bu sistemin yetərincə müzakirə olunmadığını və bu mövzuda lazımı işlərin görülmədiyini düşünür. Bu nəticələr AKP və BDP seçicilərinin də önəmli bir hissəsinin prezidentlik sistemini qeyri-müəyyən olaraq qəbul etdiyini və şübhə ilə qarşıladığını göstərir.

 Prezidentlik sistemi ilə bağlı ortaya çıxan və narahatlıq yaradan önəmli nəticələrdən biri isə hər 3 nəfərdən ikisinin prezident üsul-idarəsinin Türkiyəni daha avtoritar hakimiyyətə çevirəcəyi ilə bağlı narahatlıq keçirməsidir. Bundan başqa AKP seçicisi də daxil olmaqla prezident sisteminin Türkiyəni avtoritarizmə aparacağına inananların sayı 44 faizə çatır ki, bu da az rəqəm deyil. Bundan başqa hər iki nəfərdən biri prezidentlik sisteminin ölkədə hakimiyyət qollarının müstəqilliyinə zərər verəcəyini düşünür. Prezidentlik sisteminin Türkiyənin sabitliyinə zərər verəcəyi və cəmiyyətdəki gərginliyi daha da artıracağını düşünürəm. Türkiyənin prezidentlik sisteminə keçidini uğurlu bir addım kimi qymətləndirmirəm.

Kənan Rövşənoğlu

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Dekabr 2018

BÜTÜN XƏBƏRLƏR